Müsəlmanlar

Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını?

Sual: Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? Qısaca, bizim məqsədimiz Cənnəti qazanmaq olmalıdır? Ya da sualımı belə soruşum: Biz Allahdan qorxduğumuz üçün, Onu sevdiyimizə görə, yoxsa qəbir əzabı çəkməkdən qorxduğumuza görə ibadət etməliyik?

Cavab: İbadət Allaha ürəkdən, istəyərək yönəlmək və itaət etmək deməkdir. Allahın əmr və qadağalarına tabe olmaqda ən böyük məqsəd Allahın rizasını qazanmaqdır. Amma bəndələr eyni zamanda Allahdan qorxduqları üçün də ibadət edirlər. Bununla yanaşı, Allahın verməyi vəd etdiyi mükafatları almaq üçün də Ona ibadət etmək lazımdır.

Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Rəbbinizdən olan məğfirətə (bağışlanmağa) və eni göylərlə yer qədər olan Cənnətə (qovuşmaq üçün) yarışın. O, müttəqilər üçün hazırlanmışdır”. ((Ali-İmran, 3/133.))

Bu ayədən belə başa düşülür ki, məğfirət və Cənnəti qazanmaq bir möminin məqsədidir. Başqa sözlə, mömin bunlara qovuşub çatmaq üçün var gücüylə çalışmalıdır.

Başqa bir ayədə isə hədəflər Allahın mərhəmət və rizası və yenə Cənnəti qazanmaq olaraq göstərilib:

“Rəbləri onları Özündən bir mərhəmət, bir riza (razılıq) və içərisində onlar üçün bitməz-tükənməz nemətlər olan Cənnətlə müjdələr”. ((Tövbə, 9/21.))

Allah Təala digər bir ayədə bildirir ki, məqsədlərin ən böyüyü Onun rizasıdır:

“Allah mömin kişi və qadınlara içində əbədi qalmaq üzrə altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etdi. Allahın rizası isə hamısından böyükdür. Böyük qurtuluş da budur”! ((Tövbə, 9/72.))

Bunların hamısı nəticə etibarilə bir-biri ilə sıx əlaqədardır. Cənnət üçün çalışan onsuz da Allahın rizasını qazanmaq üçün çalışır. Allahın rizasını qazanmaq üçün çalışan da həm onun mərhəmətini, həm də Cənnəti qazanmaq üçün çalışır. Lakin bu hədəf və məqsədlərin ən ucası əlbəttə ki, Allahın razılığını qazanmaqdır.