AĞLINI İŞLƏTMƏYƏNİN HALI
Bəqərə surəsi, 171-ci ayə
[Allahın ayələri qarşısında] Özlərini görməməzliyə vurub, kafirlik edənlər qarğa kimidirlər; qarğa qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və bağırtıdır. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər [ağıllarını işlətməzlər].
İnsanı qoyun, inək və dəvə kimi heyvanlardan ayıran və fərqləndirən cəhət onun ağlıdır. İnsan öz ağlından istifadə etmədiyi zaman, yəni, ağıl işlətmədiyi vaxt o heyvanlar kimi olur. Bir çox insan dini məsələlərdə ağlı ilə deyil, hissi ilə hərəkət edir. Dünya və axirət səadətinə təsir edən belə bir məsələdə bu cür rəftar yolverilməzdir. Allah Təala belə buyurur:
Biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları da var, ancaq onunla eşitməzlər. Onlar heyvan [qoyun, inək və dəvə] kimidirlər, bəlkə də, daha çox aşağı ((Daha aşağı kimi tərcümə edilən الأضل sözünün kökü zəlalət kəlməsidir və Ərəb dilində yoldan çıxmaq və aşağı səviyyədə olmaq mənaları daşıyır (Lisanul-‘Ərəb lüğəti).)) səviyyədədirlər. Qafil olanlar da onlardır (Əraf, 7/179)!
Qoyun, inək və dəvə kimi tərcümə etdiyimiz söz ənamdır (ərəbcə əsli: أنعام ). Ənam sözü Quranın bir çox tərcüməsində dörd ayaqlı kimi tərcümə edilmişdir. Dörd ayaqlı heyvan deyildikdə, pişik, it və vəhşi heyvanlar da başa düşüldüyünə görə, bu cür tərcümə düzgün deyildir. Buna görə də burada bu sözün bütöv mənası yazılmışdır.
Qoyun, inək və dəvə faydalı heyvanlardır. Lakin kafirlər bu heyvanlardan da aşağı səviyyədədirlər. Onların bu halı qarğanın halı ilə üst-üstə düşür. Çünki qarğa zərərli bir heyvandır.
Qarğa leş yeyərək qidalanır. Kiçik quşları, yumurtaları və cücələri yeyir. Yeməyə bir şey axtarmaq üçün zibillikləri qurdalayıb qarışdırır. Taxıl bitkilərinə, meyvə ağaclarına, tərəvəzlərə və bağlara böyük ziyan vurur. Qarğanın inkişaf etmiş psixi qabiliyyətləri vardır və asanlıqla əhliləşdirilə bilir. ((Rağib İsfahaninin Müfrədat lüğəti, Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992.))
Kafir də iş başına keçən kimi, yer üzündə qarışıqlıq salmağa, əkin-biçini və nəsilləri məhv etməyə çalışar (Bəqərə, 2/205). Onu bu hala salan öz ağlından istifadə etməməyidir. Əgər ağıl işlətsə, doğru yolu tapa bilər.
Kafirlər qarğaya oxşadılmış və Əraf surəsinin 179-cu ayəsindəki «Onlar qoyun, inək və dəvədən də aşağı səviyyədədirlər» hökmünə aydınlıq gətirilmişdir. Ayələr arasındakı əlaqəyə diqqət yetirməyənlər bu ayəyə «Onlar bunlardan da zəlildirlər», yaxud «Onlar bunlardan da qafildirlər» kimi müxtəlif mənalar veriblər. Qoyun, inək və dəvəni zəlil və ya qafil adlandırmağın haqlı bir səbəbi ola bilməz; məhz buna görə də bu, yanlış bir tərcümədir.
Kafir-qarğa münasibəti Habil-Qabil əhvalatında da vardır. Belə ki, doğru yoldan azıb, qardaşı Habili öldürən Qabil özünü bir qarğa qədər də ola bilməməklə təqsirləndirmişdir. Bu hadisədən bəhs edən ayələr aşağıdakı kimidir:
Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar bir gün qurban gətirdikləri zaman, birinin qurbanı qəbul edildi, digərinin qurbanı qəbul edilmədi. Qurbanı qəbul edilməyən: “Səni öldürəcəyəm!”, – dedi. Digəri isə: “Allah sadəcə müttəqilərdən qəbul edər!”, – dedi.
İnan ki, sən məni öldürmək üçün əl qaldırsan da, mən səni öldürmək üçün əl qaldırmaram! Mən Allahdan – varlıqların sahibindən qorxuram!
Mən istəyirəm ki, sən həm mənib günahımı, həm də öz günahını üstünə götürəsən və o cəhənnəm odunun dostlarından olasan! Zalimlərin cəzası budur!
Sonra digər qardaş öz nəfsinə uydu və qardaşını öldürdü… Beləcə, itirənlərdən [özünə zülm edənlərdən] oldu.
Sonra Allah yeri eşələyən bir qarğa göndərdi. Bu, ona öz qardaşının cəsədini necə basdıracağını göstərmək üçün idi. O: “Vay mənim halıma! Bu qarğa qədər də ola bilmədim ki, qardaşımın cəsədini basdırım!”, – dedi. Nəhayət, tutduğu işə peşman oldu (Maidə, 5/27-31).
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.