Sual: Mənim həyat yoldaşımın atası və bacısı ölüblər. Onlar belə bir şey vəsiyyət etmədikləri halda, onlar üçün qurban kəsmək olar? Əgər olarsa, bunu necə etməliyik?
Cavab: İbadətlər yaşayan insanlar üçündür. İnsan öldükdən sonra artıq onun yerinə yetirməli olduğu hər hansı bir ibadət qalmır. Allah Təala belə buyurur:
İnsanın öz əməyindən başqa olan özünün deyil (Nəcm, 53/39).
Kim axirəti istəyər və ona inanaraq çalışarsa, onların zəhməti məqbuldur (təşəkkürə layiqdir) (İsra, 17/19).
Bu ayələrdən də başa düşüldüyü kimi ibadətlər fərdidir; insanın öz səy və cəhdləri ilə yerinə yetirilir. Bu da insanın son nəfəsini verəcəyi ana qədər davam edir. Bir ayədə belə deyilir:
Sənə yəqin (ölüm) gəlib çatana qədər Rəbbinə ibadət et (Hicr, 15/99).
Ölümlə birlikdə insanın əməl dəftəri bağlanır amma bu məsələdə 3 şey istisna təşkil edir. Peyğəmbərimiz Muhəmməd (ə. s.) bunu belə izah edib:
“İnsan öldüyü vaxt onun əməli kəsilir ancaq 3 şey istisnadır: 1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri; 2) Fayda əldə edilən elm; 3) Onun özünə xeyir-dua edən yaxşı övlad” (Müslim, Vəsiyyət, 4).
Qalan insanların ölənlər üçün görə biləcəkləri tək iş onlar üçün xeyir-dua etməkdir. Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:
Rəbbim! Hesab çəkildiyi gün məni, anamı, atamı və bütün möminləri bağışla (İbrahim, 14/41).
Onlardan sonra gələnlər: “Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər (Həşr, 59/10).
Nəticə olaraq sizin savabın ölülərə bağışlanması üçün qurban kəsməyiniz münasib deyil.
Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.