Müsəlmanlar

Novruzla əlaqədar məlumatlar

Novruz şənliyi ilə əlaqədar məlumatlar

Novruz, farsca “yeni gün” – deməkdir. Bu gün Cəlali[1] təqviminə görə Fərvərdin ayının birinci günü, Miladi təqviminə görə Mart ayının 21-ci gününə dənk gəlir. Günəş ilinin başlanğıcı olan bu gün yazın birinci günü olub, gecə ilə gündüzün bərabər olduğu bir gündür.

Orta asiya xalqlarının da qeyd etdiyi bu şənlik Miladdan qabaq 18-ci əsrdən etibarən bilinməkdədir. Çin mənbələrində türk xalqlarınn bu bayramı Miladdan qabaq 4- cü əsrdən bu yana “bahar-yeni il” festivalları şəklində qeyd etdikləri yazılıdır. Orta əsrlərdə İran ənənələri ilə ünsiyyət quran müxtəlif türk boyları özlərinin yeni il bahar şənlikləri ilə İranlıların Novruzunu birləşdirmiş və Novruz terminini özlərinin 21 Mart festivalları üçün də ifadə etmişlər. Adriatik sahillərindən Çinə qədər geniş bir coğrafiyada qeyd olunan astronomik xarakterli, təbii bir bahar şənliyi olan Novruz, son illərdə xüsusilə Türkiyədə və İranda getdikcə siyasallaşdırılan bir bayram halına gəlmişdir.[2]

Qədim dövrlərdən etibarən Sumerlilerin, Sabiilərin, Babillilərin, Kenanlıların, İbranilərin “Pesah-yeni gün”– adıyla ziraat xarakterli festivalları qeyd etdikləri bilinməkdədir. “Mayasız çörək bayramı”- deyə bilinən bu bayram, arpa əkin mövsümündə qeyd edilməkdədir. Əkinçilər bu günlərdə məbədlərə gedib dua edərlər və yeni məhsuldan yoğrulmuş mayasız çörəkləri yeyərdilər.[3]

İranda qeyd olunan Novruz və dinlə olan əlaqəsi

İran ənənəsində günümüzdə də böyük coşquyla qeyd edilən Novruz şənliyi, İran kralı Cümşüdlə və Məcusiliyin qurucusu olduğu iddia edilən Zərdüştlə əlaqələndirilir. İranda Novruzun tarixi və əfsanəvi bir keçmişi vardır. Avestada Novruzdan bəhs edilməməkdədir. Ancaq Pəhləvi dilində yazılan dini kitablarda Novruzdan qədim bir bayram olaraq bəhs edilməkdədir.

İslam mənbələrində xüsusilə Şəhristani, Məsudi kimi tarixçilər tərəfindən Zərdüştün Azərbaycanlı olduğu qeyd edilməkdə, Zərdüştün türk olduğu və bilavasitə bu bayramın türk bayramı olduğu isbat edilməyə çalışılmaqdadır. Halbuki, bu cür iddialar tarixi vaqiələrlə üst-üstə düşməməkdədir. Çünki, Zərdüşt Miladdan əvvəl 6-cı əsrdə yaşamış, Asiyadan gələn türk boyları isə yüz illər sonra indiki Azərbaycan ərazisinə yerləşmişlər.[4]

Əsas diqqət çəkən məsələ isə, xüsusilə İran şiələrinin bu təbii hadisəyə dini bir don geydirməyə çalışmalarıdır. Məsələn, Novruz gününü Adəm əleyhissəlamın yaradıldığı, İbrahim əleyhissəlamın bütləri qırdığı, Əli əleyhissəlamın anadan olduğu, Fatimə ilə evləndiyi, Muhəmməd əleyhissəlam tərəfindən xəlifə elan edildiyi gün olaraq irəli sürürlər. Şiə mənbələrində Novruzla əlaqədar bir neçə hədis belədir:

عن المُعلَّى بنِ خُنیس، عن مولانا الصادق(ع) فى یوم النَّیروز، قال(ع): إذا کان یوم النیروز، فاغتسل و البس أنظف ثیابک و تطیب بأطیب طیبک و تکون ذلک الیوم صائماً، فإذا صلّیت النوافل والظهر والعصر فصلّ بعد ذلک أربع رکعات، تقرأ فى أوّل کلّ رکعه فاتحه الکتاب و عشر مرّاتٍ إنّا أنزلناه فى لیله القدر، و فى الثانیه فاتحه الکتاب و عشر مرّات قل یا أیها الکافرون، وفى الثالثه فاتحه الکتاب و عشر مرّاتٍ قل هو اللّه أحد، و فى الرابعه فاتحه الکتاب و عشر مرّاتٍ المعوّذتین، و تسجد بعد فراغک من الرکعات سجده الشکر و تدعو فیها، یغفر لک ذنوب خمسین سنه.

İmam Sadiq (ə) buyurur: Novruz günündə qüsl et, təmiz paltar geyin, ətir vur və oruc tut. Zöhr namazının nafiləsindən sonra dörd rükət namaz qıl. Birinci rükətdə Fatihə surəsindən sonra on dəfə Qədr surəsin oxu. İkinci rükətdə Fatihə surəsindən sonra on dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihə surəsindən sonra on dəfə İxlas surəsi dördüncü rükətdə isə Fatihə surəsindən sonra Fələq və Nas surəsini oxu. Namazdan sonra şükr səcdəsi və dua et.”[5]

على ( علیه السلام) أنّه اُهدى الیه فالوذج، فقال: ماهذا. قالوا: یوم نیروز. قال: فَنَیرزوا إن قدرتم کلَّ یومٍ [یعنى تهادوا و تواصلوا فى اللّه ]

“İmam Əli (ə) üçün faluzəc (şirniyyat) hədiyyə gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruzdur. Buyurdu: Əgər bacarsanız, hər gün novruz edin. (Yəni: Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).”[6]

Şiə din xadimlərinin bir çoxu bu hədisləri dəlil gətirərək Novruzu dini bir bayram olaraq qeyd edilməsinin caiz olduğunu deyirlər. Halbuki, bu hədislərin heç birində Novruzun dini bir bayram olduğu ifadə edilməməkdədir. Bir də şiə mənbələrində bu hədislərin tam tərsinə İmam Kazımdan belə bir hədis nəql edilməkdədir:

انی قد فتشت الاخبار عن جدی رسول الله ـ صلّی الله علیه و آله و سلّم ـ فلم اجد لهذا العید خبرا؛ انه سنه للفرس محاها الاسلام و معاذ الله أن نحیی ما محاه الاسلام.

“Mənsur Abbasi Novruz gününü bayram olaraq qeyd etmək istəyəndə,  İmam, “mənə bu bayramla əlaqədar cəddim Rəsulullahdan bir şey çatmadı. Bu Farsların bir ənənəsidir və onu İslam dini silmişdir. İslamın sildiyi  bir şeyi təzələməkdən Allaha sığınıram,” – deyə cavaplandırmışdır.”[7]

Şiə din xadimləri bu hədisi İmamlarının Təqiyyə halında dediyini qeyd edirlər.

Nəticədə, bütün bu deyilənləri dəyərləndirib, xülasələşdirsək, bizə görə, Novruz qədim bir şənlik olub, İslamdan əvvəl də qeyd edilirdi. Belə bir günün nazil olan dinlə deyil, yaradılan təbiətlə əlaqəsi vardır. Bilavasitə Novruz İslam dinində keçirilməsi əmr edilən bir bayram deyil, vaxtı gələndə meydana gələn oyanmanın yəni, təbiətin bir bayramıdır. Bilindiyi kimi nə peyğəmbər nə də səhabələri belə bir günü dini bir bayram olaraq qeyd etməmişdilər.

Bu səbəblə yeni ili, dini bir bayram olaraq deyil, təbiətin oyanışı kimi qeyd edənlərdə, şənlik təşkil edənlərdə  bir qəbahət görmürük. Ancaq müsəlmanların Məcusilərdəki kimi insanın əqidəsinə, əməlinə zərər verən bəzi rituallardan, xüsusilə də odu müqəddəsləşdirməkdən və bir çox xurafat işlərdən uzaq durmaları lazımdır.

Müəllif: Aydın Mülayim.[8]

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1908.html

Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 

 


[1] Cəlali təqvimi Miladi təqvimi kimi Günəşə görə müəyyən edilmiş olub, 1 ili 365 gün 6 saata bərabərdir. Səlcüqlular dövründə Ömər Xəyyamın başçılığı ilə 1079-cu ildən etibarən tətbiq edilməyə başlandı.

[2] Şinasi Gündüz, Qədim orta-Şərqdən orta-Asiyaya Novruz, s. 1.

[3] Şinasi Gündüz, e. q. ə., s. 5.

[4] Şinasi Gündüz, e. q. ə., s. 6.

[5] Şeyx Tusi, Misbahul-mütəhəccid, s. 591

[6] Təmimi Muhamməd Numanin, Dəaimul-İslam, 2/326.

[7] Biharul-Ənvar, 59/100.

[8] Müsəlmanlar.com saytının redaktoru.