Sual: İslamda yuxu görmək və yuxu yozmağa necə baxılır? Bunun insan həyatındakı əhəmiyyəti, yaxud rolu nədir?
Yuxu görmək və yuxuların yozumu
Cavab: İnsan ruh və bədənin birləşməsindən ibarətdir. Ruh bədəndən öz evi kimi istifadə edir. Belə ki, ruh insan yuxuda olduğu vaxt çıxıb gedir və oyandığı vaxt geri qayıdır. Ölən bədən uçmuş ev kimidir; yenidən tikilənə qədər ruh oraya qayıtmır. Aşağıdakı ayə bu məsələdən bəhs edir:
“Allah ölüm(ü) vaxtı ruhları alır, ölməyənlərinkini də yuxuda alır. Ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxtadək təxir edir. Düşünən bir qövm üçün bunda əlamətlər vardır”. ((Zumər, 39/42. Bu ayə Ərəb dilindən Azərbaycan dilinə belə tərcümə edilmişdir:
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır! – Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi.
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. – Ə. Musayevin tərcüməsi.))
Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Qurani-Kərim bizə ölmüş bədəndən çıxan ruhun danışacağı sözləri bildirir:
“Onlardan birinə ölüm gələndə deyər: “Rəbbim! Məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm”. Xeyr, bu onun dediyi sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx (maneə, sədd) var”. (Müminun, 23/99-100)
Deməli, ölən insanın ruhu ilə yatanın ruhu eyni yerə gedib bir-birilə görüşür. Fikirləşən hər bir şəxs bununla yuxu arasında əlaqə qura bilər. Bir-birinə rast gələn ruhlar danışa və bir-birinə məlumat verə bilər. Peyğəmbərimizin babası Abdulmuttalib gördüyü yuxuya əsasən uzun müddətdən bəri yox olub gedən Zəmzəm quyusunu və oradakı xəzinəni tapıb çıxartmışdı.
Qurani-Kərimdə yuxu ilə əlaqədar çoxlu misallar var. Belə ki, Quranda (Yusuf surəsində) Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə həbsdə olan iki nəfərin yuxuları və hökmdarın yuxusundan danışılır. Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində isə Muhəmməd peyğəmbərin yuxusu danışılır. Bu yuxular hansısa izaha ehtiyac olmayacaq şəkildə açıq-aydındır.
YUXU YOZMAQ
İndi isə Yusuf peyğəmbərin gördüyü yuxunu qiymətləndirib yuxu yozmaq məsələsini başa düşməyə çalışaq:
“Misir hökmdarı belə demişdi:
“Mən yeddi kök inəyi yeddi arıq inəyin yediyini görürəm; yeddi yaşıl sünbül və bir o qədər də quru sünbül görürəm. Ey əyanlar! Yuxu yozmağı bacarırsınızsa, mənim yuxumu doğru-dürüst yozun”.
Əyanlar: “Bunlar qarmaqarışıq yuxulardır. Biz bu yuxuların yozumunu bilmərik”, – dedilər.
Zindandan azad olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu xatırlayıb: “Mən sizə o yuxunun yozumunu bildirəcəyəm, mənə icazə verin!”, – dedi. Sonra Yusufun yanına gəldi. Yusuf da yuxunu yozub belə dedi:
“Yeddi il fasiləsiz əkin, bütün məhsulu yeyəcəyiniz az bir hissə istisna olmaqla sünbüldə saxlayın. Bunun ardından yeddi qıtlıq ili gələcək və bütün yığdıqlarınızı tədarük etdiyiniz az bir hissə istisna olmaqla yeyib qurtaracaq. Sonra (bunun ardınca) xalqın rahatlığa qovuşacağı bir il gələcək; o vaxt da sıxıb sağarlar (bolluq olar)”. (Yusuf, 12/43-49)
Yuxu yozmağı bacarmaq üçün gündəlik həyatdakı bir hadisənin yuxuda hansı simvola oxşadığını bilmək lazımdır. Bu əlaqəni qura bilməyənlər yuxu yoza bilməzlər. Misir hökmdarının adamları məhz bu əlaqəni qura bilmədiklərinə görə hökmdarın yuxusunu yoza bilməmişdilər.
RUHLA BƏDƏN ARASINDAKI ƏLAQƏ
İnsan ruhla bədənin vəhdətindən ibarət olduğuna görə bədənlə ruh arasında sıx bir əlaqə var. Düzgün yuxu bu əlaqənin ən aşağı dərəcəyə düşdüyü vaxtda – bədənin dincəldiyi və ruhun rahatlıq tapdığı bir anda görülür. Ruh bu vəziyyətdə onu məşğul edən şeylərdən və gündəlik həyatdakı hadisələrin təsirindən uzaqlaşmış olur. Biz bunu peyğəmbərimizin aşağıdakı sözündən başa düşürük:
“Ən sadiq yuxu səhər vaxtlarında görülən yuxudur”. (Tirmizi, Röya, 3 (2275)
Səhər vaxtı bədən dincəlmiş, mədə boş, beyin və ruhun məşğuliyyəti ən aşağı dərəcəyə enmiş olur.
İnsanın fiki-zikri bir şeyə yönəlibsə, yaxud bir məsələ onun şüurunda özünə yer edibsə, bu, yuxu kimi görülə bilər. Məsələn, bir qıza aşiq olan və onunla evlənmək xəyalları quran bir oğlan yuxusunda o qızla evləndiyini görə bilər. Lakin bu, həqiqi yuxu olmaz.
Şeytan Allahdan insanları yoldan çıxartmaq üçün səlahiyyət aldığına görə öz işini yuxuda da davam etdirə bilər. Peyğəmbərimiz belə buyurub:
“Yuxu üç növdür: Biri səhih yuxudur; bu, Allahdan bir müjdədir. İkincisi insanın ruhu ilə danışması, başqa sözlə, bədənin ruha pıçıldamağıdır. Üçüncüsü isə şeytanın insanı kədərləndirməsidir. Əgər sizin biriniz yuxuda xoşuna gəlməyən (xoşagəlməz) bir şey görsə, durub namaz qılsın və o yuxunu heç kimə deməsin”. (Müslim, Röya, 6, hədis nömrəsi 2263)
Peyğəmbərimizin bu məsələ ilə əlaqədar digər bir sözü belədir:
“Aranızdan bir nəfər xoşuna gələn bir yuxu görsə, bilsin ki, o yuxu Allahdandır. Bunun üçün Allaha həmd edib həmin yuxunu danışsın. Bundan başqa xoşuna gəlməyən bir şey görsə, bu, şeytandandır. Şeytanın şərrindən Allaha sığınsın və yuxusunu heş kimə danışmasın. O yuxu ona zərər verməz”. (Buxari, yenə orada)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.