Sual: Lotereya, lotto, toto və digər bəxt oyunlarından götürülən qazanc dinimizə əsasən haramdır?
Cavab: Nəticəsinin nə və necə olacağı məlum olmayan bir şeyə aludə olub mal-mülkü asanlıqla əldən vermək, yaxud da bu yolla zəhmət çəkmədən və heç bir əmək sərf etmədən pul qazanmaq haramdır. Kart, domino, nərd və bunlara oxşar oyunlar vasitəsilə qumar oynayan insanlar axırda kimin udacağı naməlum olan bir oyuna aludə olaraq pul qoyur və ya bu formada zəhmət çəkmədən pul qazanırlar. Eyni şeyi toto və lotereya haqqında da demək olar. Yəni, vəziyyət bunlarda da eynidir. Bu oyunlarda iştirak etmək üçün verilən pulların bir hissəsi oyunu idarə edən müəssisə tərəfindən götürülür. Məbləğin yerdə qalan hissəsi isə iştirakçılar arasında tiraj keçirilməsi nəticəsində uduş qazanan bir neçə nəfərə və ya totoda olduğu kimi təxminən doğru çıxan bir neçə iştirakçıya verilir.
Cahiliyyə dövründə bütpərəst Ərəblər arasında da indiki lotereyaya oxşayan bir qumar oyunu var idi. Onlar bununla fəxr edirdilər. Məsələn, bir dəvəni kəsib 28 paya bölürdülər. Oyunda iştirak edənlər dəvənin pulunu verirdilər. Onların arasında uduş üçün oyun keçirilirdi. Üçü boş, yeddisi dolu olmaqla on ədəd oxları olurdu. Həmin oxları bir kisəyə doldururdular və mötəbər bir şəxs oyunun hər bir iştirakçısının adına püşk atırdı. Oxu boş çıxanlar dəvədən pay ala bilmirdilər. Dolu çıxanlar isə öz paylarını kasıblara verirdilər. İslam dini bunu qumar saymış və qadağan etmişdir. ((Muhammed Hamdi Yazır, Haqq dini, Quran dili, 1-ci cild, s. 764-765.))
Xeyriyyə cəmiyyətləri və ya humanist məqsədlər adı altında olsa belə, qumar və lotereyaya icazə vermək mümkün deyil. Bu, rəqs, balet və çılpaq manekenlərin moda nümayişi mərasimi ilə yığılan yardımlara oxşayır. Belə ki, burada məqsəd gözəl olsa da, istifadə olunan vasitə düzgün deyil. Pis bir şeyin qarşısını almaq dinimiz tərəfindən yaxşı bir şeyə sahib olmaqdan üstün hesab edilib. Bu qayda İslam hüququnda dəfi-məfasid cəlbi-mənafidən övladır (pis bir şeyin qarşısını almaq mənfəət əldə etməkdən əvvəl gəlir) prinsipiylə ifadə olunmuşdur.
Beləliklə, toto, lotereya, lotto və sairə kimi oyunlara icazə vermək dinimiz baxımından mümkün deyil.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.