Müsəlmanlar

Bir insanın yerinə yetirmədiyi ibadəti bir başqası yerinə gətirə bilərmi?

Sual: Bir söhbətdə dediniz ki, bilə-bilə səbəbsiz tərk edilən namazların, orucların qəzası olmaz. Amma bu yaxında bir dostum mənə dedi ki mən, nəinki özümün hətta valideynlərimin qılmadığı namaz və oruclarını qəza edirəm. Bu nə dərəcədə doğrudur?

Cavab: Bəli, özürsüz bilərək tərk edilən namazın və orucun qəzası olmaz. Belə bir səhvi buraxan insan, ömür boyu namaz qılsa və oruç tutsa, tərk etdiyi o namaz və orucun yerini doldura bilməz. Görəcəyiniz ən gözəl iş belə bir halda; tövbə etməli və bir daha bilərək tərk etməməyə çalışmalısınız.

Qəza, adı üstündə, üzrlü səbəb olarsa tərk edilir, bu səbəblər ortadan qalxanda isə yerinə yetirilir.

Əgər bir insan namazını ya da orucunu hər hansı üzrlü səbəbdən yerinə yetirə bilməyib ölübsə, Allah onun edə bilmədiyi gücü çatmadığı bir şeydən ötrü sorumlu tutmaz. Yox əgər səbəbsiz yerə tərk edibsə də artıq hesabını Allaha verəcək. Çünki hərkəs etməsi lazım olub etmədiklərindən hesaba çəkiləcək.

Yaşadığı müddətcə hər hansı bir namazı qəsdən tərk edən biri, tövbə etməli və bir daha tərk etməmək üzrə söz verməlidir. İnşallah tövbəsində səmimi olarsa, Allah onun keçmişdə tərk etdiyi ibadətini əfv edər. İbadət, insanın insana olan borcu deyil ki, onu borçlu vermədiyi və ya verə bilmədiyi təqdirdə başqası onun yerinə versin.

İnsanların bu kimi şeylərə inanması, din xadimləri tərəfindən onlara peyğəmbər və imamlar adından təqdim etdikləri rəvayətlərdən qaynaqlanır:

“Kim, üstündə oruc borcu olaraq ölərsə, vəlisi onun yerinə oruc tutsun.” (Buxari; Müslim)

Şiə, din xadimlərindən Sistani: Əgər ata namazını qılmazsa, ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun.

Peyğəmbərə və imamlara nisbət edilən bu uydurma rəvayətlərin Kitabımızda, bir dənə dəlili yoxdur. Tam tərsinə, onların bu iddialarını çürüdəcək yüzlərlə ayə var[1]:

“Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideyni naminə heç bir şey ödəyə bilməyəcəyi gündən çəkinin. Bilin ki, Allahın vədi bir həqiqətdir. Olmaya, bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.” Loğman, 31/33

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1773.html

https://www.muselmanlar.com/fitvalar/13732.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bunlardan bir neçəsi: İsra, 17/15; Müddəssir, 38; Nəcm 39.