Müsəlmanlar

İsra və Merac

İsra və Merac

Oğuz Çetinoğlu – Merac qəndili, İslamda müqəddəs qəbul edilən, zaman məfhumlarından biridir. Merac isə; “Peyğəmbərimizin (s.a.s.), Məscidi-Haramdan Məscidi-Əqsaya, ordan da göyə yüksəldiyi səfər”– olaraq adlandırılır.

Müəllim, mövzunun yaxşı və rahat başa düşülməsi üçün əvvəlcə məkanları müəyyənləşdirmək lazımdır. Bu səbəblə əvvəlcə Məscidi-Haram, Məscidi-Əqsa və “göy” olaraq adlandırılan məkanlar haqqında məlumat verə bilərsinizmi?

Abdüləziz Bayındır- Bu mövzunu izah edən ana ayə budur:

“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidi-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidi-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.” (İsra 17/1.)

Məscidi-Əqsa, ən uzaq məscid deməkdir. Aşağıdakı ayələr onun yerini bildirməkdədir:

“Onu bir daha (özsürətində) enərkən gördü. Sidrətul-müntəhanın yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini ) gördü.” (Nəcm 53/13-18.)

Sidrətul-Müntəha yedinci qat səmadadır. [1] Məscidi-Əqsa isə oradakı Beyti-Məmurdur. Allahın elçisi əleyhissəlam bir gün əshabına: “Beyti-Məmurun nə olduğunu bilirsinizmi?”– deyə soruşdu: “Allahın elçisi daha yaxşı bilir”– dedilər. “O, göydə olan bir məsciddir, Kəbə tam altındadır. O məscid aşağı düşsə, Kəbənin üstünə düşər. Orada hər gün yetmiş min mələk namaz qılar. Oradan çıxanlar artıq bir daha oraya dönməzlər.”- dedi.[2]

Çetinoğlu – Məscidi-Əqsa Qüds deyilmi?

Bayındır – Xeyr, Qüdsdəki Əqsa, Əməvilər tərəfindən tikilmişdir.

Çetinoğlu – Orada Süleyman əleyhissəlam tərəfindən tikilən məbəd yox idi?

Bayındır – Var idi, amma iki dəfə yıxılmış və bir daha da yenidən tikilməmişdir. Babil kralı Buhtunnasır, miladdan 586 il əvvəl Qüdsü işğal edəndə, şəhəri tamamilə yerlə-yeksan etmiş, yıxılan Məbədin qapı və divarlarından sökdüyü qızıl işləmələri, qiymətli əşyaları, yığdığı qənimətləri və xalqının böyük bir qismini Babilə götürmüşdü. Quran, bu hadisəni belə izah edir:

“Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik. İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.” (İsra 17/4-5.)

Daha sonra Perslərin Babili, miladdan 539 il əvvəl ələ keçirməsilə İsrail oğulları azad edilir və Qüdsə geri qayıdırlar. Miladdan 515 il əvvəl yirmibeş il çalışaraq ikinci Məbədi inşa edirlər.[3]

Miladdan sonra 70-ci illərdə Romalı sərkərdə Titus şəhərini ələ keçirir, Qüdsü yandırır və Süleyman məbədini yerlə-yeksan edir.[4] Bu hadisə ayədə belə ifadə edilir:

“… Vədi gələndə, üzünüzü qara etsinlər və birinci dəfə o məscidə girdikləri kimi (yenə də) ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).” (İsra 17/7.)

Xəlifə Ömər, Qüdsün açarlarını alanda, şəxsən özü də çalışaraq Süleyman məbədinin Xristianlar olan vaxtı söküntülər altında qalan yerini təmizlədib, Səhranın cənubundakı düzlükdə camaatla namaz qıldırmış, sonra orada bir məscid tikdirmişdir.[5]

Daha sonra Əməvi xəlifələrindən Abdülməlik b. Mərvan (65/685) Qübbətul-Səhranı, oğlu I. Vəlid (86/705) də Məscidi-Əqsa adlanan məşhur məscidi tikdirmişdir.[6]

Çetinoğlu – Peyğəmbərin belə dediyi rəvayət edilmirmi? “Qüreyş məni yalanladığı zaman Hicrdə ayağa qalxdım. Allah mənə Beyti-Məqdisi göstərdi və ona baxaraq onun əlamətlərini onlara xəbər verməyə başladım.”[7]

Bayındır – Belə rəvayətlər, Qurana, tarixi həqiqətlərə və peyğəmbərdən gələn bu rəvayətə uymamaqdadır:

“Hatimdə idim (Hatim, Kəbənin qızıl oluk tərəfində yarım dairəyə oxşar, divarla çevrili yerin adıdır.). Cəbrayıl gəldi məni götürdü və birinci qat səmaya yüksəltdi…”[8]

Peyğəmbərimizin Kəbədən birbaşa səmaya yüksəlməsi Qüdsə getmə işinə tərs düşür.

Çetinoğlu – İslami mənbələrə əsasən Mirac, 2-ci mərhələdə baş verir: Birinci mərhələ, Məscidi-Haramdan Məscidi-Əqsaya edilən səfərdir ki, ona İsra deyirlər. İkinci mərhələ isə göylərə yüksəlmək… Sizin dediklərinizə görə Qüdsdəki Məscidi-Əqsaya səfər edilməmişdir. Ancaq İsranın Quran ilə Meracın da sünnə ilə sabit olduğu ifadə edilir, bunu necə yorumlayırsınız?

Bayındır – İsra, gecə yürüyüşü mənasına gəlir. Ayədəki Məscidi-Əqsanın, Əməvilər tərəfindən tikilən Məscidi-Əqsa ilə qarışdırılması səhv düşüncələrə yol açmaqdadır.

Çetinoğlu – Merac fərqli bir şeydirmi?

Bayındır – Merac, nərdivan və lift kimi yuxarı çıxaran alət mənasına gəlir.[9] Əbu Said əl-Xüdrinin rəvayətinə əsasən peyğəmbərimiz belə demişdir: “…Sonra insanların ruhlarının, üzərində göyə yüksəldiyi Merac gətirildi. Heçkim ondan gözəlini görməmişdir. Ölüm ayağında olan bir insanın həsrətlə gözünü göyə necə dikdiyini görmədinizmi?[10]

Çetinoğlu – Burada normal insan ağlının idrak edə bilməyəcəyi bir haldan bəhs edilir. Bu cür iddia sahiblərinə nə demək lazımdır?

Bayındır – Mövzu, Quran-Sünnə mühtəvası daxilində ələ alınarsa bir problem olmaz. Çünki göylərdə yollar, qapılar və daha necə miraclar, yəni yüksəlmə alətləri vardır.

Çetinoğlu – Bunlar mənim üçün yeni terminlər. Bəs, Merac kəliməsinin Quranda keçməmiş olmasını necə yorumlamaq lazımdır?

Bayındır – Merac Quranda, məaric, cəm şəklində ifadə edilməkdə və bu kəlimə keçən surə də bu adla adlanmaqdadır. Bu o qədər mühümdür ki, Allah Təala özünü “meraclar sahibi”- deyə adlandırmışdır. Mələklər və ruh, o meraclar üstündə yüksəlir. (Məaric 70/3-4). Amma özünü böyük görüb Allahın ayələri qarşısında yalan danışanlara göyün qapıları açılmaz. (Əraf 7/40)

Çetinoğlu – Beş vaxt namazın meracda fərz edildiyi deyilir… Namazın 50 vaxt olaraq əmr edildiyi, Musa əleyhissəlamın tövsiyəsi üzərinə Peyğəmbərimizin İlahi-Hüzura müraciəti və niyazının qəbul edilərək 5 vaxta düşürüldüyü rəvayətlərinə şübhə ilə yanaşanlar var. Onlar deyirlər ki; “Allah Təala səhv etməz. Onun, (peyğəmbər olsa belə) qullarının tövsiyyəsinə ehtiyacı yoxdur.”

Bayındır – Son cümləsini üz deyirlər. Peyğəmbərimizin Musa əleyhissəlam ilə Allah Təala arasında (namaz bazarlığı üçün) get-gəl etdi deyə edilən rəvayət, Quran ayələrinə tərs düşməkdədir. Həm Muhəmməd həm də Musa əleyhissəlam, İbrahim əleyhissəlamın nəslindəndir. Onun belə bir duası vardır: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namazı (tam) qılanlardan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim 14/40.)

Bu ayə ilə əlaqədar digər ayələrə baxanda bütün peyğəmbərlərin eyni namazı qıldıqlarını görürük. Peyğəmbərimizin bu hədisi də bunu dəstəkləməkdədir:

“Cəbrayıl  Kə’bənin yanında mənə iki dəfə imamlıq etdi. Birincisində  günəşin batdığı və oruclunun iftar etdiyi saatda axşam namazını qıldırdı. Şəfəqın itdiyi saatda da işa qıldırdı… Cəbrayıl ikinci dəfə imamlıq etdiyi vaxt  axşam namazını ilk günkü vaxtda qıldırdı. İşa namazını isə gecənin üçdə biri keçməkdə olduğu ərəfədə qıldırdı. Sonra Cəbrayıl Peyğəmbər əleyhissəlama dönü belə dedi: “Bu iki namaz (günorta və ikindi, axşam və işa) arasındakı vaxt genişliyi, səndən əvvəlki ümmətlərə də verilmiş bir rahatlıqdır.”[11]

Bu hədisdəki son cümləyə diqqət etmək lazımdır. Nəticə olaraq həm ayələr, həm də hədislər, namazın onsuzda beş vaxt olduğunu göstərir.

Çetinoğlu – Qurani-Kərimdəki ayələrin böyük əksəriyyəti Cəbrayıl əleyhissəlam vasitəsilə nazil olduğu halda, bəzi ayələrin Allah tərəfindən şəxsən peyğambərimizə təbliğ edilməsinə necə yanaşırsınız?

Bayındır – Quranın hamısını Cəbrayıl əleyhissəlam gətirmişdir. Bəzi ayələrin Allah tərəfindən şəxsən peyğəmbərimizə təbliğ edilməsi deyə bir şey olmaz. Allah Təala belə buyurur:

“Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük )hör­­mət sahibidir, orada itaət ediləndir, etibarlıdır.” (Təkvir 81/19-21.)

Elçinin işi, birinin sözünü digərinə çatdırmaq olduğu üçün onların çatdırdıqları əslində Allahın sözləridir.

Çetinoğlu – Meracın bədənlə yoxsa ruhlamı olduğu barədə mübahisə vardır. İnananların əlbəttə ki, şübhəsi yoxdur. Sizcə bu səyahətdə ruh və bədən bütünlüyünü necə başa düşməliyik?

Bayındır – Alimlərimizin ayələri öz başlarına yorumlamaları onların təməl xətalarından biridir. Halbuki, Allah Təala buna icazə verməməkdədir:

“Əlif. Ləm. Ra. (Bu,) Bu elə bir kitabdır ki, Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmişdir. (Bu ona görədir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.” (Hud 11/1-2.)

Allah, ayələri ayələrlə izah etmişdir. Bu metod tətbiq edilmədiyi təqdirdə, Quran-sünnə mühtəvası pozulur və ziddiyyətlər baş göstərir. İzahatı Qurandan aldıqda, Allah Təalanın belə dediyini görürük:

“(Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı.” (Nəcm 53/17.)

Gözün yayınmaması və həddi aşmaması, ancaq ruh və bədənin birləşməsilə mümkündür. Bu səbəblə bu hadisə ayıq halda və ruhla bədən birlikdə olduğu zaman baş vermişdir.

Çetinoğlu – Əlmalılı Həmdi Yazır; “Merac hadisəsini ümumiyyətlə ağılla idrak etmək asan deyildir.”– deyir. Bu söz, bəzi insanları şübhəyə sövq edərmi?

Bayındır – Bütün bunlar, insanların az məlumatlı olmasından irəli gəlir. Müasir dövrümüzdə astronomların üzərində çalışdığı göy, birinci qat göydür. Allah Təala belə buyurur:

“…Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizə­­mizə götürdük…” (Füssilət 41/12.)

Dünya səması olan birinci qatdan sonra altı qat daha vardır. Nuh əleyhissəlam dövründə onların hamısı ovuc içi kimi bilinirdi. O, qövmünə belə demişdi:

“Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?” (Nuh 71/15)

Ayədəki “Görmürsünüz?”- sözü, görən adam kimi bilmədinizmi, deməkdir. Onlar o səmalara çıxmış ola bilərlər. Əgər belə tez çıxaran bir mirac olmasa onlardan hansının ömrü oralara çıxmağa yetər? Quranda:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır…” (Talaq 65/12.)

Bu ayəyə əsasən, üstündə yaşadığımız yer, yerin yedinci yəni, üst qatıdır. Göylər də eyni olduğu üçün onun yedinci qatının insanlar üçün əlverişli olması lazımdır. Necə ki, göylərə gedilən qapılar varsa, yerin mərkəzinə gedilən qapılar da olmalıdır. Oralardan keçmək üçün kifayət qədər məlumat və təchizata sahib olmaq lazımdır. Bu barədə Allah belə buyurur:

“Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.” (rəhman 55/33.)

Deməli, o gücü əldə edəndə həm yerin mərkəzinə, həm sə göyün ən üst qatına getmək olar.

Çetinoğlu – Bunlar çox maraqlıdır. Siz mənə şübhə ilə iman arasındakı əsas fərqin nə olduğunu izah edə bilərsizmi?

Bayındır – İslam dinində əqidə, dəqiq dəlillərə əsaslanması lazımdır. Şəhadət kəliməsinin mənası budur; “Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şahidlikedərəm ki. Muhəmməd Allahın qulu və elçisidir.”

Şəhadət gətirmək üçün dəqiq biliyə yiyələnmək lazımdır. Öyrənmədən, şübhə ilə dəqiq elmə nail olmaq çətindir. Bu barədə nümunəmiz İbrahim əleyhissəlamdır:

“Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə 2/260.)

Şübhələnmək insanın ən təbii haqqıdır. Kafirlik də həqiqətləri başa düşdükdən sonra qəbul etməmək və bu həqiqətlərin üstünü örtməkdir.

Çetinoğlu – “Heçbir vəhy ağla tərs deyildir. Fəqət hər ağıl hər vəhyi idrak edə biləcək gücdə deyildir.”- deyilir. Bu sözə münasibətiniz nədir?

Bayındır – Dini, Allahın tərif etdiyi kimi başa düşsək heçbir problem olmaz. Allah belə deyir:

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum 30/30.)

Fitrət, varlıqların əsası və bu əsası meydana gətirən yaradılış, dəyişiklik, inkişaf və qanunlarıdır. İnsanların, heyvanların, bitkilərin, yerin, göyün əmələ gəlməsi və fəaliyyəti bununla əlaqəlidir. Deməli, Allahın dini, varlıqlarda fəaliyyət göstərən qanunlar bütünüdür. Təbiətdəki hadisələri başa düşmədiyimiz nisbətdə vəhyi başa düşmürük.

Çetinoğlu – Merac hadisəsi səbəbilə; son peyğəmbərin gətirdiyi mesajın bütün dinlərə hakim olacağı deyilir. Bunu necə başa düşək? Musəvilər, xristianlar və başqaları hamısı müsəlman olacaq?

Bayındır – İslam bütün yer üzünə hakim olacaqdır. Allah Təala belə buyurur:

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.” (Tövbə 9/32-33.)

Peyğəmbərimiz əlyhissəlam,  İstanbulun zəfərini bu səbəblə müjdələmişdir. O, belə buyurmuşdur: “Konstantiniyyə (İstanbul) şübhəsiz fəth ediləcəkdir. Onun əmiri nə gözəl əmir; o ordu nə gözəl ordudur.”[12]

Yəhudilər və İsa əleyhissəlam İsrailoğullarındandır. Onlara söz verilən dünya hakimiyyəti budur. O sözün yerinə gətirilməsi üçün Muhəmməd əleyhissəlama inanmaları və ona uymaları lazımdır. Allah Təala belə buyurur:

“Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun! Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.” (Bəqərə 2/40-41.)

İslamın hakim olması, hamının müsəlman olacağı mənasına gəlməz. Çünki inanc, hər insanın hür olaraq verəcəyi qərara buraxılmışdır.

Çetinoğlu – Merac gecəsini müsəlmanlar necə dəyərləndirməlidir?

Bayındır – Qəndil gecələri nə Quranda nə də sünnədə yoxdur. Ümumiyyətlə bu gecələrin digər gecələrlə heçbir fərqi yoxdur. Bunlar, peyğəmbərimizdən daha sonra Misir və Qüdsdə keçirilməyə başlanmış, sonra isə digər bölgələrə yayılmışdır.

Çetinoğlu – Namazın möminin meracı olduğu haqda nə deyə bilərsiniz?

Bayındır – İnsan, namazda Allah ilə baş-başa olur. Dualar və ayələr oxuyaraq Allah ilə birbaşa görüşmə imkanı əldə etmiş sayılır. Səcdəyə gedəndə də bütün istək və arzularını Allaha açıb kömək istəyə bilir. Bu yöndən namaz, möminin meracına bənzəməkdədir.

Çetinoğlu – Verdiyiniz müsahibə üçün təşəkkür edirik.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Buxari, Bədul-xəlq 6.

[2] Muhəmməd b. Cərir ət-Təbəri “Camiul-Bəyan fî Təvilil-Quran”, Beyrut 1992, c: 11, s: 481.

[3] Nəbi BOZKURT, Məscidi-Əqsa, DİA, Ankara 2004.

[4] Nəbi BOZKURT, Məscidi-Əqsa, DİA, Ankara 2004.

[5] Nəbi BOZKURT, Məscidi-Əqsa, DİA, Ankara 2004.

[6] İsmail Yiğit, Əməvilər, DİA, İstanbul 1995.

[7] Müslim, İman,276 ; Buxari, Fəzailüs-səhabə,70, Təfsir,200; Tirmizî,Təfsir,18.

[8] Buxari, Tövhid, 37 , Mənakıbul-Ənsar,42,  Həcc,76, Müslim, İman,263.

[9] Lisanul-ərəb, Essıhah filluğa, Mufrədat el-fazil kur’an, Muhtar  es-sihah, Tehzibul-luğa, əl-məğrib, Tacul-arus, vs. kitablarının “arece” maddəsi.

[10] Əbubəkr Əhməd b. Əl-Huseyn əl-Beyhakî, Delailun-nubuvve ve marifet ahval-i sahibiş-şerîa, Beyrut 1988, c. II, s. 391.

[11] Sünən əbu Davud, salat 393, Tirmizî, Məvakit, 1.

[12] Əhməd İbn Hənbəl, “Müsnəd”, 4/335.