Müsəlmanlar

Əmirə itaət, Allaha və Onun elçisinə itaətdirmi?

Sual: Dövlət başçısına itaətlə əlaqəli söhbət açılanda peyğəmbərimiz əleyhissəlamdan belə bir hədis nəql edirlər: “Əmirə itaət elçiyə itaət, elçiyə itaət Allaha itaətdir.” Şiə məzhəbində də buna bənzər rəvayəti imamlarla əlaqələndirərək: “İmamlara itaətin Allaha itaət” olduğunu qeyd edirlər. Biz nəyə, kimə itaət etməli və bunun ölçüsü nə olmalıdır. Qurani Kərim bu barədə nə deyir?

Cavab: Əlbəttə ki, ölçü Allahın kitabı olmalı və biz hər hansı bir rəvayətlə, məsələylə qarşılaşdığımız zaman onu bir müsəlman olaraq Allahın kitabına götürməliyik. Görək bu barədə Allahın kitabı nə deyir? Bizə yaxşı məlumdur ki, bizdən əvvəlki din mənsubları hər hansı dini bir problemlə üzləşdikləri zaman onu Allahın kitabına deyil, öz din xadimlərinə və onların icad etdikləri mənbələrə götürmüş, nəticədə Allahın dinini təhrif etmiş və müxtəlif firqələrə bölünmüşlər. Eyni vəziyyətin İslam aləmində də mövcud olub-olmadığını bilmək üçün müsəlmanların Qurana olan baxış tərzinə, dini öyrənmədəki metoduna və məzhəblərindəki mənbərlərinə baxmağımız kifayətdir.

İlk əvvəl bu kimi problemlərin hardan qaynaqlandığını görmək üçün Nisə surəsinin 59-cu ayəsinə nəzər yetirək:

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə. Bir şey haqqında mübahisə etsəniz, onu Allaha və Elçisinə götürün. Əgər Allaha və Axirət gününə inanırsınızsa (belə edərsiz). Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”

Burada Allaha və Elçisinə qeydsiz-şərtsiz itaət etmək əmri verildikdən sonra, “özünüzdən olan rəhbərlərə” ifadəsiylə də bir qeydə-şərtə bağlı olan itaətdən bəhs edilməkdədir.[1] Sonrasında “Əgər bir şey haqqında mübahisə etsəniz, o şeyi Allaha və Elçisinə götürün.” ifadəsindən qəsd edilən mübahisə, Allahla ya da elçisi ilə insanlar arasında olan mübahisə deyil, insanların rəhbərləriylə və ya özləri arasındakı mübahisədir. Çünki digər ayələrdə insanların Allaha və elçisinə qeydsiz-şərtsiz itaət etməkləri əmr edilməkdədir.[2]

Bu ayədə eyni zamanda möminlərin idari məsələlərdəki rəhbər və məmur əlaqələrindən, əmr və itaət ölçülərindən bəhs edilməkdədir. Bilavasitə hər hansı bir məsələdə möminlər arasında əmr və itaət problemi yaşanırsa, bu problemin həllində ölçünün Allah və elçisi olması lazım olduğu vurğulanmaqdadır.[3] Əslində “Allaha və Elçisinə götürün” ifadəsi, öz etibariylə bir tək mənbəyə (Qurana) işarət etməkdədir.

Elçi öz sözünü deyil, başqasının sözünü çatdıran şəxsdir. Allahın elçisi də Allahın sözünü çatdırdığı üçün burada qəsd edilənin vəhydən başqası olmadığı aydındır. Nəticə etibariylə, bir şeydə mübahisə etdiyiniz təqdirdə, məsələni rəhbərlərə ya da bir başqasına deyil, -çünki belə bir şey deyilmir- təkcə Allaha və elçisinə müraciət etməyimiz yəni, Allahın kitabına götürüb həll etməyimiz əmr edilməkdədir.[4]

Bu ayənin bir başqa mütəşabihi/bənzəri Şura surəsi 10-cu ayəsində verilməkdə və ixtilafa düşən möminlərin təkcə Allahın hökmünə uymaları lazım olduğu bildirilməkdədir:

“İxtilaf etdiyiniz hər şeyin hökmü Allaha aiddir. Bax bu, Rəbbim Allahdır. Yalnız Ona güvəndim və sadəcə Ona üz tuturam.”

Quranın hökmlərini ölçü götürən və onu olduğu kimi həyatlarına tətbiq edən səhabədən də bu mövzuda bir çox rəvayət nəql edilməkdədir. Məsələn siyər/tarix kitablarının çoxunda müsəlmanların ilk əmiri seçilən Əbu Bəkrin minbərə çıxıb belə bir xütbə verdiyi rəvayət olunur:

“Mən, Allaha və elçisinə itaət etdiyim müddətcə siz də mənə itaət edin. Allah və elçisinə üsyan etdiyim zaman mənə itaət etməyin. Özüm və sizin üçün Allahdan əfv və məğfirət diləyirəm.”[5]

Təəssüf ki, səhabənin bu cür tövsiyələrinə və Allahın ayədəki açıq-aydın əmrinə yəni, “mübahisəni Allaha götürün” deməsinə baxmayaraq, başda Diyanət Vəqfi Quran məalı olmaq üzərə Quran məallarının çoxu bu ayəylə əlaqədar belə bir dipnot əlavə etmişlər: “Ayə, müsəlmanların bilik və hökm mənbələrini sıralamış və sonradan Kitab, sünnə, icma və qiyas şəklində sıralanan mənbələrin əsasını qoymuş, mübahisə olarsa, həllinin bu mənbələrə başvurularaq ortadan qaldırılması əmr olunmuşdur.”

Bu ayələri öz əqidələri əsasında şərh edən Şiə də fərqli mənbələr icad etmiş, məsələni mərcii təqlidlərinə[6] götürmələri göstərilmiş[7] və Quranın əmr etdiyi üsulu tərk etmişlər. Nəticə etibariylə, hər iki məzhəb, insanların Allaha itaət etməsini öz imamlarına itaət etmə şərtinə bağlamış və aşağıdakı rəvayəti buna dəlil olaraq götürmüşlər:

“Əmirə itaət elçiyə itaət, elçiyə itaət Allaha itaətdir.”[8] Məzhəblərin hədis deyə təqdim etdikləri və sistemləşdirdikləri bu rəvayət, əslində ayənin davamına göz yummaq və Allahın təqdim etdiyi qaydanı mənasız görməkdən ibarətdir. Eyni zamanda Qurandakı tövhid anlayışına zidd olan bu rəvayət, əmirləri/rəhbərləri ilahlaşdırmağa gətirib çıxarır.

Buna bənzər hədis deyə rəvayət edilən bir başqa cəfəngiyyat da belədir: “Məndən sonra başınıza hidayət və sünnəm üzərə olmayan idarəçilər gələcəkdir. Onların arasında qəlbləri  şeytanların qəlbi, bədənləri isə insan kimi şəxslər olacaqdır. Mən, ey Allahın rəsulu, əgər onların dövrünə qədər yaşasam nə edim deyə soruşdum: Dedi ki, əmrini eşit və itaət et! Əgər belinə vurulur və malın belə alınırsa, yenə də eşit və itaət et!”[9]

Tarix boyu din və dövlət xadimlərinin əksəriyyəti, insanları Allahın göndərdiyi kitabdan, elçilərindən üzaq tutmağa, dini siyasətə alət etməyə çalışmış və özlərinin onlara təqdim etdiyi dinə, zülmə tabe olmağa çağırmışlar. Əmirə itaət mövzusunda hədis kitablarında yer alan yuxarıdakı rəvayət də bu məqsədə xidmət üçün saray mollaları və zalım hökmdarlar tərəfindən yayğınlaşdırılmışdır. Nəticədə insanları Allaha, haqqa ədalətə yönləndirmək əvəzinə, tağuta, zülmə boyun əyməyə və insanı insana qul etməyə təşviq etmişlər.

Mövzu barədə daha ətraflı məlumat əldə etmək və dinimizi Allahın kitabından öyrənmək istəyənlər aşağıdakı linkə tuşlaya bilərlər:

[1] Muhəmməd Təbatabai, “əl-Mizan”, Nisə 59-cu ayənin şərhi; Təbatabai ayəni izah edərkən: Bundan ortaya çıxır ki, üluləmirin –kim olur olsun- yeni bir hökm qoymağa və yaxud Quranla, Sünnəylə sabit olan bir hökmü nəsx etməyə səlahiyyəti yoxdur. Əksi təqdirdə, məsələni “Allah və Elçisinə götürün!” sözünün bir mənası qalmaz.”

Müsəlman Olmağın Şərti (Tövhid və Tağut)

[2] Bax: Əhzab, 33/36; Nisə, 4/80.

[3] Qeyri-müsəlmanların idarəsi altında yaşayan möminlərin itaəti, gücləri çata biləcək və özlərini küfrə düşürməyəcək nisbətdə olmalıdır.

[4] Ayədə ifadə edilən “Ulul-əmr=Əmr sahibləri” sözünun müfrəd deyil, cəm olduğunu və ən az üç şəxsi ifadə etdiyini nəzərdən qaçırmamalıyıq. Yəni, əmr sahibləri deyiləndə təkcə dövlət başçısı qəsd edilmədiyi və işin başına gətiriləcək hər hansı bir şəxsdə iki vəsf arandığı görülməkdədir: “Mömin olmaq və işin əhli olmaq”. (Əhməd Akbulut, “Səhabə Dövrü Hakimiyyət Qavğası”, s. 85-87.)

Demək ki, istər dövlət başçısı, istərsə iş yerində sizə başçılıq edən şəxsdə bu iki vəsf varsa, ona itaət edilməsi istənilir. Əgər aralarında hər hansı bir mübahisə yaranarsa, bu mübahisə, Allahın kitabına götürülüb həll edilməsi lazımdır.

[5] İbn Hişam, “Siyer”, c. 2, s. 661; İbn Sad,“Tabaqat”, c. 3, s. 182-183.

[6] Mərcii təqlid, Şiə din xadimləri sinfinin ən üst mərtəbəsi və gələcək olan Mehdinin təmsili məqamı.

[7] Ayətullah Muhamməd Rza Muzaffər, Akaaidül İmamiyyə,  Önsöz.

[8] Buxari, Cihad 109; Müslüm, İmarə 32, 33; Kuleyni “Usulü Kafi”, c. I, s. 145.

[9] Müslim, “Kitabul-İmara”, bab: 31, 12/238.