ALLAHIN VARLIĞININ RİYAZİ İSBATI VARMI?
Allahın varlığının isbata ehtiyacı yoxdur. İmanlılar onun varlığını hər zaman hər yerdə hiss edirlər. Misal üçün, evdə elektrik lampası yanırsa, deməli Allah var. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bunun nəticəsi kimi metal elektronları sərbəstləşib elektrik sahəsinin təsiri altında bir istiqamətdə hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkar edilməzdir. Nobel mükafatı laureatı akademik Vitaliy Qinzburqa görə («Известия», 28.11.2003 ): “İnam və ya tərsinə ateizm intuiktiv anlayışlardı. Burda heç nəyi riyazi olaraq isbat etmək mümkün deyildi”. Digər tərəfdən amerikalı filosof Alfred Ayerin gerçəklik prinsipinə görə “ riyazi və ya məntiqi əsası olmayan heç bir bəyanatın, əhəmiyyəti yoxdur”. Dünya söhrətli alim V. Qinzburqun və A. Ayerin fikirlərindən görünür ki, riyazi isbata ehtiyac çox böyükdür.
Bu problemi həll etmək üçün biliyin qiymətləndirilməsi metodlarından istifadə etmək olar. Çünki müqəddəs kitabımız Qurani-Kərimdə bəyan edildiyi kimi “Allah hər şeyi görəndir və hər şeyi biləndir”.
Biliyin qiymətləndirilməsinin xətti modelinə görə beş ballı qiymətləndirmə şkalası beş hissəyə bölünür və uyğun rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu şkalanı “bilir” və “bilmir” adlı iki hissəyə bölmək olar. Misal üçün, 4 (dörd) qiyməti ilə təhsil alan üçün “4” rəqəmindən soldakı parça “bilir”, sağdakı parçanı isə “bilmir” adlandıraq və bu parçaların uzunluğunu uyğun olaraq Li və Lm işarə edək.
“Bilir” parçasının “bilmir” parçasına nisbətini, (yəni Li : Lm ) keyfiyyət faktoru adlandıraq və K hərfi ilə işarə edək. “Bilir” parçasının nisbi uzunluğu (Li), beş ballı şkalanın balları və keyfiyyət faktoru K-nın uyğun qiymətləri aşağıdakı Cədvəldə göstərilmişdir:
Nisbi mənimsəmə
Li, % |
0 | 20 | 40 | 60 | 80 | 90 | 95 | 98 | 99 | 100 |
5 ballı
şkala |
0 | 1 | 2 | 3 | 4 | 4.5 | 4.75 | 4.9 | 4.95 | 5 |
K keyfiyyət
faktoru |
0 | 0.25 | 0.67 | 1.5 | 4 | 9 | 19 | 49 | 99 | ¥
|
Cədvəldən göründüyü kimi Li-nin nisbi qiyməti (0-100) % arasında dəyişər. Beş qiymətinə uyğun mənimsəmə bilmənin ən yüksək – mütləq səviyyəsidir. Ancaq “3” qiymətinə uyğun gələn mənimsəmə 60 % -dir. Bu nöqtə üçün “bilir” parçasının uzunluğu 3, “bilmir” parçasının uzunluğu 5-3 = 2-dir. Onda bu mənimsəməyə uyğun gələn keyfiyyət faktorunun qiyməti K = Li:Lm=3/2=1.5 olar. Şkalanın 4 qiymətinə uyğun mənimsəmə – 80 %-dir.Yəni öyrənci zəruri biliyin 80 % -ni bilir, 20 % -ni isə bilmir. Bu nöqtə üçün “bilir” parçasının uzunluğu 4, “bilmir” parçasının uzunluğu Lm (5-4 ) =1-dir. Bu nöqtəyə uyğun gələn keyfiyyət faktorunın qiyməti 4: 1 = 4 olar. Əgər “bilir” parçası Li uzunluğu 4.75, “bilmir” parçasının Lm uzunluğu isə 0.25 olarsa, onda bu halda K=19 olar. Bu səviyyə, arzu olunan bilik səviyyəsidir. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verirlər.
“Bilir” parçasının uzunluğu 4.9 olduğu halda, bilmir parçasının uzunluğu 0.1 olar. Bu halda K-nın qiyməti 49-a bərabər olar. Hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (PhD) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.
Əgər “bilir” parçasının uzunluğu 4.95, “bilmir” parçasının uzunluğu isə 0,05 olarsa, onda keyfiyyət faktoru 4.95: 0.05 = 99 olar. Başqa sözlə, soruşulan 100 sualdan 99 bilir, birini isə bilmir. Yəqin ki, K-nın bu qiyməti daha yüksək bilik səviyyəsinə uyğundur.
Cədvəldən göründüyü kimi “bilir” parçasının uzunluğu artdıqca, “bilmir” parçasının uzunluğu azalır və keyfiyyət faktorunun qiyməti isə artır. Aydındır ki, dahi alimlər və fövqəlinsanlar üçün K-nın qiyməti daha böyük rəqəmlərlə ifadə olunur.
Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti böyük olan bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildi ki, K faktoru bildiyimizin bilmədiyimizə olan nisbətidir. Li-nin qiyməti 5-ə yaxınlaşdıqca (mütləq səviyəyə), Lm-nin qiyməti (kəsrin məxrəci) sıfıra yaxınlaşır. Bu halda K qiyməti sonsuzluğa yaxınlaşar. Bəs onda K = ¥ uyğun gələn biliyə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Kim mütləq biliyə (Li = 5) və tam qüsursuzluğa (Lm=0) malikdir? Hər şeyi bilən, hər şeyi görən kimdir?
Bu sual cavab vermək üçün Qurani-Kərimə müracət edək: “Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə olunsa, yenə Allahın kəlamları tükənməz; Allah– yenilməz qüdrət və hikmət sahibidir” (31:27).
“Loğman” sürəsinin bu ayəsində məhz Yaradanın, cənab Haqqın, başqa sözlə, Allahın malik olduğu bilik səviyyəsinə işarə edilir. Deməli, K = ¥ Allahın malik olduğu bilik səviyyəsidir.
İlk baxışda belə olsa da, məsələni dərindən analiz edəndə maraqlı vəziyyətlə qarşılaşırıq. Riyaziyyatdan məlumdur ki, sıfırdan fərqli ədədi sıfıra bolmək olmaz. Onda buradan belə nəticəyə gəlmək olar ki, mütləq biliyə çatmaq qeyri mümkündür. Başqa sözlə Allah bizim biliklərimizdən kənardadır, yəni o ləməkandır. Peyğəmbərlərin malik olduğu bilik səviyyəsi çox yüksəkdir və ölçüləndir, ancaq sonsuz deyil. Peyğəmbərlərdən az bilik səviyəsinə fövqəlinsanlar, dahi alimlər malikdirlər. Bu səviyyələrə uyğun gələn K-nın qiyməti, çox ehtimal ki, yüzlərlə və minlərə ölçülər. K = 0 səviyyəsinə uyğun bilik səviyyəsi yəqin ki, dünyaya təzə göz açan körpənindir. Allah bu körpələrə kömək olsun!
Müəllif: ŞAHLAR ƏSGƏROV (professor, əməkdar elm xadimi)
http://www.shahlarasgerov.com
QEYD
1) Burada ¥ işarəsi sonsuzluğu ifadə edir. Təəssüf ki, saytımızdakı sistem texniki səbəblərə görə sonsuzluq işarəsini göstərmir. Biz də bu səbəbdən ¥ işarəsindən istifadə etməli olduq. Oxuculardan bunu nəzərə almaqlarını xahiş edirik.