Sual: Hud surəsinin 6-cı ayəsində bütün canlıların ruzisi Allaha aid olduğu deyilir. Belə isə niyə bəzi canlılar acından ölür və bir çox insan bir loxma çörək tapa bilmir. Burada bir tərslik yoxdurmu? O zaman belə bir sual yaranır: Allah onların ruzisini niyə vermir ki, acından ölmələrinə səbəb olur?
Cavab: Bəli, Allahın yaratma və idarə etmə qanunu belədir. Hər şeyi bir imkana və səbəbə bağlamışdır. Yəni, yer üzündə bütün canlılara, öz ruzisini əldə etmə imkanı və qabiliyyəti vermişdir. Allahın imtahanı və hikməti ilə bəzi hallarda (quraqlıq, müsibət, xəstəlik kimi) bu imkanlar və səbəblər məhdudlaşır və bəzi canlılar öz ruzisini əldə etməkdə çətinlik çəkərlər. Belə hallarda biz Allahı hesaba çəkəcək deyilik. Allah dünyanı belə yaratmış və Onun bir hesabı var. Qaldı insanların ruzi əldə etməkdə çətinlik çəkmələri; bu hal daha çox Allahın insanlara ruzi verib-verməməsi ilə deyil, insanların bir-biri ilə olan münasibətləriylə ölçülür. Aralarındakı istismar, haqsızlıq, düşmənlik, savaş nə qədər şiddətli isə o qədər çox Allahın ruzisindən məhrum qalırlar. Bu barədə Uca Allah belə buyurur:
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” (Rum 30/41)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/5699.html
https://www.muselmanlar.com/fitvalar/7452.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.