Müsəlmanlar

İbadətlərin qəzası barədə uydurulan hədislər.

İbadətlərin qəzası və bunu bir başqasının yerinə yetirməsi, bağışlaması barədə uydurulan hədislər.

Bir insan, özü yeməklə başqasının qarnını doyurmadığı kimi, etdiyi ibadətlə də başqasının ibadət borcunu yerinə yetirmiş sayılmaz. Dinimizdə hər kəs öz elədiyi və eləmədiyi işlərdən hesaba çəkiləcəkdir. Öldükdən sonra onun adına edilən ibadətlərin bir mənası yoxdur.

Təəssüf ki, Allahın insanlar üçün qoyduğu bu qanuna zidd bir çox uydurma hədislər rəvayət edilmişdir. Bunlardan bir qismi aşağıdakı kimidir:

Peyğəmbər əleyhissəlam (güya): “Kim, üzərində oruc borcu olaraq ölərsə, vəlisi onun yerinə oruç tutar” buyurmuşdur.[1]

Bir qadın Peyğəmbərə gələrək; “Ey Allahın Elçisi! Anam həcc etməyə niyyət etmişdi. Lakin, həcc edə bilmədən öldü. Onun yerinə həcc edimmi? deyə soruşdu. Bunun üzərinə Peyğəmbər (ə.s) “Bəli! Onun adına həcc et. Necə yəni? Sənin ananın (başqa) borcu olsa onu ödəməzsənmi? Allah haqqını yerinə yetirin, Allah vəfa göstərilməyə ən çox haqq sahibi olandır.”[2]

Şiə mənbələrində; Əgər ata namazını qılmazsa, qeyd ediləcək şərtlər daxilində ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun.” (Əli Hüseyni Sistani)

Halbuki, İslamda bir müsəlmanın özünün belə bilərək, heç bir məcburiyyət olmadan qəzaya buraxdığı namazlarının sonradan qəzasını qılması deyə, bir şey yoxdur. Bunun nə Quranda nə də hədislərdə bir əsası yoxdur. Qaldı ki, övladın öz atasının qılmadığı namazlarının qəzasına, bu sonradan bidatçıların uydurduğu cəfəngiyyatlardan biridir ki, əhli şiədə bu çox yayğındır. Allah bu barədə belə buyurur: “Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideyni naminə heç bir şey ödəyə bilməyəcəyi gündən çəkinin. Bilin ki, Allahın vədi bir həqiqətdir. Olmaya, bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.” (Loğman, 31/33.)

Bir insanın günahını, savabını və ibadət borcunu, bir başqası öz üzərinə ala bilməyəcəyi barədə çox sayıda ayələr var.[3] Hətta axirətdə çox insan öz günahını başqasının üstünə yıxmağa çalışacaqdır.

Ölkəmizdə və din anlayışı təhrif olunmuş bir çox yerlərdə, insanlar öz ölülərinin bağışlanması üçün dirilərə nazil olan Quranı ölülərinə oxumaqda və bunun ölüyə bir xeyri olacağını düşünməkdədirlər. Bu barədə bir neçə rəvayət də uydurmuşlar və ən məşhur uydurmalardan biri belədir: “Ölülərinizə Yasin surəsini oxuyun.”[4]

Sizə yuxarıda təqdim ediln hədislərin hamısı uydurma və Qurana zidd rəvayətlərdir.

Bu haqda dinimizə, Qurana uyğun ən gözəl hədislərdən birində belə deyilir; “Ölüyü (məzara Qədər) üç şey təqib edər: Ailəsi, malı ve əməli. Bunlardan ikisi geri dönər, biri həmişəlik qalır. Geri dönən, ailəsi və malıdır. Əməli isə özüylə həmişəlik qalır.”[5]

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13559.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13557.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Buxari, Savm, 41; Müslüm, Sıyam, 153

[2] Buxari, Muhsar, 33; Tirmizî, Savm, 86.

[3] Ənam, 164; İsra, 13-15; Nur, 54; Nəcm, 38-41; Mülk, 2; Nəhl, 25.

[4] İbn MacƏ, SünƏn, CƏnaiz, 24; Əbu Davud, Sünən, Cənaiz, 4.

[5] Buxari, Səhih, Rikak,42; Müslüm, Səhih, Zühd, 5.