Ümmətin islahı nə ilə mümkündür?
Atalarımızın çoxu cəhalətləri ucbatından bu məzhəblərdən çox çəkmiş… Son əsrdə Rus işğalçılarını da əlavə edərsək fələyini çaşan bu umməti Allahından, kitabından uzaq ideologiyaların hərəsi dartdı bir tərəfə… Biri axirətdə digəri dünyada cənnət vəd etdi. Biri dini, digəri dünyəvi cəhətdən istismar etdi və hələ də etməkdədir. Kitabını unudan ummətlərin aqibəti hər zaman belə olur. Ya dünyaya aldanır ya da axirətə. Allahdan gələn kitablarda isə belə yazılır (Dünyanı da axirəti də verən Mənəm. Hər ikisini cənnnətə və cəhənnəmə dönüşdürmək sizin əlinizdədir.): “Hər kəs öz əməlinin girovudur!” (Müddəssir 38)
İndi gələk bir məzhəbi və ya hər hansı bir ideologiyanı mənimsəyib, onu həyata keçirməyə çalışanların nə hala düşdüyünə: “Bunlar, Allahın dini (qanun), məzhəbi (yolu) yerinə alimlərinin, rəhbərlərinin yolunu, dinini, məzhəbini seçənlərdir. Fitrəti (təbiəti) pozulmuş bu insanlar hər kəsi; atasını, anasını, qardaşını, qonşusunu, dostunu öz əqidəsi (!) üzərindən dəyərləndirir və istədiyinə Allah düşməni, xalq düşməni, kafir, zalım; istədiyinə də Allah dostu, xalq dostu, mömin, adil deyə bilirlər. Onların bütün bu dəyərləndirmələri kimə və nəyə qulluq etdikləri nisbətdə dəyişir. Artıq belə bir ideologiyaya sahib olanların çoxu mənliyini, vətənini, millətini, qeyrətini və hətta hər şeyini bu uğurda çəkinmədən satar və bunu şərəf və qəhramanlıq olaraq görər. Çünki bütün dəyərlər özlərinin qəbul etdikləri məzhəb, yol və məqsəd üzərindən ölçülməkdədir.”
Ümmətin düşdüyü bu psixoloji bataqlıqdan xilas olmasının bir tək yolu vardır: Allah, qədim xalqları belə vəziyyətdən qurtarmaq üçün öz elçilərini göndərmiş, onlara həqiqətin, kitablarının, məzhəblərinin bir olduğunu, bu səbəblə başqalarına aldanıb fərqli ideologiyalara, mənbələrə və məzhəblərə bölünməmələrini tövsiyə etmişdir. Artıq Allahın elçisi və yeni bir kitabı (məzhəblərin iddia etdiyi kimi İsa və Mehdi də) gəlməyəcəyi üçün biz öz əlimizdəki Qurana bərk sarılmalıyıq! Əksi təqdirdə bu sünilik, şiəlik və dinsizlik bataqlığından ümmətin xilas olması mümkün deyildir. Bunun tək formul olduğunu Allah kitabında deyir: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” (Əli İmran 3/103).
Aramızda mübahisənin də həll yolunu belə bildirir: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisə 4/59).
Bu ayə, sünni və şiənin təfsir etdiyi kimi, mübahisə düşəndə məsələni özlərinin təyin etdikləri imamlara deyil; Allaha və Elçisinə götürmək lazımdır. Yəni, Qurana. Yenə burada da hər iki məzhəbin başa düşdüyü kimi, Allah və Elçisi deyiləndə, bunlar fərqli iki mənbə deyil; eyni mənbədir. Allahın elçisi Allahın sözünü nəql edər və bir hərfini belə dəyişməyə haqqı yoxdur.
Qısacası, ümmətin islahı bir tək şeylə mümkün olar: “bu məzhəblər öz imamlarına və görüşlərinə Quran və sünnə ölçüsündə itaət etməli, bunun üçün də ilk əvvəl özlərinə verdikləri əlavə adlardan və üsullarından xilas olmalı, bir ümmi (uşaqlarına fərq qoymayan ana) kimi Quranı oxumalı və bulaşmış olduğu kirlərdən Onunla təmizlənməlidir!”
Müəllif: Aydın Mülayim.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.