QURAN AYƏLİ TELEFON ZƏNGLƏRİ
Müəllif: Elşad Miri
və «halal simkartlar» ölkəsi…
Böyük kənd halına gələn dünyamızın bizə azlıq edən sutkasından bir anlıq vaxt taparaq tanışlarla yığışıb söhbət edirdik. Hamının gündəmini təşkil etdiyi kimi bizim də söhbətimizin axarı dini məsələrə gəldi. Fikirlərimizi bölüşdük. Razılaşdığımız da oldu, razılaşmadığımız da… İmzasına və şəxsinə hörmət etdiyim həmsöhbətlərimdən birinin kinayəli bir fikrindən sonra bu haqda yazmaq qərarına gəldim. Söhbətin məğzini isə Səudiyyə Ərəbistanının din alimlərinin Quran ayələrini telefon zəngi kimi istifadə edilməsinin doğru olmaması ilə bağlı verdikləri hökm təşkil edirdi.
Qeyd edim ki, ölkənin baş müftisi Şeyx Əbduləzizin rəhbərliyi ilə aparılan müzakirələrdən sonra alimlər ayələrin telefon zəngi kimi istifadəsinin Allah sözünə hörmətsizlik olduğunu bildiriblər. Bildirək ki, ayələrin mobil telefonumuzda zəng səsi kimi istifadə etməyimiz Qurana sayğısızlıq olduğu kimi, eyni alətlə internetə girərək halal olmayan işlərlə məşğul olmağımız da Quranı göndərən Şəxsin buyruqlarına itaətsizlikdir.
Məsələ ilə bağlı internetdə axtarış apararkən bunun təkcə müsəlmanlarla məhdudlaşmadığını görüb sizin də diqqətinizə çatdırmaq istədim.. Belə ki, məşhur «New York Times» qəzetinin internet saytında (http://www.iht.com/articles/2007/11/02/africa/kosher.php) bir müxbir bu cür suallarla yəhudilərin din adamları olan ravvinlərə müraciət etdiklərini qeyd etmişdi.
Dindar yəhudilərin hər atdıqları addımlarında olduğu kimi telefon problemində də imdadlarına Baş ravvin yetişib. Bizim din xadimlərimizin «halal»lığına zəmanət verdikləri kolbasalardan fərqli olaraq artıq dindar yəhudilər üçün xüsusi olaraq «halal» (yəhudilər «koşer» və ya «kaşər» adlandırırlar) «simkart»lar hazırlanıb.
Bütün dünyada inkişaf etmiş demokratik ölkələrdən biri kimi tanınan və qəbul edilən İsraildə artıq «halal simkartlar» başqa operatorların simkartlarından ucuz olduğu üçün çox dəbdədir. İki dindar yəhudinin öz arasındakı danışığı bizim pula 1,7 qəpik edir. Adi simkartlarda isə bu rəqəm 8 qəpikdir. Bu «halal»lığın da öz şərtləri var. Belə ki, dindar yəhudi hər cür fiziki fəaliyyətin qadağan olunduğu şənbə günü «halal simkart»dan istifadə etsə, bunun cəzası olaraq başqa günlərdəkindən 100 dəfə artıq pul ödəmək məcburiyyətindədir. Hələ bu harasıdır? Başqa təəccüblü xəbərlər də var.
İsrail havayolu şirkəti olan «El AL» özəlləşdirildiyi halda vaxt cədvəli yenə dəyişməyib. Şirkəti özəlləşdirənlər də əvvəlki icraatı eyni ilə yerinə yetirirlər. «Şabat günü», yəni həftənin şənbə günü bu havayoluna məxsus olan təyyarələr uçmurlar. Yəhudilikdə həftənin şənbə günü işləmək qadağan edildiyi üçün adıçəkilən şirkətin heç bir təyyarəsi havaya qalxmır. Bu təkcə simkart və təyyarə ilə də məhdudlaşmır. Hətta bunu binaların liftlərinə də aid etmək olar. Bəzi otellərdə isə qonaqların düyməyə basaraq «günah» qazanmaması üçün liftlər həmin gün avtomatik işləyir və hər mərtəbədə dayanır.
İsrailin hər şəhərində, hətta hər qəsəbəsində dindar yəhudilər üçün xüsusi xidmətlər təklif edilir. Dindar yəhudilərə təqdim edilən xidmətlərdən əvvəl Baş Ravvinin razılığı olmalıdır və buna da «koşer» deyilir… Yəni İsraildə hər şeyin halallığı, daha doğrusu koşeri olduğu kimi, təklif edilən xidmətin də koşeri olmalıdır.
Xidmət sektorunun bunu qəbul edib-etməməsi məsələsi qalsın bir tərəfə, əksinə bu məqsədlə xüsusi tədbirlər həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi «halal simkartlar» olduğu kimi, artıq «halal kredit kartları» da mövcuddur. Hətta kompüter proqramlarının, internet servislərinin də «halal»ı, yəni koşeri var. Demək olar ki, hər şey dindar yəhudilər üçün xüsusi olaraq hazırlanır və ya onların istəklərinə görə dəyişdirilir.
Yuxarıda qeyd etdiyim qəzetin müxbiri Beit Shemesh adlı 73 min əhalisi olan bir qəsəbəni misal kimi göstərir. Bu qəsəbənin 15 mini dindar yəhudilərdir. Bu insanlar onlar üçün xüsusi olaraq fəaliyyət göstərən «koşer» məhsullar satan mağazaların məhsullarından istifadə edirlər. Hətta bu bölgədə avtobuslarda qadınlar kişiləri günaha batırmamaq üçün arxada otururlar.
Kapitalizmin bir məntiqi İsraildə çox yaxşı işləyir. «Madam ki, belə böyük bir qrup var, elə isə bunlara istidiklərini vermək lazımdır». Qeyd edək ki, 5,5 milyon yəhudi əhalisi olan İsraildə bu cür dindarların sayı 800 min nəfərdir. Buna görə də məşhur firmalar dindarların yaşadığı yerlərdə özəl şöbələr açır, istədikləri kimi mallar təklif edirlər… Bir supermarketin rəhbərliyi «Bu, ildə 73 milyon dollarlıq bir bazardır. Satışlarımızın 10 faizini təşkil edir», – deyərək işlərinin daha yaxşı getdiyini bildirib.
Televizora baxmayan, öz qəzetlərindən başqa mətbuata nəzər də yetirməyən bu təbəqə üçün müxtəlif reklam və təbliğat üsulları həyata keçirilir…
«Cib telefonlarında zəng səsinin yerinə ayə oxunarmı?» sualına kinayə ilə yanaşanlara qlobal dünyadakı başqa bir millətin yaşam tərzini təqdim etməyə çalışdım…
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.