Cənnətlə əlaqəli uydurulmuş hədislər.
Peyğəmbər əleyhissəlam və onun əhli-Beyti adından ən çox uydurulan hədislər cənnətlə əlaqəli hədislərdir. Biz bunlardan bir neçəsini təqdim edəcəyik:
Peyğəmbərimizə nisbətlə; “Kim ölüm anında “la ilahə illallah deyərsə, sonunda cənnətə gedəcəkdir.”[1]
Bu ifadə, Allahın bütün əmrlərini, məsuliyyətləri yox edir, dini həyatından çıxardır və ölüm anında işlədilən kəliməyə endirir. Belə düşüncəyə sahib olanlar üçün Quran da, özləri öldükdən sonra onları rəhmətə götürən bir vasitəyə çevrilir.
Beləki bu hədisin doğru versiyonu bu şəkildədir: Bir nəfər Rəsulullaha “Lə ilahə İlləllah cənnətin açarı deyilmi?”– deyə soruşur. Rəsulullah: “Bəli, fəqət hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə, qapı açılır. Açar dişsiz isə qapı açılmaz.” (Buxari, “Cənaiz, 1.”)
Demək ki, “lə ilahə illəllah” deməyi kifayət görməyib, bu kəlimənin haqqını vermək və onu həyata əks etdirmək vacibdir. Bu, hər insanın dünyadakı ən müqəddəs vəzifəsi və məsuliyyətidir.
Bundan əlavə Qurana, dinimizə zidd yüzlərlə hədislərdən bir neçəsi də belədir:
«Hər kimin cənazə namazını yüz kişi qılarsa o bağışlanar.»[2]
İmam Sadiqə nisbətlə belə bir rəvayət nəql edərlər: “Hər şəfəq vaxtından sonra yüz dəfə; Allahummə salli ala Muhamməd və alə ali Muhamməd, de. Allah Təala bu zikrin bərəkəti ilə üzünü cəhənnəm atəşindən qoruyar.”[3]
İmamdan bir başqa rəvayət isə belədir, “İlahi tərəzidə Muhamməd (s.a.) və əhli-beytinə salavat göndərməkdən daha ağır savablı heç bir şey yoxdur.”[4]
Bu kimi rəvayətlərin Allahın kitabında heç bir əsası yoxdur və peyğəmbərimizin dilindən də belə bir şey nəql edilməmişdir. Belə şeylər, ucuz yoldan insanlara cənnəti bazarlamaqdır. Allahın göstərdiyi cənnətin yolu isə bu kimi ifadələrdən deyil, Quranda bildirilən əmr və qadağalara uymaqdan keçir.
Bir başqa rəvayət: İmam Cavad (ə) buyurmuşdur; “Hər kəs bibim Fatimeyi Məsuməni Qumda ziyarət edərsə behişt/cennet ona vacib olar.”
İmam Cavad (ə) buyurur: “Hər kim Tusda atamın (İmam Rzanın) qəbrini ziyarət edərsə, Allah keçmiş və gələcək günahlarını bağışlayar”.
Bu kimi rəvayətlərin çoxunun əslində nə mənşəyi məlumdur nə də İmamların xəbəri vardır. Sadəcə onlar adından uydurulan iftiralardan ibarət olan Qurana, dinimizə zidd xurəfələrdir. Bu xurafələrin daha iyrəncləri isə, lənət yağdırmalarla (xüsusilə peyğəmbərimizin zövcələrinə və əshabına) yönəlik olanlarıdır. Buna görə də biz, bir müsəlman olaraq bir şeyi öyrənəndə gərək bu öyrəndiklərimizi Allahın kitabına ərz edək. Əgər orda yeri yoxsa və ya bir məzhəbin ya da tarixçinin qəbul edib digərinin rədd etdiyi bir mövzu isə biz bunları bir kənara qoyub, onlara etibar etməməliyik. Bu, həm bizim sağlam düşüncəmizə həm də gələcəkdəki mövqeyimizə fayda saxlayar. Rəbbimiz bu barədə bizə belə xəbərdarlıq edir:
“Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir cəmiyyətə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.” (Hucurat, 6)
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/elanlar-xeberler/13401.html
https://www.muselmanlar.com/elanlar-xeberler/13477.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Ebu Davud, Cənaiz 20.
[2] (Albani Sahihul-Camius-Sağir (5716)-da səhih olduğunu qeyd etmişdir və əs-Sahiha (1363).)
[3] Səvabul Amal, 155.
[4] Məliki Təbrizi, Mirza Cavad , “el-murakabat”, tərcümə; İbrahim Muhaddis Bander Rigi, darul-əxlaq, 1376, s. 243.