Mömin və Müsəlman
Kəlmələrin lüğət və istilah anlamları
İman və İslam kəlmələri, lüğət baxımından bir-birindən fərqli məna daşıyırlar. İman; inanmaq, güvənmək və səmimi qəlbdən təsdiq etmək mənalarına gəlir. İslam isə; təslim olmaq, boyun əymək, itaət, bağlanmaq və salamatçılıq kimi mənalara gəlir.[1]
Mömin; iman edən və güvənən, Müslim isə təslim olan, bağlanan şəxs mənalarına gəlməkdədir. Hər iki kəlmə dilimizə Ərəb dilindən keçmişdir.
İstilahda; Mömin, Allaha səmimi qəlbdən inanan, göndərdiyi bütün elçilərinə və nazil etdiyi kitablarına , ehtiva etdiyi bütün ayələrə şübhəsiz inanıb güvənən şəxsdir.[2]
Müslim isə; Allahın göndərdiyi dinə səmimi qəlbdən inanıb, əmrlərinə qeydsiz-şərtsiz təslim olan şəxsdir.[3] İnancına vəfa və sədaqət göstərən şəxsdir.[4] Bu yöndən baxdığımız zaman iman və İslam qavramları arasında fərq olsa da bir-birlərini tamamladıqlarını və bir-birinə bağlı olduqlarını görürük. Bilavasitə, Allahın göndərdiyi və İslam olaraq adlandırdığı dinə inanıb güvənənə Mömin, təslim olan şəxsə də Müslim deyilir.
Qurandakı Sayısı və İfadə Forması
Mömin kəlməsi, Qurani Kərimdə yaxlaşıq 220 dəfə, Müslim kəlməsi isə, yaxlaşıq 44 dəfə keçməkdədir. Quranda mömin qavramı, Allaha inanan və güvənən insanın sifəti olaraq ifadə edilməkdədir.
Müslim qavramı, maarifə/bilinən olaraq ifadə edildiyi zaman Allaha inanıb təslim olan insanı tərif etmək üçün, nekrə/bilinməyən olaraq keçdiyi yerlərdə isə Allaha və ya hər hansı bir şeyə təslimiyyəti ifadə etmək üçün işlədildiyini görməkdəyik.[5]
Qurani Kərimdə Allahın istədiyi kimi iman edənə Mömin, əmrlərinə təslim olana Müslim, səmimi, saf, birbaşa qatışıqsız/ixlaslı qulluq edənə də Muxlis deyilir.[6]
Mömin və Müslim Əlaqəsi
Mömin və Müslim, kəlmələrinin mənaları hər nə qədər fərqli olsa da Uca Allah kitabında Mömini kəmiyyət yönündən Müslimdən ayırmaz. Çünki, bir insanın Müslim olması Möminliyinə bağlıdır.[7] Bəzi alimlər, “İman batın, İslam isə zahirdir. Zahirin səhhəti batında olan ilə, batındakinin səhhəti isə zahirdəki ilə təmin edilir. İç çölsüz, çöl içsiz olmayacağı üçün iman ilə islam bir-birindən fərqli şeylər olsa da aralarında ayrılmaz bir bağ vardır”[8] deyirlər. Yəni, bir insanın imanı olmadan İslamı, müsəlmanlığı olmaz. Bunlar ruh və bədən kimi və ya bir medalın ya da pulun fərqli üzləri kimi bir-birlərini tamamlayırlar.[9] Belə ki, Qurani Kərimdə buna aşağıdakı ayələri nümunə verə bilərik:
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ
“Oradaki möminləri çıxardıq.”
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ الْمُسْلِمِينَ
“Onsuz da orada –bir ev xaricində- heç bir müsəlman da tapa bilmədik.” (Zariyat 51/35-36)
İslam alimlərinin bəziləri bu kimi ayələrdən yola çıxaraq, mömin və Müslüm qavramlarından qəsd edilənin eyni şeylər olduğunu, aralarında qavram fərqi xaricində heç bir fərqin olmadığını söyləmişlər.[10]
Əslində bu iki ayəni diqqətlə dəyərləndirdiyimiz zaman eyni insanların iki fərqli xüsusiyyətlərindən bəhs edildiyini deyə bilərik ki, bunlar, həm mömin həm də müsəlmanlardır. Yəni, imanlarının onlara əmr etdiyi təslimiyyəti yerinə yetirən insanlardır.
Mömin və Müslim Qavramları Arasındakı Keyfiyyət və Dəyər Fərqi.
Yuxarıda gördüyümüz kimi Qurani Kərim, mömin və müsəlman olanları kəmiyyət etibarı ilə bir-birindən ayırd etməz (verdiyimiz pul nümunəsində olduğu kimi). Lakin, keyfiyyət yönündən fərqlilikləri olduğunu, yəni bunlar arasında məna, ifadə və dəyər fərqinin vurğulandığını görməkdəyik:
وَقَالَ مُوسَى يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللّهِ فَعَلَيْهِ تَوَكَّلُواْ إِن كُنتُم مُّسْلِمِينَ
Musa dedi ki: “Ey xalqım! Allaha inanmış ve ona təslim olmuş kəslərsinizsə, yalnız Ona güvənib dayanın!” (Yunus 10/84)
Bir başqa ayə: وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُواْ بِي وَبِرَسُولِي قَالُوَاْ آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
Bir gün həvarilərə “Mənə və elçimə inanıb güvənin!” deyə vəhy etmişdim. Onlar da “İnanıb güvəndik, biz Allaha təslim olan/Müsəlman kəslərik; sən buna şahid ol!” demişdilər. (Maidə 5/111)
عَسَى رَبُّهُ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِّنكُنَّ مُسْلِمَاتٍ مُّؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا
“Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.” (Təhrim 66/5)
Ayədə gördüyümüz kimi bir qadında ola biləcək keyfiyyətlər ayrı-ayrı sayılmaqdadır.
Bu kimi ayələrdə mömin olmaqla müsəlman olmağın ayrı şeylər olduğunu, bilavasitə inanan ilə inancının əsaslarını yerinə yetirənə ayrı-ayrı vəsflər verildiyini görməkdəyik.
Mömin və müsəlman fərqi bir çox hədislərdə də ifadə edilməkdədir ki, bunlardan ən məşhuru “Cibril” hədisidir.[11]
Uca Rəbbimiz, Quranda qardaşlıqdan bəhs ediləndə “Möminlər qardaşdır!”[12] deyir. Əgər möminlər yerinə “Müsəlmanlar qardaşdır!” demiş olsaydı, o zaman işimiz çox daha çətin və bu qardaşlığı qorumaq hardasa imkansız olardı. Belə ki, ayədə İslamın əsaslarından birini yerinə yetirməyən, məsələn; namaz qılmayan, oruç tutmayan və ya içki içən, günah işləyən hər hansı bir mömin yenə də bizim qardaşımız olduğu bildirilməkdədir.
- Aralarındakı dəyər fərqindən bəhs edərsək: Müsəlmanlıq, mömin olduqdan sonra ortaya çıxan bir xüsusiyyət olduğu üçün Qurani Kərimdə əvvəlcə mömin olmaq, sonra isə müsəlman olmaq vurqulanmaqdadır. Təkcə iki yerdə istisnası olduğunu görməkdəyik. Bunun da səbəbi iki keyfiyyət arasındaki dəyər fərqidir. Yəni aralarındakı üstünlük, dəyər fərqinə toxunulduğu zaman müsəlmanlıq öncə yer almaqdadır. Mövzu ilə əlaqəli Təhrim surəsi 5-ci ayəni yuxarıda göstərdik. Digər ayə isə belədir:
إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
“Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbrli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.” (Əhzab 33/35)
Diqqətimizi çəkən xüsuslardan biri də budur: Uca Allah bir çox ayədə son nəfəsimizi müsəlman olaraq verməyimizi tövsiyə etməkdədir:
وَوَصَّىٰ بِهَآ ابراهيم بَنِيهِ وَيَعْقُوبُ يَٰبَنِىَّ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ
İbrahim də Yəqub da bunu övladlarına vəsiyyət etmişdi. Dedilər ki, “Övladlarım! Allah sizin üçün bu dini seçdi, siz də ancaq müsəlman olmadan (Allaha təslim olmadan) ölməyin!” (Bəqərə 2/132)
Halbuki möminlərlə əlaqəli isə belə bir ayə mövcud deyildir.
İki Mömin Arasındakı Fərq
Hər kəsin imanı var və çoxu öz imanının möminidir. Hər kəs bir şeyə təslimiyyət göstərir və çoxu təslim olduğu şeyin müsəlmanıdır. Bu səbəblə hər iman edən Qurani Kərimin vəsfləndirdiyi cəhətdən mömin, hər təslimiyyət göstərən müsəlman, hər ibadət edən də muxlis ola bilməz. Uca Allah, Bəqərə surəsi 253-ci ayəsində elçilər arasında dərəcə fərqinin olduğunu söyləməkdədir. Eyni ilə bu dərəcə fərqinin biz möminlər arasında da olduğunu görməkdəyik. Əlaqəli ayələrdən biri belədir:
“Möminlərdən üzrlü səbəbi olmadan (cihada getməyib) oturanlarla, malları və canları ilə Allah yolunda cihad edənlər/cəhd edənlər bir olmaz. Allah, malları və canları ilə cihad edənlərin dərəcəsini (cihada getməyib) oturanlardan üstün tutmuşdur. Hərçənd Allah hamısına ən gözəl olanı vəd etmişdir. Ancaq Allah böyük mükafat yönündən cihad edənləri, (cihada getməyib) oturanlardan üstün tutmuşdur.” (Nisa 4/95)
Ayədən gördüyümüz kimi, möminlər arasında dərəcə fərqi vardır. Uca Allah, inancının gərəyini yerinə yetirənə yəni, Allahın buyruqları ilə əməl edənə də etməyənə də Quranda mömin deyir. Çünki bir şeyi edib etməmək, insanın inancından qaynaqlanır.
Müsəlman olmaq üçün əvvəlcə mömin olmaq lazımdır. Ancaq hər mömin məcburi olaraq müsəlman olmaz. Müsəlman ola bilməsi üçün imanında başqa keyfiyyətlərin yəni, təslimiyyətin də olması lazımdır. Başqa sözlə desək, iman edən biri, ona bu imanın yüklədiyi məsuliyyətləri icra etməsi lazımdır. Əksi təqdirdə onun müsəlmanlığından bəhs edilə bilməz.[13]
Allaha inanıb güvənən/mömin bir insanın inandığı bir şeyə əməl etməməsi, onu mömin olmaqdan çıxarmaz. Allaha inanıb güvənməyən/kafir bir insanın inanmadığı şeyə əməl etməsi də onu nə mömin nə də müsəlman etməz. Möminlərin etdiyi əməli etməklə özünü mömin ya da müsəlman saya bilər və ya cəmiyyət onu mömin və müsəlman olaraq görə bilər. Lakin bu görüntü və əməli onun həqiqətdə kim olduğunu dəyişdirməz. Belələrini Allah kitabında münafiq olaraq vəsfləndirir.
Qurani Kərimdə mömin deyilən insanlar arasında olan dərəcə fərqinin müslüm deyilən kişilərdə olmadığını görürük. Belə ki, təqvalı və ədalətli möminlər olduğu kimi təqvasız, ədalətsiz, günahkar möminlər də olur. Lakin müsəlman olanlarda bu kimi fərqli xüsusiyyətlərin olduğundan bəhs edilməz. Belə ki, bir mömin zalım, qatil, zani, oğru ola bilər. Amma bir müslümlə əlaqəli Qurani Kərimdə zalım, qatil, zani, oğru kimi qavramlar işlədilməməkdədir.[14] Çünki el-Müslüm, Qurani Kərimdə imanın əsaslarını yəni İslamın şərtlərini yerinə yetirən şəxsə verilən bir isimdir.
Bunu da əlavə edək ki; İmandan qaynaqlanmayan əməlin Allah qatında qiyməti olmaz. Ancaq imanın şərtlərini özündə daşıyan biri isə, əməli olmasa da mömindir.[15] Bilavasitə, “mömin” olmaq “Müslüm” olmaqdan daha geniş qavramlardır. Yazılanların daha yaxşı başa düşülməsi üçün aşağıdakı tablonu təqdim edirik:
Tabloda görüldüyü kimi; hər Müslüm eyni zamanda mömindir amma hər mömin Müslüm olmaya bilər. Yəni, bir mömin İslamın əmrlərindən birini yerinə yetirmədiyi və ya bir günah (şirk xaric) işlədiyi təqdirdə İslamdan çıxmış sayılmaz lakin günahkar bir mömin olur. Bunu yuxarıdaki ayələrdən də gördük.
Buna görə, keçmişdən günümüzə qədər sürdürülən; “Əməl imandan bir cüzdür və ya deyildir” kimi mübahisələrin yersiz mübahisələr olduğu qənaətindəyik.[16] Bu eyni ilə bir alma ağacının meyvə verəndə alma ağacı olduğunu, verməyəndə isə alma ağacı olub-olmadığını mübahisə etməyə bənzəyir.
Mömin və Müslim Qavramı ilə Əlaqəli Mübahisələrin Təməlində Yatan Ayə.
İslam alimlərinin böyük əksəriyyətinin Mömin və Müslim qavramını səhv dəyərləndirmələrinin təməlində yatan əsas səbəb, bu ayənin doğru təqdim edilməməsi və doğru təfsir edilməməsidir. Belə ki, bir çoxu ayəni belə səhv təqdim edərlər:
قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
“Bədəvi ərəblər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz iman gətirmədiniz! Ancaq: “İslam olduq/müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (Hucurat 49/14)
Müfəssirlərin bir çoxu bu ayəni ümumiyyətlə belə yorumlayırlar: “Ayə, İslam və ya müsəlman olmuş lakin, qəlblərinə daha iman yerləşməmiş və mömin olmamış bədəvi ərəblərlə əlaqəlidir”. deyərlər.[17]
Bir çox təfsir və hədis mənbələrində ayə ilə əlaqəli bu rəvayətlər yer almaqdadır: Ayədə iman iddiasında olan bədəvilərin mömin olduqları ilə əlaqəli iddialarının rədd edilərək islam/Müslüm olduqları ifadə edilmişdir. Bunu əsaslandıran Hz. Peyğəmbərin bir tətbiqatıdır: Sad b. Əbu Vəqqasın (55/764) bildirdiyinə görə, Rəsulullaha bir qrup insan gələrək qənimətdən pay istədilər. O, biri xaric gələnlərin hamısına verdi. Bunun üzərinə Sad: “Ey Allahın elçisi! Onların hamısına verdin, təkcə birini ayırdın. Allaha and olsun ki, o, mömindir.” deyincə Rəsulullah, “Xeyr o Müslümdür.” cavabını verdi.[18] Bu rəvayətdə mömin qənimətdə haq sahibi olduğu halda, müsəlmanın eyni haqqa sahib olmaması, imanın İslama üstünlüyünü açıq-aşkar göstərməkdədir,[19] deyərlər.
Bu düşüncədə olan Müfəssirlər, ayəyə verdikləri mənadan bu nəticəyə gəlmişlər: “İman xüsusi, İslam isə ümumidir. Hər mömin, müsəlman olduğu halda; hər müsəlman mömin olmaya bilər. Bunun üçün hər mömin eyni zamanda müsəlmandır. Lakin hər müsəlman, mömin deyildir.[20] Bilavasitə İslam daha geniş bir dairə olduğu halda, iman bu dairənin içində daha kiçik bir dairədir. “Zinakar, mömin olaraq zina etməz; oğru, mömin olaraq oğurluq etməz; içki içən, mömin olaraq içməz.”[21] hədisi bu düşüncələrini təsdiqləyici mahiyyətdə yorumlanmaqdadır. Buna görə, insan bu feilləri işlədiyi zaman iman dairəsindən çıxaraq İslam dairəsinə keçid etməkdədir.[22] Beləliklə “İman xüsusi, İslam isə daha ümumidir/ أَنَّ الْإِيمَانَ أَخَصُّ مِنَ الْإِسْلَامِ”, demişlər.[23]
Kəlamçıların çoxu da müfəssirlərin ayəyə verdikləri mənadan yola çıxaraq, hardasa eyni görüşü mənimsəmişlər. Maturidiyə görə, “iman və islam, qavram olaraq fərqli olsa da nəzərdə tutulan şeyin eyni olduğunu və ayrı-ayrılıqda mövcud ola bilməyəcəklərini” desə də imanın islamdan daha geniş olduğunu ifadə etmişdir.[24] Əşariyə görə, “islam, imandan daha geniş və əhatəli olduğu üçün ehtiva etdiyi bütün əsasları etibarı ilə islam, iman deyildir.”[25] demişdir. Rafizilərə görə də “bəzi insanlar, müsəlman olmaqla bərabər mömin deyildir.” demişlər.[26]
Bütün bu yanlış və Qurana zidd dəyərləndirmələr, yuxarıdakı ayəni səhv anlamlandırmağın nəticəsi olduğunu görməkdəyik. Çünki, ümumiyyətlə görüşlərini böyük ölçüdə bu ayə çərçivəsində dəyərləndirmiş və Sad b. Vəqqasdan gəldiyi iddia edilən rəvayəti də ayənin açıqlaması olaraq görmüşlər. Halbuki, Buxari bu ayəni həqiqi mənada İslam olaraq yorumlamamaqda, əksinə, öldürülmə qorxusu ilə və ya başqa bir səbəblə “təslim olmaq” olaraq dəyərləndirməkdədir.[27] Nəticə etibarı ilə burada nə İslam olduqlarına nə də müsəlman olduqlarına dair bir işarət yoxdur.
Allahın istədiyi kimi inanıb güvənmədən və təslimiyyət göstərmədən bir insanın müsəlman olması mümkün deyildir. Bu səbəblə Qurani Kərimdə olduğu kimi iman etməyənlərin özlərini müsəlmanlardan görməyin böyük bir xəta olduğu vurğulanmaqdadır. Beləliklə, ayənin doğru məalının bu şəkildə olması lazımdır:
“Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. De ki: “Siz iman gətirməmisiniz. Ancaq, “Biz (sizə) təslim olmuşuq!”[28] – deyin. İman hələ sizin qəlblərinizə girməmişdir. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”. (Hucurat 49/14)
Bu ayə, Allaha təslim olmaqla möminlərə təslim olmağın fərqli şeylər olduğunu, belə ki, möminlərə təslim olmağın onlara qatılmağın hətta eyni cərgədə savaşmağın, bir insanın qəlbinə iman girmədikcə möminlərdən və ya müsəlmanlardan olmacağını göstərməkdədir.
Ayədə sözü keçən “bədəvi ərəblər” müsəlmanların üstünlüyünü, gücünü görmüş və qorxduqları üçün onlara təslim olmuş, amma iman etməmiş insanlardır. Əgər Allaha təslim olmuş olaydılar, ayədə “iman etmədiniz” deyilməzdi. Üstəlik bu ayədə, “Biz İslam və ya müsəlman olduq” deyə bir ifadə yer almış olsaydı, onda Nisa surəsi 94-cü ayəsinə də səhv olaraq verdiyiniz məna, təfsir və rəvayətlərə tərs düşdüyünüzü xatırladaq.[29] Halbuki ziddiyyət bu iki ayədə deyil, ənənə dini mənsublarının verdikləri məna və təfsirlərdə olduğu açıq-aşkar görülməkdədir:
وَلَا تَقُولُوا لِمَنْ اَلْقٰٓى اِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًاۚ
“…Sizə salam verənə/ Sizə barış təklif edənə siz Mömin deyilsiniz deməyin!…”
Bu ayədə möminlərin, özlərinə hər hansı bir probelm çıxarmayan, barış ya da Allahın salamı ilə gələn birinə sui-zənn bəsləyərək, ona “sən mömin deyilsən!” demək ya da onu əsir almaq, öldürmək kimi yollara baş vurmamaları tövsiyə edilməkdədir.
Beləliklə, Hucurat surəsi 14-cü ayəsindəki “اَسْلَمْنَا/təslim olduq” feilinin səhv anlamlandırılması nəticəsində mömin və Müslüm qavramları cəmiyyətə səhv çatdırılmışdır. Elə buna görə də Allaha inanan və ya İslam dinini qəbul edən lakin bu inancının əsaslarını böyük ölçüdə yerinə gətirməyən cəmiyyətlərə “mömin cəmiyyət” demək yerinə, yayğın olan bu xətalı ifadələr “müsəlman cəmiyyət” sözləri yer almaqdadır.[30] Halbuki Allaha inanan mömin cəmiyyətlərin çoxu, imanlarınn onlara sövq etdiyi təslimiyyəti göstərmədikləri üçün yəni müsəlman olmadıqları üçün yaxşı nümunə ola bilməmiş və tənqid edilmişlər. Bu cür tənqidlər, ən çox Rəbbimiz tərəfindən Yəhudilərə və münafiqlərə yönəlik olmuşdur:
“İnsanlardan “Allaha inanıb güvəndik” deyənlər vardır. Amma Allah uğrunda əziyyət gördükləri zaman insanların verdiyi əziyyəti, Allahın əzabı imiş kimi sayarlar. Rəbbindən bir yardım gəlsə o zaman da “Biz də sizinlə bərabərik!” deyərlər. Allah, hər kəsin içində olanı ən yaxşı bilən deyilmi? (Ənkəbud 29/10)
Özlərindən istənildiyi kimi iman etmədən müsəlmanların arasına qatılıb özlərini onlardan göstərənlər, hər dövrdə mövcud olmuş və bunlar, başda Allahın elçilərinə olmaq üzrə, müsəlmanlara həmişə problem yaratmaya çalışmış, İslama zərər verməkdən, fitnə çıxarmaqdan geri durmamışlar. Bu kimilərini xəbər verən ayələrdən biri belədir:
يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُل لَّا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُم بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَ
“Müsəlman oldular deyə səni minnət altında tuturlar. De ki: “Müsəlman oldunuz deyə məni minnət altında tutmayın. Əgər (müsəlman olma xüsusunda) dürüst isəniz, imana qovuşdurduğu üçün sizi əsl Allah minnət altında tutar.” (Hucurat 49/17)
Bu ayədə ifadə edilən və ya buna bənzər fitnə qrupları, Rəsulullah vəfat etdikdən sonra getdikcə güclənmiş və möminlər arasında daxili münaqişələrə, müharibələrə səbəb olmuşlar. Nəticədə, ortaya çıxardıqları fitnələrin köməyi ilə möminlərin mövcud hakimiyyətini ələ keçirmiş və eyni zamanda özlərini həm möminlərin əmiri həm də dinin sahibi olaraq görmüşlər. Əldə etdikləri bu güclə, dində Allahdan başqa bir çox səlahiyyət sahibi və Qurandan əlavə bir çox mənbələr icad etmişlər.
Rəsulullah və səhabə dövründə nümunə olan müsəlmanlar artıq əsrlərdir nümunə alınmayacaq vəziyyətə düşmüşlər. Bununlar bərabər, Qurandakı bir çox qavramların mənaları təhrif edilmiş, ayələrin ayələrlə açıqlanması metodu tərk edilmiş və Quran başa düşülməsi çətin bir kitab halına dönüşdürülmüşdür. Bu qavramlardan biri də üzərində çalışdığımız və sizə təqdim etdiyimiz “Mömin və Müslüm” qavramlarıdır.
Uca Rəbbimiz, bizi dinin və qavramların haqqını verən bəndələrindən eyləsin!
MÜƏLLİF: Aydın Mülayim (Müsəlmanlar.com saytının redaktoru, Araşdırmacı yazar)
[1] İbn Mənzur, Lisanul-Ərəb; İsfahani, Müfrədat.
[2] Bax: Bəqərə 2/285; Enam, 6/82-89.
[3] Bax: Bəqərə 2/136; Ali İmran 3/84.
[4] İslam, davranışlarla imana vəfa və sədaqət göstərməkdir. (İsfahani, “Müfəradat”)
[5] Bax: Bəqərə 132-133, 136, Ali İmran 52, 64, 84, 102, Maidə 111, Əraf 126, Ənbiya 108, Hud 14, Yunus 84, Nəml, 38, 42, 81, Qasas 53, Rum 53, Hicr 2, Ənkəbud 46, Zuxruf 69.
[6] Bax: Mömin, 40/14, 65; Bəyyinə, 98/5. Muxlis; səmimi, tər-təmiz, mayasında qarışığı olmayan yəni sırf Allahın boyası ilə boyanmış biridir.
[7] Bunun nümunəsini Qurani Kərimdə çox keçən İblis qissəsində görə bilərik. İblis, Allaha necə lazımdırsa inanıb güvənmədiyi üçün, imtahan ediləndə Müslim/təslim olmadığı da ortaya çıxır. Nəticədə üsyan edir və kafirlərdən olur: Mələklərə “Adəmə səcdə edin/təzim edin!” dediyimiz zaman İblis xaric o anda əyildilər. İblis imtina etdi, kibirləndi və kafirlərdən oldu”. (Bəqərə 2/34)
[8] Əbu Hənifə, əl-Fiqhul Əkbər, s.75; Halimi, Huseyn b. Həsən, Kitabul-Minhac fî Şuabil-İman, thk: Halimi Muhammed Fude, Beyrut 1979, c. 1/44.
[9] Xülasə olaraq mövzunu bu cür misalla da izah edə bilərik: Qəpiklərin hamısının arxa üzündə eyni simvol olur. Ancaq öz üzündəki yazılan rəqəmlərə görə dəyərləndirilir. Simvolu olmayan qəpiklər isə saxta sayılır. Möminlik və Müsəlmanlıq da belədir. Möminliyi olmayanın elədiklərinin Allah qatında, eyniylə arxasında simvolu olmayan qəpik kimi, dəyərsiz olduğu bir çox ayədə vurğulanmaqdadır. Mömin olan isə, hansı ölçüdə təslimiyyətini göstərmiş və nə kimi əməlləri olmuşsa ona görə Allah qatında dəyər qazanır.
[10] Maturidi, Kitabut-Tövhid, s. 492-493.
[11] Buxari, İman 37; Müslüm, İman, 1.
[12] Hucurat 49/10.
[13] Izutsu, İslam Düşüncəsində İman Qavramı, s. 80.
[14] Müslüm ifadəsi Quranda Allaha təslim olmuş insanı ifadə etmək üçün işlədilir. Müsəlmanla əlaqəli neqativ bir ifadənin keçməməsi normaldır. Necə ki, “ədalətli olmayan adil” və ya “Allahı bir görməyən muvahhid” deyilməyəcəyi kimi, “Allaha təslim olmayan müsəlman” da deyilməz.
[15] Əlbəttə Qurani Kərimdə şirk qoşmayan bir möminin bağışlanması vurğulansa da bu bütün möminləri ehtiva etməz çünki ayədə: ““لِمَن يَشَاء /dilədiyi (layiq olan) kimsə üçün bağışlayar.” buyurulmaqdadır.
[16] İmam Maturidinin “Mömin və kafir” ilə əlaqəli verdiyi nümunə təqdir edilir: Maturidiyə görə imanın özü həqiqəti təqdiqdən ibarət olub, yeri qəlbdir. Dili ilə söylədiyi halda qəlbiylə təsdiq etməyən kəs, münafiq və ya kafirdir (Subki, 2000, 31.) Lakin qəlbi ilə iman etdiyi halda, başqası tərəfindən zorla küfrü dilə gətirərsə, həmin şəxs yenə də mömindir. (Nəhl 16/106)
[17] Bax: İbn Kəsir, Təfsirul Quranil Azim; Təbəri, Camiul Bəyan.
[18] Buxari, “İman 27”; Müslüm, “İman 1”.
[19] Əşari əl-İbanə, s. 10; İbn Teymiyyə, Məcmüul-Fetava, c. 7, s. 10.
[20] əl-Bakıllanî, Qazi Əbu Bəkir Muhəmməd b. ət-Tayyib, Kitabut-Temhidul-Evail ve Telhisud Delail, Beyrut 1987, s. 392.
[21] Buxari, Mezalim, c. 3, s. 107, Hudud, c. 8, s. 13, 15; Müslüm, İman, c. 1, s. 76-77.
[22] Əhməb ibn Hənbəl, “Kitabus-Sünnə, s. 311, 352. İbn Teymiyyə də eyni görüşdədir: Hər mömin müsəlmandır amma hər müsəlman mömin deyildir. Sonra da öz sözünə tərs düşərək bunları deyir: İman, İslamı ehtiva edər. Çünki İslam, itaət feilləri anlamına gəlir. İtaət feilləri olaraq əməl də imana daxildir. İslam, imanın bir bölümüdür. (İbn Teymiyyə, “Məcmuul-Fətava, c. 7, s. 10)
[23] Bax: İbn Kəsir, Təfsirul Quranil Azim; Fəxrəddin Razi, “Məfatihul-Ğayb”, Hucurat surəsi 14-cü ayənin təfsiri.
[24] Maturidi, Kitabut-Tövhid, s. 492-493; Geniş məlumat üçün bax: Yrd. Doç. Dr. Hilmi Karaaağaç, “Etiqadi Məzhəblərdə İman-İslam Əlaqəsi”.
[25] Əşari, əl-İbanə, s. 10.
[26] Əşari, “Məqalətul-İslamiyyun və İxtilaful Musallin”, Beyrut 1995, c.1, s. 125.
[27] Buxari, “İman 19”.
[28] “Təslim olduq” ifadəsi, “Allaha təslim olmaq” mənasına gəldiyi kimi, “barışa girmək” mənalarına da gəlir (Müfrədat). Belə ki Səbə Məleykəsi Bəlqis öz taxtının Süleymanın yanına gətirildiyini görəndə belə demişdi: “Sizdəki bu elm barədə bizə xəbər verilmişdi. Biz də təslim olduq.” (Nəml 27/42)
[29] Bu ayə ilə əlaqəlibir çox müfəssirlər; özlərinə “biz müsəlmanıq” və ya “biz möminik” deyə gələnləri öldürdükləri üçün “İslamla/salamla gələnə, sən mömin deyilsən deməyin!” ayəsi nazil olmuşdur, deyərlər. Sonra da Hucurat surəsi 14-cü ayədə Allahın: “İslam olduq deyin! Siz hələ müsəlman olmadınız.” dediyini iddia edərək, öz-özlərinin fikirlərinə tərs düşürlər. Yəni, bir ayədə Allah “İslam olana mömin deyilsiniz!” deyəcək, digər ayədə də möminlərə “İslam olana mömin deyilsən, deməyin!” deyə azarlayacaq?
[30] Hər hansı bir cəmiyyətə “içində müsəlmanlar yaşayan mömin bir cəmiyyət” deyə bilərik. Lakin, “içində möminlər yaşayan müsəlman bir cəmiyyət” deyə bilmərik. Çünki bu, kəlmələrin həm lüğət həm də ehtiva etdiyi məna yönündən doğru deyildir. Bax: Ali İmran, 3/102-104.