Müsəlmanlar

Müsəlman qadın dənizə gedə bilər?

Sual: Bəzi turizm firmaları dəniz kənarındakı otelləri kirayəyə götürüb, dəniz kənarını çadırlarla örtür və müsəlman qadınlar üçün dənizə girib, çimməyə şərait yaradırlar. Bu məsələni dini cəhətdən necə qiymətləndirmək olar?

Cavab: Dənizdən istifadə etmək baxımından kişilərlə qadınların arasında heç bir fərq yoxdur. Yəni, kişi də, qadın da müəyyən şərtlər daxilində dənizə gedib çimə bilər.

Qadınlar kişilərin də olduğu bir yerdə təsəttürə zidd bir geyimlə dənizə girə bilməzlər. Eyni zamanda kişilər də həm öz övrət yerləri açıq halda, həm də çılpaq qadınlarla bir yerdə dənizə girə bilməzlər. Yəni, həm kişi, həm də qadın üçün geyim-kecim və harama baxmaq nöqteyi-nəzərindən bir sıra qadağalar var. Qeyd edilən qaydalara rəayət olunsa, qadın da, kişi də arxayınlıqla dənizə girib, çimə bilərlər.

Allah Təala belə buyurur:

“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır”.

“Mömin qadınlara de ki, baxışlarını yayındırsınlar və ədəb yerlərini qorusunlar”. ((Nur, 24/30-31.))

Haşema ((Haşema bir tekstil məhsulu olub, üzmək üçün geyilən mayo və bikini kimi bədənin böyük hissəsini açıq qoyan geyimlərin əvəzinə xüsusi formada dizayn edilən, qadınların sadəcə olaraq üz, əllər və ayaqlardan başqa bütün bədənini örtən geyimə verilən ümumi addır.)) geyinib övrət yerlərini örtən qadın öz cavabdehliyini yerinə yetirir. Bunu etməyən qadınlar isə öz dini məsuliyyətlərini yerinə yetirməmiş olurlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.