Müsəlmanlar

Qurbanın maddi və mənəvi əhəmiyyəti

Qurbanın maddi və mənəvi əhəmiyyəti

Allahın yaratdığı hər şey tam və mükəmməl olduğu kimi, bizə lütf etdiyi İslam dini də tam və nöqsansızdır. Dinimizdəki bütün ibadətlərin həm maddi, həm də mənəvi hədəfləri vardır. Bu səbəblə dinimizdə tək tərəfli bir şey yoxdur. Bir müsəlmanın bədəni ruhuna necə bağlı isə əməli imanına, dünyası axirətinə o cür bağlı olmalıdır. Əks təqdirdə inandığı da, elədiyi də, topladığı da ona bir fayda verməyəcəkdir. O cümlədən insana maddi görünüşdən və qan tökməkdən ibarətmiş  kimi görünən qurban bayramının da maddi və mənəvi hikmətləri vardır. Bunların əsaslarından bir neçəsini ifadə etməkdə fayda vardır:

– Bir kərə bu ibadət forması insanlıq tarixi qədər qədimdir. Allah tərəfindən İslam ümmətinə də bayram olaraq daxil edilib davam etdirilməsi bu ibadətin nə qədər əhəmiyyətli olduğunu göstərir. Quranda bu haqda deyilir:

“Biz Allahın adını xatırlasınlar deyə, hər ümmətə qurban kəsməyi tapşırdıq” (Hacc 22/34).

– Qurban etmək insanın inandığına, sevdiyinə sədaqətin, təslimiyyətin bir ifadəsidir. Minnətdarlığın əməli formalarından biri də deyə bilərik. Allah Təala Peyğəmbərimizə:

“Rəbbin üçün namaz qıl və qurban kəs” (Kəvsər 108/2) buyurur.

–  İbadətdə gördüyümüz işlərin əhəmiyyətinin qalıcı olması onun mənəviyyatına bağlıdır. Yəni nə üçün və hansı niyyətlə elədiyindən asılıdır. Müsəlman bunu Allahın rizasını əldə etməklə qazanır. Quranı Kərimdə Allah bu mövzuda bizə İbrahimin (a. s.) duasını və sədaqətini nümunə göstərir:

“De ki, şübhəsiz mənim namazım, qurbanım, həyatım və ölümüm hamısı aləmlərin Rəbbi Allah üçündür.” (əl-Ənam 6/162)

– Qurban etmək insanın inandığına fədakarlığın, şükr etmənin bir ifadəsidir. Bəndənin, Allahın verdiyi saysız-hesabsız nemətlərinə qarşılıq yerinə yetirdiyi dini bir ritualdır. Razı qalmanın feli (əməli) formasıdır. Allah bu barədə:

“Elə bu heyvanları şükr edəsiniz deyə, sizin istifadənizə verdik.” ( əl-Hacc 22/36)

– Qurban etmə ictimai birliyi və ünsiyyəti canlandırır. O cümlədən varlı ilə fağır arasındakı buzların əriməsinə səbəb olur. Kasıbların, yetimlərin qayğısına qalmaq, acları doyurmaq İslamın ana qayələrindən və Allahın ən xoş gördüyü davranışlardandır. Allah cömərtlik vəsfinin cüzi bir parçasını bəndələrinin üzərində görmək istəyir. Müsəlman bu davranışı ilə Rəbbinə yaxınlaşmağı ümid edər ki, qurbanın bir mənası da bunu ifadə edir.

– Müsəlman elədiyi işin qarşılığını sadəcə dünyada görəcəyinə inanan insan deyildir. O eyni zamanda elədiklərinin hesabını axirətdə görəcəyinə inanan insandır. Bu inancı onu göstərişdən, riyakarlıqdan qoruyur, səmimiyyətini artırır. Bu səbəblə səvab işlərini, xeyirxahlığını artırmaq istəyir. Allah Təala da bu istəklərini yerinə gətirmək istəyənlərə bir çox səbəblər lütf edər ki, bunların ən mühümlərindən biri də qurbandır.

Qurban bütün səvablar, ibadətlər kimi qanuni, halal yollarla yerinə yetirilməlidir. Haram yollarla nə bir ibadət, nə də qurban qəbul edilir. Halal qazancla əldə edilən, sənə aid olan bir malın Allah yolunda verilməsinə qurban deyilir. Allah Təala Quranı Kərimdə bu haqda belə deyir:

“Allah ancaq müttəqi ((Allahdan çox qorxan, Ona yaxın olan. Məsuliyyət daşıyan.)) olanlardan qəbul edər” (Maidə 5/27)

– Əgər bir cəmiyyətdə, ailədə yaşayırıqsa, ona qarşı vəzifələrimiz, məsuliyyətimiz olacaqdır. Yalnız öz hesablarını, mənfəətlərini güdən, keyfinə görə yaşayanların bir gün Allahın hüzurunda hesab verəcəklərində şübhə yoxdur. Müsəlman bu şüurda olduğu üçün cəmiyyətə qarşı faydalı, məsuliyyətli olmağa çalışır. Ac qoymaqdan qorxar, haqq yeməkdən, zülm etməkdən, yalandan, yaltaqlıqdan, oğurluqdan, zinadan, öldürməkdən, haqsızlıqdan və bütün pisliklərdən qorxar. Allahdan qorxmaq budur. Ondan qorxmağımız insan olmağımızı, dürüst olmağımızı qoruyur. Əslində Allahın qorxmağımıza, sevməyimizə və ibadətimizə ehtiyacı yoxdur. Buna bizim ehtiyacımız vardır. Belə ki, qurbandan axan qanın, yeyilən ətin Allaha bir faydası yoxdur. Qurbandan biz faydalanırıq, həm özümüzün həm də başqalarının qarnını doyururuq, üstəlik bu əməlimizə qarşılıq səvab əldə edirik. Quranı Kərimdə deyilir:

“Qurbanlarınızın qanları da, ətləri də Allaha çatmaz; fəqət Ona sizin təqvanız ((Allaha olan bağlılıq, qorxu, sevgi.)) çatır.” (əl-Hacc 37)

– Qurbanın sadəcə maddi deyil, mənəvi əhəmiyyətindən biri də insanın xeyirxah işlərdə əldə etdiyi mənəvi həzzi, hüzurudur. Necə ki, bədənin rahatlığı maddi ehtiyaclardan, sağlıqdan asılı isə, ruhun rahatlığı da xeyirxahlığa, səvab işlərə bağlıdır. İnsan hər ikisini əldə etdiyi zaman zövq alır. Yoxsa heyvandan fərqi olmaz.

– Qurban etmənin əhəmiyyəti sadəcə xeyirxah düşüncələr və əməllərlə bitməz, batil (səhv, xətalı) düşüncə və əməllərin də qarşısını alır. Belə ki, tarix boyu insanların heyvanlara qarşı hissi davranışları, onların qeyri-adi olmasına, ibadət edilməsinə gətirib çıxarmışdır. Bilavasitə qurban etmə, bu heyvanların qeyri-adi, ibadət ediləcək varlıqlar olmadığını, Allahın onlardan faydalanmağımız üçün xidmətimizə verdiyi simvolik ritualıdır. Bu ritual heyvanların insanlar üzərindəki qeyri-adi təsirini qırmaq və onların da digər varlıqlar kimi aciz olduğunu və həqiqi mahiyyətinin nədən ibarət olduğunu göstərməkdir. Bu barədə Allah Təala Quranda belə buyurur:

“Sizi doğru yola nail etdikdən sonra Allahı uca tutasınız deyə, bu heyvanları sizin istifadənizə verdi. Yaxşı davrananları müjdələ.” (əl-Hacc 22/37)

– Qurban etmə insanları şirkdən uzaqlaşdırmada da vasitədir. Bildiyiniz kimi, İslam dini tövhidə əsaslanır. İnanc və ibadətlərimizdə Allahdan başqasını ortaya qoymaq sirkə aparır. Təəssüf ki, keçmişdən günümüzə qədər insanlar inanc və ibadətlərinin çoxunda Allaha şərik qoşduqları kimi, qurbanda da şərik qoşmuşlar. Pirlərə, cinlərə, ziyarətlərə, bütlərə və s. inandıqlarına qurbanlar kəsmişlər. Peyğəmbərimiz (s.a.v.) belələrinə bəd dua etmişdir:

“Allahdan başqası adına heyvan kəsənə Allah lənət etsin” (Müslim, “Ədahi” 43-45)

– Qurban etmə ictimai yöndən “Əmri bil-məruf nəhy anil-münkər” (Yaxşılığı əmr etmək, pislikdən uzaqlaşdırmaq) ibadətinə bənzəyir. Bilavasitə Prof. Dr. A. Bayındır qurban kəsmənin müsəlman ümmətinə fərz olduğunu ifadə etmişdir. Qurban kəsən fərz səvabını alır, ancaq digər fərzlərdən fərqli olaraq yerinə yetirilmədiyi təqdirdə cəza almaz. Necə ki, əmr bil-mərufda da gücü yetməyən günaha girmədiyi kimi, qurban kəsə bilməyən də günaha girməz. Lakin gücü yetənlərdən məsuliyyət qalxmaz.

Nəticə olaraq, qurban etmənin hikmətləri çoxdur. Cümləmi İslamın insana verdiyi şüurla bitirmək istəyirəm: İnananlar nəinki heyvanını, hətta hər şeyini Allah üçün qurban etməyi gözə alırlar. İnanmayanlar isə hər şeyin və hər kəsin özünə qurban olmasını istəyirlər.

Müəllif: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.