Müsəlmanlar

Dini düşüncəmizi dəyişdirməliyik

Dini düşüncəmizi dəyişdirməliyik

Hər bir insan, istəyir etiraf etsin istəyir etməsin, Allahın varlığını və birliyini qəbul edər. Bu səbəblə, dinsiz olduğunu deyənlər də daxil olmaqla hər kəsin bir din düşüncəsi olur və özünü həmin dinin dindarı hesab edir. Bunların hamısı doğru yolu başa düşmüş, ona ürəkdən inanmış sonra həmin yoldan çıxmış adamlardır. Allah Təala, yoldan çıxanların ümumi xüsusiyyətini bizə bu cür bildirmişdir:

“ O gün necə üzlər ağarır, necə üzlər də qaralır. Üzləri qaralan kəslərə belə deyilir: “ İman gətirdikdən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə dadın bu əzabı!” (Əli-İmran 3/106)

Kafir olub yoldan çıxanlar, Allahı ikinci sıraya qoyanlardır. Birinci sıraya ya özlərini ya bir elm adamını, ya da mələkləri, peyğəmbərləri və ya din adamlarını qoyarlar. Əslində onların birinci yerə qoyduqları bunlar deyil, şeytanlardır. Allah Təala insanları iki qrupa ayırmış və belə demişdir:

“Allah bir qismini yoluna qəbul edər, bir qismi de pozğunluğa layiq görüldü. Pozğunlar, Allahdan əvvəl şeytanları dost tutan və özlərini doğru yolda görənlərdir.” (Əraf 7/30)

Bunlar, birinci yerə qoyduqları şeytanlara qulluq edərək hürriyyətlərini itirənda düşüncələrinə tərs düşən ayələri görməməzliyə vururlar. Elədiklərinin səhv olduğunu bildikləri üçün bəzi hallarda Allaha təslim olma arzusu da hiss edərlər (1). Ancaq mənfəətlərini itirmə qorxusu buna mane olur. Allah Təala belə buyurur:

“ …Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünya həyatını axirətdən çox sevir və Allahın yolundan döndərərək o yolu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.” (İbrahim 14/2-3)

Bu vəziyyətdə mühüm olan dindar olmaq deyil, Allahın dinin dindarı olmaqdır. Allah Təala öz doğru dinin tərifini ayədə belə ifadə etməktədir:

“ Üzünü hənif olaraq əsl bu dinə, Allahın fitrətinə çevir. O, insanları fitrəti üzərə yaratmıştır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.” (Rum 30/30)

Deməli, doğru din fitrət, yəni mövcud olanlara aid qanunlar məcmuasıdır. Bu qanunlar, nazil olmuş və ya yaradılmış ayələrdən öyrənilir. Nazil olmuş ayələr Quranda olanlardır. Yaradılmış ayələr isə canlı və cansız bütün məxluqlardır.

İnsan anadan olandan ölənə qədər Allahın yaratdığı ayələri müşahidə edər və onlardan məlumat əldə edir. Bu məlumatlarla o, Quranını Allahın kitabı olduğunu və onu gətirənin də Allahın elçisi olduğunu başa düşəcək səviyyəyə gəlir. Allah Təala belə buyurur:

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.” (Fussilət 41/53)

İnsana ediləcək ən böyük yaxşılıq, heç bir əlavə və əksiltmə eləmədən Allahın kitabını, insanın başa düşəcəyi dillə ona çatdırmaqdır. Beləliklə o, özündəki doğru biliklərlə Quran ayələrinin üst-üstə düşdüyünü görərək onun Allahın kitabı olduğunu, onu gətirən şəxsin də Allahın elçisi olduğunu dərk edəcəkdir. Buna görə Quranı hər insana, öz ana dilində başa salmaq lazımdır. Əslində Quranın ərəbcə olması, Muhəmməd əleyhissəlamın içində olduğu cəmiyyətin ana dilinin ərəbcə olmasından qaynaqlanır. Allah Təala belə buyurmuşdur:

“ Biz hər bir elçini öz millətinin dilində (danışan) göndərdik ki, (haqqı) onlara izah etsin. Artıq Allah, azğınlığı seçəni azğın sayar, hidayəti (haqqı) seçəni də yoluna qəbul edər (2). O, yenilməz güc və hikmət sahibidir.” (İbrahim 14/4)

Onun elşiliyi sırf ərəb millətinə deyil, bütün bəşəriyyətədir. Allah Təala belə buyurur:

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir elçi olaraq göndərdik. Lakin insanların çoxu bunu bilməz.” (Səbə 34/28)

Onun təbliği ancaq onun tətbiq etdiyi yolla insanlara çatdırıla bilir. Bu səbəblə din təlimində əsas hədəf, Peyğəmbərimiz kimi davranaraq Allahın yaratdığı ayələri oxumaqda olan insanlara, Allahın endirdiyi ayələri də oxuyub bu ikisi arasındakı münasibəti göstərməkdir. Əslində bu hər möminin vəzifəsidir. Buna laqeyid qalanların düşəcəyi pis vəziyyət belə bildirilmişdir:

“Endirdiyimiz nişanələri və doğru yolu kitabda insanlara aşkar etdikdən sonra gizlədənlərə Allah və bütün lənətçilər lənət oxuyarlar! Yalnız tövbə edənlər, islah edənlər və (ayələrimi) bəyan edənlər müstəsnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (Bəqərə 2/159-160)

“Allahın nazil etdiyi kitabdan bir şeyi gizlədənlər və onun müqabilində bir az mənfəət əldə edənlərin yedikləri, qarınlarında ancaq od olacaqdır. Qiyam günü Allah onlarla danışmaz, onları təmizə çıxartmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə 2/174)

Elm və sənətin məlumat qaynağı da ayələrdir. O ayələri daha yaxşı bilən Allaha qarşı daha hörmətli olur. Allah Təala bəzi təbiət ayələrini verdikdən sonra belə buyurmuşdur:

“Allahdan öz bəndələri arasında ancaq alimlər qorxarlar.” (Fatir 35/28)

Əgər dini düşüncəmizi Allahın tərif etdiyi kimi dəyişdirsək, ortada elm və din ayrılığı qalmaz. Bütün insanlığı qucaqlayan, cihanşümül həqiqətlərə səsləyən və pozulan tarazlığı düzəldən bir dini düşüncə meydana çıxar. Elə isə dini təbliğ edən bir kimsənin Quranı yaxşı öyrənməsi lazımdır. Bu onun üçün qaçınılmaz şərtdir. Quranı öyrənmənin əsas şərtlərindən biri də ərəbcəyə və sünnəyə yaxşı yiyələnməkdir. Sünnəni yaxşı öyrənmək də Quran-Sünnə bütövlüyünü qavramaqla mümkündür (3). Sünnəni Qurandan ayrı bir qaynaq saymağa davam etdiyimiz halda işin içindən çıxa bilmərik. İnsanları bu cür yetişdirməli və dünyanın qarşısına bu təkliflə çıxmalıyıq:

“ Gəlin Allahın yaratdığı ayələri, nazil etdiyi ayələrlə bərabər oxuyaraq elm və din tarazlığını quraq və yeni dövrümüzü inşa edək.”

Dünyada bu ədalətli meydan oxumağı heç kim bacara bilməz.

Müəəllif: Abdulaziz Bayındır *

 *İstanbul Üniversitesi İlahiyat Fakültesi İslam Hüququ Kafedrasının Müdürü, Süleymaniye Vakfı Müdürü

(1) Kafirlər bəzi hallarda, kaş ki biz də (Allaha) təslim olsaydıq deyə dua edərlər. (Hicr 15/2)

(2) Bu məal, Maturidinin təfsirinə görə verilmişdir. Bax. Əbu Mənsur Muhəmməd b. Muhəmməd əl-Maturidi, əs-Səmərqəndi (ö. 333 h./944 m.) Təvilatul-Quran, Təhqiq, Xədicə Boynuqalın, Elmi kontrol: Bəkir Topaloğlu, İst. 2006, c. VII, S. 458.

(3) Quran-Sünnə bütövlüyü mövzusunda, ətraflı araşdırmaları görmək üçün www.süleymaniyevakfı.org. adlı saytımızda nümayiş olunan araşdırmalara nəzər yetirə bilir və http://www. kurandersi.com/mukayeseli –fıkıh-dersleri/adresində nümayiş olunan elmi mülahizələrimizə qulaq asa bilərsiz.

QEYD: Türk dilindən Azərbaycan dilinə uyğunlaşdıran Aydın Mülayim.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.