Müsəlmanlar
Ad qövmünün həlakı

Ad qövmünün həlakı

Ad qövmünün həlakı

Ad tayfasının həlak olmasının təfsilatlı belədir. Uca Allah buyurur:

“Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” («Əhqaf» surəsi, 24).

Bu əlamət baş verəcək əzabın başlanğıcı idi. Onlar aclıq və quraqlıq dönəmi yaşayırdılar. Yağışın yağması üçün dua edirdilər. Onlar səmada buludları gördükdə onun xeyirli və bərəkətli yağış olduğunu zənn etdilər. Amma bu bir əzab yağışı idi.

Uca Allah buyurur:

“Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir…” Yəni, əzabın tez gəlməsini istəyirdiniz, o da gəldi. Onların istəyi bu ayədə qeyd olunur:

“Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” («Əhqaf» surəsi, 22). Eyni məzmunlu ayə «Əraf» surəsində də deyilir.

əl-Haris əl-Bəkri deyir ki: “əl-Əla ibn əl-Hədramidən Peyğəmbərə (s) şikayət etmək üçün səfərə çıxmışdım. Rabzə adlı yerdən keçdikdə Bənu Təmim qəbiləsindən olan, tərk edilmiş yaşlı bir qadına rastladım. Qadın dedi: “Ey Allah bəndəsi! Mənim Peyğəmbərlə (s) işim var, sən məni onun yanına apara bilərsənmi?”

Mən onu özümlə götürüb Mədinəyə gəldim. Məscid adam ilə dolu idi. Qara rəngli bayraq da dalğalanırdı. Bilal isə qılıncına sarılmış halda Peyğəmbərin (s) önündə dururdu.

Mən dedim: “İnsanlara nə olub?”

Mənə dedilər ki: “Peyğəmbər (s) Amr ibn əl-Ası döyüşə göndərmək istəyir”.

Mən bir qədər oturdum. Peyğəmbər (s) evinə daxil olduqda onun yanına daxil olmaq üçün izin aldım. O, mənə içəri daxil olmaq üçün icazə verdi. Mən içəri daxil olub salam verdim. Peyğəmbər (s) dedi: “Sizinlə Bənu Təmim qəbiləsi arasında nə isə baş verib?”

Mən dedim: “Bəli. Biz onlara qalib gəlmişdik. Yolda Bənu Təmimdən olan, tərk edilmiş bir qoca qadın gördüm. O, məndən onu sənin yanına gətirməyimi xahiş etdi. O, hal-hazırda qapıdadır”. Peyğəmbər (s) onun içəri daxil olmasına icazə verdi və qadın içəri daxil oldu.

Mən dedim: “Ey Allahın elçisi, əgər bizimlə Bənu Təmim arasında sərhəd qoymaq istəyirsənsə, bunu Dəhnadan et. Bu yer bizim idi”.

Qoca qadın qeyrət edib hərəkətləndi və dedi: “Ey Allahın elçisi! Sən biçarəni hara məcbur edəcəksən?” Mən dedim: “Mənim məsəlim, “qatilini doğan keçi!” – timsalındadır. Mən bu qadını özümlə daşımışam, amma onun düşmənim olduğunu hiss etməmişəm. Mən Ad tayfasından olan qonaq kimi olmaqdan Allaha və rəsuluna sığınıram”. ((Peyğəmbərə sığınmaq, yəni bu işdən uzaq olmasına dair peyğəmbəri şahid tutmaq mənasındadır.)) Peyğəmbər (s) dedi: “Dayan görüm! Ad tayfasından olan qonaq kimdir?” Peyğəmbər (s) hadisəni yaxşı bilirdi, sadəcə məndən söz alırdı.

Mən dedim: “Ad tayfası quraqlıq dövrü yaşayırdılar. Onlar “Qəyl” adlı bir nəfəri qonaq göndərdilər. O, Muaviyə ibn Bəkr adlı bir nəfərə rastladı və bir ay onun yanında qaldı. Ev sahibi ona şərab verir, “İki çəyirtkə” ləqəbli iki qadın da onun üçün mahnı oxuyurdu. Bir ay keçdikdən sonra (“Qəyl”) Təhamə dağlarının üzərinə çıxdı və dedi: «Ey Allahım! Sən bilirsən ki, mən nə xəstə müalicə etməyə, nə də əsir azad etməyə gəlmişəm! Ey Allahım, Ada verəcəyin yağışı yağdır». Bu zaman onun başı üzərindən qara buludlar ötməyə başladı.

Oradan: “birini seç!” – deyə nida gəldi. O da qara bir buluda işarə etdi. Buluddan: “Onu kül olaraq götür, Ad tayfasından heç kəsi sağ qoyma”! – deyə nida gəldi. Bildiyim qədər onlara yalnız mənim üzüyümdən keçən qədər külək göndərilmiş və bununla onlar həlak olmuşdular”. ((Səhabə burada demək istəyir ki, Ad qövmü bir nəfəri onlar üçün dua etməyə göndərmişdi. Amma o onlar üçün gedib əzab gətirmişdi. Mən də bu qadını yolda qalmasın deyə gətirmişəm, indi bu da başıma bəla olub.))

Əbu Vail (adlı rəvayətçi) deyir: “O (Amr ibn əl-As), doğru danışır. Onlar kişi və ya qadın qonaq göndərdikdə belə deyərdilər: “Sən də Ad tayfasının qonağı kimi olma”. ((Səhihdir. Əhməd: 3/482; Tirmizi: № 3273; № 3274; İbn Macə: № 2816.))

İbn Cərir ət-Təbəri və digər bir çox təfsir alimləri bu hadisə haqqında danışarkən eyni rəvayəti və hadisəni qeyd ediblər.

Mənbə: din.az

Ad qövmü haqqında məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/4596.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.