Müsəlmanlar

Təsbih və Zikr

Təsbih və Zikr arasındakı fərq

Təsbih, ərəb dilində “سبح = səbh” kökündən əmələ gəlib, mənası suda və ya havada sürətlə keçib, üzüb getmək deməkdir (Müfrədat). Göydə buludun üzüb getməsinə, dənizdə gəminin üzməsinə, insanın üzməsinə “səbəha” deyilir. Ərəblər üzgücüyə “səbbah” deyirlər. Bundan başqa təsbih, “ücaltmaq”, nöqsanlıqdan, oxşarlıqdan uzaq olmaq”- mənalarına da gəlir. Dağlar, daşlar, ağaclar və heyvanlar, o cümlədən kainatda olan hər şey Allahı təsbih etməkdədir:

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ

“Yeddi göy, yer və onlarda olanlar Onu təsbih (tərif) edir. Elə bir şey yoxdur ki, həmd ilə Onu təsbih etməsin, lakin siz onların təsbihini başa düşməzsiniz.” (İsra 17/44.)

Bütün bu varlıqlar, fitrətləri (təbiətləri) gərəyi, onlara verilən qabiliyyətlər, proqramlar ölçüsündə Allahı təsbih edirlər. İnsanlar isə həm bu varlıqlar kimi qeyri ixtiyari olaraq təsbih edirlər. (Məsələn; insanı canlı saxlayan orqanların fəaliyyəti, ürəyin döyünməsi, nəfəs alıb-vermək kimi, bütün bunlar Allahın əmrinə, Onun verdiyi proqramlar ölçüsündə işləyirlər.) Həm də insanlar özləri istəyərək, iradəli olaraq təsbih edirlər. Allah insana bunu əmr etmişdir. Amma istəyən bu əmrə uyar, istəməyən də uymaya bilər. Məsələn; Allah Quranda bizə təsbih etməyimizi əmr etməkdədir:

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ

“Sən həmd-səna ilə Rəbbini təsbih et və səcdə edənlərdən ol!” (Hicr, 15/98.)

İnsanlara təsbih dedikdə, çox vaxtı təsbeh çəkməyi ağla gətirirlər ki, bu böyük bir xətadır. Təsbehin vətəni Hindistandır və hindlilərin xüsusilə rahibləri təsbih çəkməyi dini bir ibadət halına gətiriblər. İslam aləmində də əsrlər sonra bu cür təsbih çəkmək bir ibadətə çevrilmiş və xüsusilə namazdan sonra təsbeh çəkmək ənənəvi hal almışdır.

Zikr, “ذكر = zəkəra” lüğət mənası “xatırladı”, “yada saldı”, yəni unutmanın ziddi mənasına gəlir. Zikr, xüsusilə “bir şeyin şüurunda olmaq”- deməkdir. Nazil olan kitablara və Qurana da zikr adı verilmişdir. Zikr kəliməsi Quranda 124 yerdə ifadə edilir. Bunlardan təkcə ikisində “əhli-zikr = zikr əhli” termini işlədilir.[1]

Diqqət ediləcək yönlərindən biri; bu kəlimə, Quranın heç bir yerində başqa canlılar üçün deyil, təkcə insanlar üçün işlədilməsidir. Zikr, bizi başqa varlıqlarda olmayan və onlardan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. “Quran, zikr sahiblərinə nazil olmuşdur.”[2] Biz bu zikr qabiliyətimiz sayəsində imtahan edilirik. “Zikrin ən böyüyü Allahı zikr etməkdir”[3] və “Qəlblər ancaq Allahı zikr etməklə hüzur tapır.”[4]

Hər zikr eyni zamanda bir təsbihdir, ancaq hər təsbih zikr deyildir. Məsələn, mənasını bilmədən “sübhənallah”- demək bir təsbihdir. Mənasını bilərək dediyiniz və bunu həyatınıza, əqidənizə əks etdirdiyiniz vaxt eyni zamanda zikr də etmiş olursunuz. Namaz qıldığımız zaman əgər qıldığımız namazın sözlərini başa düşmədən qılırıqsa, təsbih etmiş və Allahın əmrini istəyərək yerinə yetirmiş sayılırıq. Amma biz qıldığımız namazın sözlərini başa düşərək qılarsaq, həm Allahı təsbih etmiş həm də zikr etmiş olarıq. Allahın istədiyi namaz da bu qaydada qıldığımız namazdır. Əksi təqdirdə kor-təbii, təqlid xarakterli qıldığımız namazı Allah tənqid etməkdədir: “Vay o namaz qılanların halına ki, qıldıqları namazdan qafildirlər.”[5]

Bu səbəblə namazı başa düşərək, hüşü içində qılmaq istəyən hər bir müsəlman ən azından Fatihə surəsini öyrənməli və öz dilində başa düşməlidir. Bu bilindikdən sonra, camaata imam duranın Fatihə surəsinin sözlərinin ərəb dilində deməsi isə həm fərqli millətlərin deyilənləri başa düşməsinə, həm birliyinə, həm də bu surənin ərəb dilindəki dərinliyinə rəayət edilmiş olur. Çünki, Fatihə elə bir surədir ki, bu surə Quranın xulasəsini verir. Əqidə və əməli tərif edir. Eyni zamanda Rəsulullah əleyhissəlamdan gələn “Fatihəsiz namaz olmaz” hədisinə də rəayət edilmiş olur.

Zikr, eyni zamanda insanı bir şeyin həqiqətinə, nəyin nə olduğuna yönləndirir. Bu səbəblə zikrdən qaçan insanlara Allah: “əfəla təzəkkərun=zikr etmirsizmi?”- deyir. Zikrə əhəmiyyət verməyən, unudan hər insan Quranın bildirdiyi bu aqibətlə üzləşir: “Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.”[6]

Təriqətlərin, adına zikr deyərək yüz dəfələrlə çəkdirdikləri təsbehin zikrlə heç bir əlaqəsi yoxdur. Xüsusilə peyğəmbər adına uydurulan bəzi rəvayətləri dilə gətirərək; “filan sözü deyərsən filan qədər günahların əfv edilir və cənnətdə şəhidlərlə, peyğəmbərlə bərabər olarsan”- deyərək, müsəlmanlardakı dini məsuliyyət hissini, tərəqqini və xeyr əməlləri zədələməkdədirlər. Bunlar peyğəmbərimizin həyatını nümunə almaq yerinə, onun geyim tərzini, tükünü, tüpürcəyini, hətta sidiyini müqəddəsləşdirməkdə və bunlara dəyən, içən şəxslərin cənnətlik olacağını deyirlər. Təəssüf ki, müsəlmanam deyənlərin çoxu, əhli-kitab və bütpərəstlərdən daha çox öz peyğəmbərini və imamlarını müqəddəsləşdirmiş və düşünmədən (zikretmədən) onları təsbeh etməkdədirlər.

Bütün bu xətaları idrak etmək üçün Allahın ən böyük zikri olan Qurana dönməli və onu başa düşərək oxuyub, əməl etməliyik.

Müəllif: Aydın Mülayim.[7]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nəhl, 16/43; Ənbiya, 21/7.

[2] Sad, 38/1.

[3] Ənkəbud, 29/45.

[4] Rad, 13/28.

[5] Maun, 107/4-5.

[6] Zuxruf, 43/36.

[7] Müsəlmanlar.com saytının redaktoru.