Müsəlmanlar

Kabus və qarabasma nədir?

Sual: Mən kabus haqqında sual soruşmaq istəyirəm. Həmişə olmasa da, çox vaxt yuxudan qəfil oyanıram və nə hərəkət edə, nə də danışa bilirəm. Mən belə hesab edirəm ki, bu, kabus deyilən şeydir. Bunun dini cəhətdən hər hansı bir əsası varmı? Yoxsa bu, sadəcə olaraq psixoloji bir məsələdir?

Cavab: Kabus adlandırılan bu məsələyə yuxu iflici kimi tərif verilir. Bu, yuxudan oyandıqdan sonra bədənin müvəqqəti olaraq hərəkət edə bilməməsi halıdır. Bunun yatarkən arxası üstə uzanmaq, qeyri-müntəzəm yatmaq kimi fizki və stres kimi psixoloji səbəbləri ola bilər. ((Geniş məlumat üçün baxın: Wikipedia.)) Kabus görmək deyilən belə hadisənin cinlərdən irəli gəlməsi də mümkündür. Çünki məlumdur ki, cinlər insanlara müxtəlif yollarla təsir edirlər. Cinlər də insanlar kimi ağıllı və şüurlu varlıqlardır. Bəzi cinlərin işi-gücü pislik etməkdir. Amma belə hallarda narahat olmamaq lazımdır. Belə ki, siz axşam yatmazdan əvvəl Qurani-Kərimdən İxlas, Fələq və Nas surələrini mənaları ilə birlikdə oxusanız, inşallah bu cür şeylər bir də baş verməz.

Rəsulullah (s. a. v.) cinlərdən və insanların şərrindən (müxtəlif dualar oxuyaraq) Allaha sığınırdı. Muavvizəteyn (Fələq və Nas surələri) nazil olduqdan sonra da bu iki surəni əsas götürdü; digər duaları bir də oxumadı. ((Tirmizi, Tibb, 16; İbn Macə, Tibb, 33.))

Başqa bir rəvayətdə:

Peyğəmbər (s. a. v.) hər gecə yatağına girdiyi vaxt əllərini üfürüb muavvizəteyni (Fələq və Nas surələri) və İxlas surəsini oxuyur, əllərini üzünə və bədəninə sürtürdü. Bunu üç dəfə təkrar edirdi. Xəstələndiyi vaxtlarda məndən onun üçün eyni şeyi yerinə yetirməyimi tələb edirdi. ((Buxari, Fəzailul-Quran, 14, Tibb, 39, Dəavat, 12; Müslim, Salam, 50; Tirmizi, Dəavat, 21; Əbu Davud, Tibb, 19.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.