Müsəlmanlar

Müaviyə kimdi?

Müaviyə kimdi?

SUAL: Bir qrup lənətlə digər qrup isə rəhmətlə hətta həzrəti Müaviyə deyə anmaqdadır. Bu qədər fərqli dəyərləndirilməsinin səbəbi nədir?

CAVAB: Bütün bu fərqli dəyərləndirmələr iki firqənin (sünni və şiənin) tarixə fərqli baxış tərzindən qaynaqlanır. Aralarındakı münaqişə də bu baxış tərzindən davam etməkdədir.

Məzhəblərin meydana gəlməsində tarixi hadisələrin təsiri olduğu kimi, Müaviyəyə lənət edilməsində ya da tam tərsinə, səhabə məqamına gətirilib həzrət deyə yad edilməsində də tarixi hadisələrin təsiri vardır. Keçmişdəkilərin elədiklərini günümüzə daşıyanların bir çoxu, şəxslər üzərindən dini dəyərləndirmələrə getməkdə və müsəlmanların bir birinə qarşı kin tutmasına, düşmənçiliyə səbəbiyyət verməkdədir. Halbuki Allah: “Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.” (Bəqərə, 2/134.)

Hər məzhəb, hər hansı bir həqiqəti ya da bir şəxsi Allahın kitabına görə deyil, öz məzhəbinə görə dəyərləndirir. Həmçinin Müaviyə haqqında da belədir. Müaviyəni müdafiə etmək, ona hz. Müaviyə demək üçün bir insanın təkcə Qurandan uzaq qalması yox, ədalət duyğularının da ölməsi lazımdır.

Əslində Müaviyə kimdir? Onun haqqında hər iki firqənin tarix kitablarında qeyd etdikləri ümumi məlumat belədir: Müaviyənin atasının adı Əbu Süfyan və anasının adı Hinddir. Ailəsi özü ilə birlikdə Məkkənin fəthində müsəlman olmaq məcburiyyətində qalmışlar. Rəsulullah Məkkə zəfərindən sonra Məkkə müşriklərinin hamısını sərbəst buraxır və o gündən etibarən “Tüləka=sərbəst buraxılanlar” adını alırlar. Müaviyənin atası Süfyan, sarsılan etibarlarını yenidən dirçəltmək üçün oğlu Müaviyəni Rəsulullaha təqdim edərək, vəhy katibi olaraq yanına almasını istəyir. Oxuma-yazması olduğu üçün rəsulullahın etiraz etmədiyi rəvayət olunur. Əhli Sünnə, Müaviyəni ən çox bu məqamda olduğu üçün müdafiə etməkdədir.[1]

Səhabə qavramını istismar edənlər, bir çox səhabə tərifinin yanında təkcə İbn Həcərin “səhabə, rəsulullahı görən və ona iman gətirənlərdir” sözünü əsas alaraq, Müaviyəni də səhabə kategoriyasına daxil etmək surətilə, onun elədiyi bütün pisliklərini örtməyə çalışırlar. Halbuki, səhabədən heç kim onu səhabə olaraq vəsf etməmiş və çoxu onu “fasiq, münafiq və ya kafir” kimi görmüşdür. Fəzilətinə dair uydurulan hədislərin yanında eyni müstəvidə pisliyinə dair hədislər də rəvayət edilmişdir.[2]

Eynilə, İncildə İsanın Həvariləri Pavlusa Həvari deməsə də sonrakı müctəhidlər Pavlusu Həvari adlandırmış və beləliklə yeni bir din Xristianlığın yaranmasına zəmin hazırlamışlar. O cümlədən İslam dininin müctəhidləri də eyni metodla hərəkət edərək, Müaviyəni səhabə cərgəsinə daxil etmişlər. Bununla da kifayətlənməmiş, onu yad etdikləri zaman həzrət, r.a. yəni, Allah ondan razı olsun deyə, yad etməkdədirlər. Deyək ki, səhabə olmuş: səhabə olmaqla bir insan hər cür pisliyi etməyə haqq qazanır? Bir də ki səhabə, Peyğəmbərin izindən getdiyi müddətcə səhabədir. Əgər xəyanət edərsə, artıq səhabə sayılmaz.

İndi gələk Müaviyənin həm sünni həm də şiə tarix kitablarında qeyd olunan ən məşhur əməllərinə:

Müaviyə, başda səhabənin və digər müsəlmanların seçdiyi xəlifəyə və qurduqları şəriət dövlətinə qarşı çıxmış, onu yıxmış və nəticədə, öz səltənətini qurmuşdur. Özünü Allahın xəlifəsi elan etdi, halbuki bu açıq bir küfrdü. Səhabənin ən böyüklərindən biri olan müsəlmanların əmiri Əli (r.a.)-ə minbərlərdə lənət oxutdu. Bu da kifayət olmadı, oğlu məlun Yezidi səltənətin varisi elan edərək, müsəlmanların başına bəla etdi.

Müaviyə, peyğəmbər övladı İmam Həsəni zəhərlədib öldürtdü və bir çox öndə gedən Bədir səhabəsini haqsız yerə şəhid etdi. Allah Təalanın bu xəbərdarlığına məhəl qoymadan: Kim bir mömini bilərək qətl edərsə, onun cəzası cəhənnəmdir, orada həmişəlik qalacaqlar. Allah ona qəzəb edər və lənəti onun üstünədir. Onun üçün şiddətli əzab hazırlamışıq.” (Nisə, 4/93)

Müaviyə, İslam düşməni bir Xristian (İbn Asal)-ı özünə köməkçi/vəzir almış və Romaya qarşı cihadda olan möminlərin qəhraman sərkərdəsi Abdurrahman ibn Xalidi bu xristianın əliylə zəhərlədərək öldürtmüşdü. Beləliklə, xristinlardan xərəc/vergini qaldırmış, sonradan müsəlman olanları isə xərəcə tabe tutmuşdur. Müaviyə, ey-işrətə düşkün və özü kimilərini müsəlmanların başına vali olaraq təyin etmişdi. Allaha iftira etməkdən, yalan danışmaqdan və müsəlmanları öldürməkdən çəkinməyən bu insanı əhli sünnədən olan bir qrup, səhabə cərgəsinə qoyub, “səhabə, peyğəmbər adına yalan danışmaz!” deyə, ondan hədis nəql etməkdədir.

Müaviyə haqda aşağıdakı video dərsi də izləyə bilərsiz:

[1] Belə bir müdafiənin yerində olmadığının altını çizmək istəyirik: Vəhy katibi olduğu rəvayəti doğru sayılsa belə, onun bu məqamda olması məqamını yüksəltsə də şəxsiyyətini ucaltmaz. Çünki, vəhy katiblərindən eləsi varıydı ki, (Abdullah ibn Sad kimi) dindən dönüb mürtəd olmuşdular. Quran elə bir kitabdır ki, “Bəzilərinin imanını, bəzilərinin küfrünü artırır.” (Bax: Maidə, 5/68)

[2] Məsələn, “Hər ümmətin Fironu vardır, mənim ümmətimin Fironu Müaviyədir.” İmam Əli, onunla əlaqədar: “Allahın hər haramını halal görən, hər evə zülm gətirən” biri olaraq tanıdır.