Sual: Fitr sədəqəsini Ramazan ayından sonra da vermək olar? Sədəqə verilən şəxsə bunun sədəqə olduğunu mütləq demək lazımdır? Yoxsa sadəcə olaraq sədəqə niyyətinə vermək kifayətdir?
Cavab: Peyğəmbərimizin (ə. s.) hədislərinə əsasən fitr sədəqəsi bayram namazından əvvəl verilməlidir. Bundan sonra verilən sədəqə artıq fitr sədəqəsi deyil, Ramazan xaricində verilən digər sədəqələr kateqoriyasına daxil olur. Bu məsələyə dair hədis belədir:
Kim fitr sədəqəsini bayram namazından əvvəl versə, bu, məqbul bir zəkat olar. Kim də namazdan sonra versə, bu, sədəqələrdən bir sədəqə olar (Əbu Davud, Zəkat, 18).
Fitrə verən şəxsin daxilən niyyət etməsi kifayətdir. Onun fitrə verdiyi vaxt: “Bu, mənim fitrəmdir”, – deməyinə qətiyyən ehtiyac yoxdur. Hətta fitrəni verdiyi (fitrə alan) şəxsin xətrinə dəyəcəyi ehtimalına qarşı belə bir rəftardan xüsusilə uzaq durmaq lazımdır. Bəzi Maliki alimlərinin fikrincə, fəqirləri incidəcəyinə görə verilən şeyin sədəqə və ya zəkat olduğunu demək məkruhdur, başqa sözlə, xoşagəlməz bir şeydir.
Fitrə alan şəxsin aldığı şeyin fitrə olduğunu bilməsi də lazım deyil. Onun fitrə aldığına görə görməli olduğu bir iş də yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.