Müsəlmanlar

Hərdən üsyan edib sonra tövbə etmək günahdır?

Sual: Mən hərdən Allaha üsyan edirəm. Amma sonra tövbə edirəm və ağlayıram. Yenə üsyan edirəm yenə tövbə edirəm. Mən günah işləyirəm?

Cavab: Üsyan etməyin ən böyük səbəblərindən biri, Allaha güvənməməkdir. İnsanların özləri Allaha (Haqqa) xidmət etmək əvəzinə, Allahın onlara xidmət etməsini istəyirlər. Bu səbəblə istəkləri yerinə yetməyincə ya da bir az çətinə düşdükləri zaman üsyan edirlər.

Biz hər cür sınağa çəkilə bilərik. Bu barədə Allah bizə belə buyurur:

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: ‘Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!’– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Bəqərə 2/155-157.)

İnsanlar arasında ən böyük və ən çətin sınaqlara çəkilənləri Allahın ən çox sevdiyi elçiləri olub.[1] Kiçik imtahanların kiçik, böyük imtahanların da böyük mükafatları vardır. İnanan insan, ən böyük və əbədi  mükafatı olacaq cənnətini qazanmaq qarşılığında nəyə qatlanmaz ki? Kərəm sahibi Allaha şükürlər olsun ki, O bizə dünya və axirət nemətlərinə şükr etmək və müvəqqəti sıxıntılara sinə gəlmək qarşılığında sonsuz mükafatlar bəxş edir! Allahın böyüklüyünü və mərhəmətini idrak etmək üçün bunu bilmək kifayətdir.

İnsanların çoxu isə bütün bunlara inanmadığı və ya Allaha güvənmədikləri üçün müvəqqəti olan dünya həyatını əbədi olana seçərlər. Belə bir cəhalət də (Allahın qəhrinin şiddətini bilməmələri) onlar üçün bir fəlakət olaraq kifayətdir.

Nəticə olaraq, insan üçün əsas olan bir işin nəticəsinin xeyrli olmasıdır. Bu səbəblə dünyada hər cür müsibətə, çətinliyə; yəni imtahanlara üsyan etmədən, Allahın istədiyi ölçüdə qarşılıq verməliyik. Yoxsa hər imtahanda üsyan edib, sonra tövbə etməklə bu işi yola vermək olmaz. Həqiqi tövbə etməklə günahınızın silinmə ehtimalı vardır, ancaq verilən imtahanın savabını isə qaçırmış olursunuz.

Allah güvəninizi və mətanətinizi artırsın!

Suala cavab verdi: Aydın Mülayim.

Buna oxşar sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5870.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bax: Bəqərə 2/214; Ənam 6/34; Yusuf 12/93; İbrahim 14/12.