Müsəlmanlar
Ramazan və Quran

Ramazan və Quran

Ramazan və Quran

Qurani-Kərim Ramazan ayında nazil edilmişdir. Bu baxımdan da Ramazan Quran ayıdır. Allah Təala belə buyurur:

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir”. ((Bəqərə, 2/185.))

Min aydan daha xeyirli olan Qədr gecəsi də bu aya təsadüf edir. Quranda bu barədə belə deyilir:

“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik. Sən Qədr gecəsinin nə olduğunu bilirsən? Qədr gecəsi min aydan daha xeyirlidir”. ((Qədr, 97/1-3.))

Qurani-Kərimin endiyi gecə olduğuna görə min aydan xeyirli olması elan edilən Qədr gecəsi Quranın Allah yanında nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Əgər biz Quranı oxuyub üzərində düşünsək, onun mühümlüyünü məhz o vaxt başa düşər və Qurandan istifadə etməyə başlayarıq. Ramazan ayı bunun üçün bir imkandır, başqa sözlə, belə bir məqsədə çatmaq üçün fürsətdir. Allah Təala belə buyurub:

“Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilid var?”. ((Məhəmməd, 47/24.))

“Biz o Quranı sənin dilində endirib asanlaşdırdıq ki, düşünüb ibrət alsınlar”. ((Duxan, 44/58.))

“And olsun ki, biz bu Quranı ondan ibrət alınsın deyə asanlaşdırdıq. Heç düşünən yoxdurmu?”. ((Qəmər, 54/17.))

Allah Təala Quranı necə oxumaq lazım gəldiyini isə belə izah etmişdir:

“Ey örtünüb bürünən! Gecənin yarısında, istəsən bir az sonra, istəsən də ondan bir az qabaq qalx və ağır-ağır Quran oxu!

Biz sənə daşınması ağır olan bir söz (bir vəzifə, iş) yükləyəcəyik.

Gecə qalxmaq daha mənalı və o oxumaq daha təsirlidir.

Gündüz sənin bitib tükənmək bilməyən işlərin var.

Rəbbinin adını zikr et! Hər şeyi bir kənara qoyub yalnız Ona tərəf yönəl! O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa tanrı yoxdur! Elə isə Onu özünə vəkil et”. ((Muzzəmmil, 73/1-9.))

Bu ayələrdən açıq-aşkar görünür ki, Qurani-Kərimi oxumaq üçün bəzi mühüm məsələlərə diqqət yetirmək lazımdır. Bunun üçün hər şeydən əvvəl zehnin rahat və təmiz olduğu bir vaxt seçilməlidir. Allah bu vaxtın gecə yarısı olduğunu bildirir. İnsan səhur yeməyi üçün yuxudan qalxdığı vaxt zehni açıq və rahat olur. Məhz bu vaxt Quran oxunmalıdır. Ayələrdə bildirildiyi kimi ağır-ağır və düşünə-düşünə… Rəbbinin kəlamı ilə üzbəüz qaldığı vaxtlar bir müsəlman üçün çox qiymətli vaxtlardır. Odur ki, belə vaxtları uzatmaq lazımdır.

Gəlin, Ramazan ayında “Quranı xətm etmək (başdan-sona oxumaq)” üçün Rəbbimizin kəlamını necə deyərlər, “zay etməyək”. Quran oxuyarkən əsl qayəmiz onu anlamaq, yaşamaq, hökmlərini həyata keçirmək və yaşatmaq olsun. Buna görə də Quran oxuduğumuz vaxt gərək onu yaxşı-yaxşı başa düşüb qavramadıqca irəliləməyə cəhd göstərməyək. “Biz Quran ayələrini on-on alır və götürüb öyrəndiyimiz o on ayəni öz həyatımıza tətbiq etməmiş növbəti on ayəni götürmürdük”, – deyən Abdulla ibn Məsud (Allah ondan razı olsun) kimi… Biz Qurani-Kərimə əslində: “Biz Qurandan əvvəl iman gətirməyə çalışdığımız uzun bir dövr keçirdik. Quran surə-surə nazil olurdu. Biz bu surələrdə bildirilən halal, haram, əmr və qadağaları öyrənirdik. İndi isə imandan əvvəl Qurandan yapışan, onu Fatihə surəsindən başlayıb axıradək oxuyan, lakin Quranın əmr və qadağalarından xəbəri olmayan, nə etməli olduğunu qətiyyən bilməyən və oxuduğu ayələri çürük xurma kimi ora-bura səpələyən neçə-neçə insanlar görürəm”, – deyən Abdulla ibn Ömər (r. a.) kimi “şüurlu” surətdə yaxınlaşmalıyıq.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.