Sual: Mən evli biriyəm. Namaz qılıram amma təsəttürlü biri deyiləm. Ərim namaz qılandır, o, məni təsəttürlü olmağa və başörtüsü geyinməyə məcbur eləmir. Sadəcə çox qısqanc biri olduğu üçün geydiyim dar qiyafətlərdən xoşlanmır və mənə daha münasib bir şey geyməyimi söyləyir. Allah rizası üçün düzünü deyin: Ərim mənim qiyafətimə qarışa bilərmi?
Cavab: Başörtüsü eyni zamanda Allahın əmri olduğu üçün bir inancı təmsil edir. Sizin bu inancınıza, başınızı örtüb örtməməyinizə, namaz qılıb qılmamağınıza əriniz də daxil heç kim qarışa bilməz. Sadəcə tövsiyə verə bilər. Lakin, boynunuzdan aşağı haram yerləriniz, həm fitri/təbii həm də sosial problemlər yaradan və ərinizi də birbaşa əlaqələndirən bir məsələ olduğu üçün başqalarına sərgiləmənizə əlbəttə etiraz edə bilər. Çünkü siz artıq onun arvadısız. Arvad, ərəbcə “övrət” sözündən götürülmüş və bir insanın “boynu ilə diz qapağı arasındaki yerinə” övrət deyilir.[1] Bir kişinin arvadı deyiləndə, həmin boyun və diz qapağı arasındaki nahiyənin sadəcə həmin kişiyə məxsus olduğu nəzərdə tutulur. Yəni arvad, bir kişinin övrəti, ar-abırı, halalı deməkdir. Əgər bir kişi öz arvadının abırsız gəzməsinə göz yumursa, deməli əri də abırsız biridir.
Uca Rəbbimiz: “Ər və arvad bir-birlərinin libası/örtüsüdür”– buyurmaqdadır (Bəqərə 2/187). Bu örtüdən, həm maddi həm mənəvi qorunma və ehtiyaclar nəzərdə tutulur.
Qısqanclığa gəlincə, qısqanclıq hər insanın fitrətində/təbiətində vardır. Belə bir keyfiyyəti olmayan insanların və cəmiyyətlərin əxlaqı çökər. Lakin, həddən artıq qısqanclıq da insanın həm özünə həm də başqasına zərər yetirməsinə və münasibətlərə xələl gətirməsinə səbəb olur. Belə insanlar haqsızlığa, zülmə meyl edərlər.
Bu səbəblə biz, bir müsəlman olaraq Quranın bizə əmr etdiyi ölçülərə rəayət etməli, geyim-keçimdə nə həddi aşıb üz gözümüzü örtməməli, qarşı cins olan yerdən qaçmağa çalışmamalı, nə də naməhrəm yerləri yad insanlara sərgiləməyə və xəlvəti yerdə onlarla baş-başa qalmaya çalışmamalıyıq.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/elanlar-xeberler/6793.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Kişilərdə bu nahiyə, göbək və diz qapağı arasıdır.