Müsəlmanlar
Qurban qətliam deyil!

Qurban qətliam deyil!

Qurban qətliam deyil!

İslamın iki əsas bayramından biri olan Qurban bayramına çox az qalıb. Hər il Qurban bayramında keçən illərə nisbətən canlanma artıq özünü göstərir. Hətta mətbuatda da bu məsələ ilə bağlı yazıların sayı artır. “Qurban qətliamdır”, “keçmişdən qalma adətdir”, “Quranda qan tökmək yoxdur” və s. kimi mövzuları yazmaqla yenilik etdiyini düşünənlər yalnız bu məsələləri bilməyənləri aldada və yalnız onların gözündə “yenilikci” imici qazana bilərlər. Bu sahədə az da olsa məlumatı olanlar artıq bilir ki, bunlar çeynənmiş və çürük iddialardır.

Qurbanın qətliam olduğunu iddia edənlər bunu ya məlumatsızlıqdan, ya imanın zəifliyindən, ya da şöhrət sevdasından edirlər. Bilməzlikdən belə danışanlara məsələni izah etmək çətin olmadığı halda bu fikri qəsdən ortaya atanların etirazını aradan qaldırmaq heç də asan deyil. Çünki bu populist düşüncəli insanların məqsədi məsələni başa düşmək və ya başa salmaq yox, insanları inandığı dəyərlərdən qoparmaq və diqqəti özlərinə cəlb etməkdir.

Qurbanın qətliam olduğunu söyləyənlər görəsən, həftə ərzində ailəsinə neçə kilo ət alır? Ümumiyyətlə, hər gün qəssabların nə qədər mal-heyvan kəsdiyini bilirlərmi? Gün ərzində ölkədə neçə heyvanın kəsilib yeyildiyindən xəbərləri varmı? Görəsən, bunlar qətliam olmadığı halda Allahın buyurduğu ibadəti yerinə yetirmək niyə qətliamdır?

Bu cür düşüncə sahiblərinin məntiqindən çıxış etsək, onda belə alınır ki, hər gün beş dəfə namaz qılanlar da “vaxt cəlladları”dır, yəni vaxtlarını “mənasız” yerə “öldürürlər?” Oruc tutanlar da mazoxistlər, intiharçılardır, çünki özlərinə əziyyət verirlər? Belə düşünmək sadəcə olaraq axmaqlıq olardı.

Bəziləri iddia edir ki, Qurban bayramı günü qəssabların bayramıdır. Ancaq bunu anlamaq lazımdır ki, Qurban bayramı təkcə qəssabların yox və məhz qəssabların yox, imkanlı-imkansız bütün müsəlmanların bayramıdır. İmkansızların bayramıdır, ona görə ki, doyunca ət yeyə bilirlər. İmkanlıların bayramıdır, çünki Allahın onlara verdiyi nemətlə üzərlərinə düşən bir borcu yerinə yetirir, kasıbları sevindirirlər.

Qəssabların necə bayramı ola bilər ki, həmin günlərdə imkanlılar diri heyvan alıb kəsdirir və həmin ətlərin əksəriyyətini ayrı vaxt nisyə ət almaq üçün növbəyə duran insanlara pulsuz-parasız paylayırlar? Həm qurban kəsən, həm də qurban payı verilən bir adam bir neçə gün ət almadığı halda bu bayram qəssabların bayramı necə ola bilər?

Bayram günlərində qurban kəsilən heyvanların sayı başqa günlərdə kəsilənlərin sayı qədər olmadığı halda bunu necə qətliam saymaq olar? Gülməyən üzlərin güldürülməsi, məcburi vegeterianlıq günləri yaşayanların sevindirilməsi nə vaxtdan qətliamdır? Kolbasa-sosiska sexlərində, broylerlərdə kəsilən heyvanları qətliam hesab etməyənlər ibadət məqsədilə kəsilənlər üçün nəyə görə belə hay-həşir qoparır görəsən? Bu cür düşünən insanlar müxtəlif heyvanların ətini yeyərkən cinayət etdiklərini fikirləşirmi, yoxsa qəfildən diksinib göy-göyərti ilə kifayətlənirlər?

Qısası, Qurban bayramında kəsilən bu heyvanlar dünyanın ən nadir tapılan və nəsilləri tükənmək üzrə olan heyvanları olmadığı halda “qətliamdır” deyib səs-küy salanları başa düşmək çox çətindir…

Qurban ibadəti imkansızla imkanlının arasındakı uçurumu aradan qaldıran, varlılara paylaşma hissini aşılayan, kasıbların həsəd hissini öldürən, sosial yardımlaşmanı insanlar arasında canlandıran, ictimai həyata tarazlıq gətirən, maddi aləmlə mənəvi həyat arasına körpü salan bir ibadətdir. Allah bütün qurbanları qəbul etsin!

Müəllif: Elşad Miri (ilahiyyatçı alim)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.