Müsəlmanlar

Fərz nədir və hansı növləri var?

Sual: Fərz nə deməkdir? Fərzin hansı növləri var? Onların izahı nədən ibarətdir?

Cavab: Görülməsi dinin bir əmri olan, qətiyyətlə lazımlı olan hər hansı bir vəzifə və məsuliyyətə fərz deyilir. Allah Təala: “Namazı doğru-düzgün qılın, zəkat verin” (Bəqərə, 2/43), – deyə buyurduğuna görə şərtlərinə müvafiq olmaqla namaz qılmaq və zəkat vermək bütün müsəlmanlara vacibdir (fərz). Peyğəmbər (ə. s.): “Namazı məni gördüyünüz kimi qılın” (Buxari, Əzan, 18), “Mallarınızın qırxda birini –  hər 40 dirhəmdən (pul vahidi, pul) 1 dirhəmi zəkat olaraq gətirin” (İbn Macə, Zəkat, 4), – deyə buyurub. Buna görə də namazı peyğəmbərimizdən gördüyümüz kimi qılmağımız və mallarımızın qırxda birini zəkat verməyimiz bizə vacibdir (fərz).

Qeyd edək ki, Hənəfi məzhəbindən başqa məzhəblərdə ayrı bir vacib məfhumu yoxdur; fərz ilə vacib eyni mənada götürülür. Hənəfi məzhəbi belə hesab edir ki, qətiyyət dərəcəsinə çatmamış bir dəlillə sabit olan şey vacib kateqoriyasına daxildir. Digər məzhəblər isə bu məzhəbin vacib hesab etdiyi şeylərin bəzilərini fərz, bəzilərini də sünnə kimi qəbul edirlər. Misal üçün, namaz qılarkən tədili-ərkan, yəni, namazın qiyam (namazda ayaq üstə dayanmaq), rüku (namazda əlləri diz qapaqlarının üzərinə qoyub beli düz saxlamaq şərtilə aşağıya doğru əyilmək), səcdələr kimi hər rüknunu (hissəsini) rahatlıqla yerinə yetirmək və bu vaxt bədən üzvlərinın hərəkətsiz və sakit qalmasını təmin etmək Əbu Hənifə-nin fikrincə vacib, digər məzhəblərə əsasən isə fərzdir. Digər tərəfdən Hənəfi məzhəbi tərəfindən vacib hesab edilən vitr və bayram namazları Şafii məzhəbində sünnə kimi qəbul olunur.

Fərzlər fərzi-eyni fərzi-kifayə kimi qruplara ayrıldığı kimi fərzi-qəti (və ya fərzi-etiqadi və əməli) və fərzi-zənni (ya da fərzi-əməli) qruplarına da ayrılır.

Fərzi-eyn(i) mükəlləflərin (dinin buyruqlarını yerinə yetirməklə məsul olan şəxs) hər birinin yerinə yetirməli olduğu fərzdir. Misal üçün, 5 vaxt namaz qılmaq, oruc tutmaq, dinə müvafiq olaraq bağlanmış müqavilələrə sadiq qalmaq kimi şeylər.

Fərzi-kifayə isə mükəlləflərin birinin yerinə yetirməsi ilə digərlərinin məsuliyyətdən azad hesab olunduğu fərzdir. Bunlar İslam dininin cəmiyyəti məsul hesab etdiyi işlərdir. Fərzi-kifayə olan bir iş yaxud məsuliyyət mükəlləflərin bir hissəsi tərəfindən yerinə yetirildikdən sonra digər mükəlləflər bu məsuliyyətdən necə deyərlər, azad olurlar. Bu işi məsul hesab edilənlərdən heç kəs görməsə, onların hər biri bunu yerinə yetirməklə məsul olurlar. Məsələn, cənazə (meyyit) namazının qılınması, cihad, mühakimə etmək və hökm vermək işlərinin yerinə yetirilməsi, dini və cəmiyyətin ehtiyacı olan digər elm sahələrində ixtisaslaşmış şəxslərin, eləcə də bəzi incəsənət xadimlərinin və peşə sahiblərinin olması və düşmənə qarşı hazırlıqlı olmaq kimi iş və vəzifələr (məsuliyyətlər) bir fərzi-kifayədir. Bu vəzifəni yerinə yetirənlər buna görə savab qazanırlar.

Fərzi-qəti dini bir dəlilin açıq-aydın və qəti ifadəsi ilə sübuta yetirilən, yəni, Qurani-Kərimin və ya peyğəmbərimizə aid olduğu qəti surətdə müəyyən olan bir hədisin açıq ifadəsi ilə müəyyənləşdirilmiş fərzə deyilir. Namaz, zəkat və cihad kimi. Fərzin bu növünü inkar etmək insanın dindən xaric olub kafirliyə gəlməsinə səbəb olur. Həm etiqad (inanc, inanmaq), həm də əməllər baxımından fərz olduğuna görə buna fərzi-etiqadi və fərzi-əməli də deyilir.

Fərzi-zənni müctəhidlər tərəfindən qəti bir dəlilə yaxın dərəcədə qüvvətli hesab edilən zənni bir dəlillə sabit olan fərzdir. Bu növ fərz etiqad nöqteyi-nəzərindən fərzi-qəti kimi deyil. Belə ki, bunu inkar edən kafir olmaz. Lakin əməl baxımından, yəni, yerinə yetirilməsi baxımından fərzi-qəti kimidir; buna görə də fərzi-əməli adlandırılır. Bir ictihad (hökm çıxarmaq) baxımından fərzi-ictihadi də adlandırılır. Bu məsələdə (fərzi-qəti) məzhəblər arasında heç bir ixtilaf yoxdur. Amma fərzi-zənni məzhəblərin fikir ayrılığına düşdükləri sahəyə daxildir. Məsələn, dəstəmaz almaqla əlaqədar ayədə “…və başınıza məsh çəkin” (Maidə, 5/6) deyildiyinə görə dəstəmaz alarkən başın məsh edilməsi fərzi-qətidir. Bu barədə məzhəblər arasında fikir ayrılığı yoxdur. Çünki dəstəmaz aldıqda başın məsh edilməsi Quran ayəsinin açıq-aydın ifadəsilə bildirilib. Ancaq ayədə başın nə qədər hissəsinin məsh edilməli olması məsələsi bildirilməyib. Buna görə də müctəhidlər apardıqları tədqiqatlar nəticəsində özlərinə əsasən qəti bir dəlilə yaxın dərəcədə güclü olan zənni bir dəlil ilə başın nə qədərinin məsh edilməsinin fərz olduğuna dair ictihadlar ediblər (hökm çıxarıblar). Maliki məzhəbindən olan hüquqşünaslardan Əbu Bəkr İbnul-Ərəbi (468-543 hicri, 1076-1148 miladi) Əhkamul-Quran adlı əsərində (Daru ihyayi-l-kutubi-l-ərəbiyyə, 1376/1957, II cild, s. 568 və digər səhifələr) bu məsələ ilə əlaqədar 11 ayrı fikir təsbit etmiş və bunların müzakirə və təhlilini aparmışdır. Şafii məzhəbinə əsasən saçın bircə tükü və yaxud başın kiçik bir hissəsi də olsa, məsh adlandırıla bilən hər hansı bir hərəkətlə məsh edilməsi kifayətdir. Maliki və Hənbəlilər isə başın hər tərəfinin məsh edilməsini fərz hesab edirlər. Hənəfi məzhəbi isə başın dörddə birinə məsh çəkilməsini fərz hesab edir. Hər tərəfinin məsh edilməsi sünnədir.