Müsəlmanlar

Əgər uşaqlar cənnətlik isə, Kafirlər “bizi niyə uşaq vaxtı öldürmədin?”- deyə, etiraz etmələri onları haqlı çıxarmazmı?

Cavab: Xeyr, haqlı çıxarmaz. Çünki imtahan edilən və hesaba çəkilən Allah deyil, insanlardır. Qaldı ki, kafirlərlərin bu cür haqsız və yersiz etiraz edəcəklərinə dair Quranda hər hansı bir ayə yoxdur. Belə ki, insanlar axirətdə başqalarının necə yaradıldığına, necə öldüyünə və onlara nə verilib-verilmədiyinə baxmayacaqlar. Yəni, “məni niyə yaratdın?”, “yaratmasaydın belə olmazdı” kimi etirazları olmayacaq. Bəli, yaratmasaydı nə insan olmazdı nə imtahan. Amma yaratdı və nə yaxşı ki, yaratdı. İnsanın daha gözəl, əbədi həyata qovuşması, onun insan olaraq qalması üçün yol göstərdi.

İndi soruşuram sizdən; insan olaraq yaradılmasını istəməyən və uşaq yaşda ölmək istəyən biri varmı? Dünyada belə biri yoxdu. Amma axirətdə, insan olaraq qalmayan, yoldan çıxanlar “kaşki mən torpaq olsaydım!”[1] deyə, peşmanlıq çəkənlərin olacağını Quran xəbər verir.

Qurani Kərimdə bir də, insanların bir-birindən şikayət edəcəkləri qeyd olunur. Məsələn, özlərinə rəhbər və dost tutduqları insanlardan şikayət edərək belə deyəcəklər:

“Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur.” (İbrahim 14/21)

Özlərinə doğru dost/yoldaş seçməyənlərlə əlaqəli:

“O gün zalım kimsə (peşmançılıqdan) əllərini dişləyərək belə deyəcəkdir: “Kaş mən Rəsulun/elçinin yolunu tutaydım. Vay halıma! Kaş (batil yolda olan) filankəsi özümə dost tutmayaydım.” (Furqan 25/27-28)

Verdiyiniz sual və buna bənzər suallar haqda keçmişdə bir çox kəlam və fiqh alimləri arasında mübahisələr olub və hər biri müxtəlif fikirlər səsləndiriblər. Bunlardan ən məşhuru, Cübbai və onun ögey oğlu həm də tələbəsi olan Əşari arasında keçən bu dialoqdur:

Bir gün Əşari, Mötəzilədən olan müəllimi Cübbaiyə belə bir sual verir: “Bir mömin, bir kafir və bir uşaq haqqında nə deyirsən?”

Cübbai, “mömin cənnətdədir, kafir cəhənnəmdədir, uşaq isə rahat/güvənli bir yerdədir” cavabını verir.

Əşari, “bəs kafir uşağın bu rahatını görüb, Allaha deməz ki, məni niyə uşaq vaxtı öldürmədin?”

Cübbai, bu suala qarşı cavabsız qalınca, Əşari Mötəzili məzhəbini tərk edir. Amma təəssüf ki, Əşari daha sonra bu məsələdə “kafirlərin, müşriklərin uşaqları da cəhənnəmlikdir” deyərək[2], Qurana və insan fitrətinə zidd daha bərbad bir görüşə yiyələnir.

Onun bu fətvası, Allahın kitabına zidd, əsassız boş bir iddiadan ibarətdir. Çünki uca Rəbbimiz yüzlərlə ayəsində heç kim bir başqasının günahını daşımayacağını, hər kəs öz qazancı ilə mükafat ya da cəza alacağını bildirir.

Nəticə etibarı ilə insan ağlını və məntiqini aşan şeylərdə Allahın kitabını və hikmətini nəzərə almadan mühakiməyə girişdiyi zaman çox vaxtı daha böyük xətalara yol verir və haqsız dəyərləndirmələrdə bulunur. Ağlı, məntiqi, hikməti, ədaləti və bilib bilmədiyimiz, görüb görmədiyimiz hər şeyi yaradan uca Allahı yaratdıqlarına görə mühakimə etməyə ancaq İblis kimi həddini aşanlar təşəbbüs edərlər.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5741.html

https://www.muselmanlar.com/elanlar-xeberler/7316.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nəbə, 78/40.

[2] Əbu Bəkr Muhamməd b. Həsən b. Furək, “Məqalətul şeyh Əbil Həsən əl Əşarı”, thq. Əhməd Abdürrahim əs-Sayih (Qahirə: 1425/2005), 146.