Cavab: Əxlaq, ərəbcə yaratma mənasındakı “xəlq” sözünün cəmidir. Biz, insanların yaradılışlarına uyğun sərgilədiyi, gördüyü gözəl işlərə və işlətdiyi xoş sözlərə görə onları dəyərləndirərək; “filan cəmiyyət, filan ailə və ya filankəs əxlaqlıdır” deyirik. Bir anlamda, yaradılış keyfiyyətlərini üzərində daşıyan birini tanıdırıq. Əgər hər hansı biri bu keyfiyyətləri öz üzərində daşımır və pis nümunə olursa onu da “əxlaqsız” adlandırırıq.
Geyim əxlaqın bir şöbəsidir. Buna görə, geyinmiş bir insan əxlaqın müəyyən formasını təmsil etmiş sayılır. Lakin əxlaq, sadəcə geyimdən ibarət olmadığı üçün biz bir insana təkcə geyiminə görə ümumi mənada əxlaqlı demirik. Ona əxlaqlı geyinmiş deyə bilərik.
Canlı varlıqlar içərisində təkcə insanın geyimə ehtiyac duyduğunu və bu səbəblə gözəl geyinməyin insan əxlaqında nə qədər mühüm bir rol oynadığını bilməliyik. Quranda bu barədə belə buyurulmaqdadır: “Ey Adəm oğulları! Sizə bədəninizi örtən və sizi gözəl göstərən libas nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə ağlınızı işlədib, düşünərsiz.” (Əraf, 26)
Ayədə; Təqva libası isə daha xeyirlidir, deyilir. Təqva, maddi və mənəvi şəkildə qorunmaq və çəkinmək mənalarına gəlir. İnsan, həm maddi həm də mənəvi dəyərlərə sahib bir varlıqdır. Maddi yönünü gözəl təmsil etdiyi kimi mənəvi yönünü də gözəl təmsil etməlidir. Hətta ayədə buyurduğu kimi, mənəvi yönü maddi yönündən daha xeyirlidir. Bir nümunə versək; Pis iş görən, haram yeyən və axmaq xasiyyətlərə sahib biri nə qədər gözəl geyinsə də həmin insan əxlaqı təmsil etməz və biz, ona əxlaqlı deyə bilmərik. Bunun tərsi də belədir.
Peyğəmbərimizin geyim-keçimi digər insanlardan fərqli deyildi. Əxlaqı ilə seçildiyi üçün Uca Allah ona: “Sən gözəl əxlaq sahibisən”[1] demişdi.
Qısacası; bir insanın təkcə geyimi deyil, davranışları da onun əxlaqından xəbər verir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/fitvalar/7155.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz
[1] Bax: Qələm, 4.