Müsəlmanlar

İmamlar xilafət davası güdmüşlərmi?

Sual: İmamlar Xilafət davası güdmüşlərmi?

Cavab: Çox yerində bir sualdır. Nəinki imamlar, heç peyğəmbərlər belə bir dava ilə gəlməmişlər. Onların daha böyük və müqəddəs amalları olmuşdur. Bu amalları uğruna mübarizə aparmışlar ki, bunların başında tövhid yer alır. Onlar insanlardan nimət olaraq bəxş edilən bu həyatı doğru dəyərləndirmələrini yəni, həyatlarının ilk sırasına Allahı, Onun əmr və tövsiyələrini qoymaqlarını istəmişdir.

Bilavasitə, bir insanın bu müqəddəs amalları əhəmiyyətsiz görüb bir kənara qoyması və həyatını başqa amallara həsr etməsi, qurban verməsi həmin insanın hədəfi azdığını göstərir. Allah belələrini Quranda “kafirlər, zalimlər, fasiqlər” adlandırır.

Əhli beyt imamları heç vaxt xilafət, vəlayət davası güdmədilər və taxt üçün mübarizə aparmadılar. Heç biri Allahdan belə bir əmr aldığını iddia etməmişdir. Əgər belə şey olsaydı, taxt davası güdmüş olardılar. Onların hamısı daha uca bir amal uğrunda, “əmr bil məruf və nəhy anil münkər=yaxşılığı əmr etmək və pislikdən uzaq tutmaq” üçün mübarizə apardılar.

Qurani Kərimdə imamətə, xilafətə və vəlayətə dair kiçik bir işarə belə yoxdur.

İmam Əliyə “Qədiri xümda” vilayət sözü verilməmişdir. Bu hədisdə ifadə edilən kəlimələri sonradan din xadimləri öz məqsəd və əqidələri yönündə təhrif etmişlər.[1]

Belə bir inancın alovlanmasında və müəyyən müddət sonra şiəliyin yaranmasında daha çox zalım Əməvi hökmdarları tərəfindən Hüseyn əleyhissəlama və digər əhli-Beyt imamlarına edilən vəhşiliklər böyük rol oynamışdır.

Nəticədə bu kimi tarixi faciələrin təsiriylə, bəzi din xadimlərinin də köməkliyi ilə zalıma qarşı məzlum rolu oynayan və bunun intiqamını almaya çalışan, mərsiyələrlə, matəmlərlə şəhadəti xatırlayan və özlərinə qarşı olanlara nifrət, kin qusan tarixi proseslərdən ibarət bir din meydana çıxarmışlar.

İslam beynəlxalq din olduğu üçün onun məsələləri də beynəlxalqdır. Bu səbəblə bu dini təkcə əhli-beytə və onun davasına həsr etməyə çalışmaq həm İslamı olduğu kimi qavramamaq həm də müsəlmanlar arasında fitnə, kin yaratmağa qapı açmaqdır.

Oxşar məlumat üçün aşağıdakı linklərə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6393.html

http://www.muselmanlar.com/fitvalar/6539.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bu barədə geniş məlumat istəyən linki tuşlasın: http://www.muselmanlar.com/dusunce-sahesi/5344.html