Müsəlmanlar

Qədir Xum hadisəsinin həqiqətləri

Qədir Xum hadisəsinin həqiqətləri

Bu gün bəzi insanların “Qədir Xum bayramı” kimi qeyd etdikləri hadisə ilə bağlı müxtəlif versiyalar ortaya atılır. Bəli, İslam tarixində Qədir Xumla bağlı hadisə baş verib. Əfsuslar olsun ki, bu hadisə sonralar müxtəlif qruplar tərəfindən çox fərqli məqsədlər üçün istifadə edilib və edilir.

Belə ki, Qədir-Xum adlanan yerdə Rəsulullah (s) Əlinin (r) xəlifəliyini elan etmək üçün deyil, karvanın istirahət etməsi üçün dayanmışdı. Çünki həmin dövrdə Məkkə ilə Mədinə arasındakı yolu karvanlar 10 gündən çox vaxt ərzində qət edirdilər. Allah Rəsulu (s) da həmin yoldan istifadə edərkən istirahət məqsədilə bir neçə dəfə dayanmışdı.

Həmin dayanılan yerlərdən biri Qədir Xum adlanan ərazidir. “Vida Həcci”ndən qayıdan on minlərlə müsəlmanların əksəriyyəti Məkkə şəhərindən təxminən 250 km. uzaqlıqda yerləşən Qədir Xuma çatanda artıq bir-birilərindən ayrılaraq, öz qəbilələrinin yanına qayıtmışdılar. Peyğəmbərin yanında qalanlar isə əsasən Mədinə şəhərindən onunla birlikdə gedənlər idi. Onların sayının isə bəzilərinin iddia etdiyi kimi 120 min deyil, on minə yaxın olduğu bildirilir.

Rəsulullah (s) Vida Həccində artıq ömrünün son günlərini yaşadığını hiss etmişdi. Buna görə də, imkan olan kimi müsəlmanlarla daha çox söhbət edirdi. Lakin Qədir Xumda Allah Rəsulunun Əli ilə bağlı “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” (bu sözə edilən əlavələrin Peyğəmbərə istinad edilən uydurma olduğu bildirilir) söyləməsinin əsas səbəbi Yəmən hadisələri ilə bağlı (burada qənimətlərin paylanması zamanı narazılıqlar ortaya çıxmışdı) bəzi səhabələrin Əliyə (r) qarşı münasibətlərində incikliyin yaranması idi. Peyğəmbər (s) xütbə əsnasında Əlini (r) yanına çağırıb, onu özünün mövlası, dostu olduğunu bildirdi ki, səhabələri arasında yaranmış narazılıq aradan qalxsın.

Bəziləri isə Allah Rəsulunun “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” ifadəsindəki “mövla” sözünü “özündən sonra xəlifə elan etməsi” kimi qeyd edirlər. Əgər Peyğəmbər (s) bu sözü qeyd etsəydi, əlbəttə ki, Rəsulullahın vəfatından sonra Əli (r) xəlifə olardı və heç kim də bu məsələdə ona mane ola bilməzdi. Çünki heç kəs Əlini qorxaqlıqda ittiham edə bilməzdi. Hamı onun qəhrəmanlığına da, şücaətinə də bələd idi.

Rəsulullah (s) Qədir Xum adlanan yerdə söylədiyi bu sözlə qətiyyən xəlifəliyi nəzərdə tutmayıb. Hədisin mətnində də buna dəlalət edən heç bir açıq ifadə yoxdur. Belə əhəmiyyətli olan bir məsələnin aydın şəkildə bildirilməsi lazım deyildimi?

“Mövla” sözünün Ərəb dilində 30-a yaxın mənası var. Bu kəlmənin əsli ilə bağlı olan “Vəliyy” sözü Uca Allahın adlarından biridir. Burada həmin söz Allahla bağlı olduğu üçün “kömək edən, bütün işlərin sahibi, yol göstərici” və s. kimi mənalara gəlir. Allahın adlarından biri olmaqla yanaşı, bu söz “nigahda şahidlik edən, əziz bəndə, məhəbbət, yaxın” kimi mənalarda işlədilir. Hədisdə qeyd edilən həmin ifadə də “yaxınlıq, əzizlik” mənasındadır. Bu söz Quranda da qeyd etdiymiz mənada işlədilir.

Uca Allah Quranda belə buyurur:

“Sizin yaxınınız/haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir” (Maidə surəsi, 55).

Ayədən də aydın olur ki, möminlər Allahın əzizləridir. Onlar öz aralarında da bir-birlərinə əzizdirlər.

Allah, Onun Rəsulu və Əlinin möminlərə mövla (əziz) olmalarının mənası düşmənçiliyin ziddi olan əzizlikdir. Əli (r) də möminlərin böyüklərindən olub və o, möminləri sevdiyi kimi, müsəlmanlar da onu sevir və əziz qəbul edirlər. Bunda heç bir şübhə yoxdur, ola da bilməz.

Rəsulullah (s) başqa bir hədisində də belə buyurub:

“Əsləm, Muzəynə, Cuheynə, Qureyş qəbilələri və ənsar insanlar arasında mənə ən yaxın olanlardır. Onların Allah və Rəsulundan başqa əzizləri yoxdur”.

İndi onlar da xəlifələrdir?

İddia edilənin əksinə olaraq “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et” (“Maidə” surəsi, 67) mənasındakı ayə İslam dininin başlanğıcında nazil olub. Bu ayənin isə Əlinin (r) xəlifəliyi ilə heç bir əlaqəsi yoxdur.

Müəllif: Hüseyn Əliyev

Mənbə: islam.com.az (05/06/2013)

Oxşar mövzuya baxmaq üçün aşağıdakı linkə tuşlayın:

İMAM ƏLİ (r.a.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.