Müsəlmanlar

Qurban kəsməyin Quranda dəlili varmı?

Sual: Bəziləri özlərinin dində Qurana əsaslandıqlarını, Quranda isə qurban kəsmə ibadəti olmadığını irəli sürürlər. Bu doğrudurmu? Quranda qurban kəsmənin dəlili yoxdur?

Cavab: Əvvəlcə bu barədə məzhəblərin dəlilləri və nəyə əsaslandıqları barədə qısa bir məlumat vermək uyğun olacaqdır. Məzhəblər ümumiyyətlə bu  barədə təkcə Kövsər surəsinin 3-cü ayəsini əsas alaraq fətva verməkdədirlər. Surənin ilk iki ayəsi belədir: اِنَّآ اَعْطَيْنَاكَ الْكَوْثَرَ  فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

“Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”

Məzhəblər bu surədəki “وَانْحَر” = “qurban kəs!” kəliməsinin əmrmi, tövsiyəmi, yoxsa, təkcə peyğəmbərəmi aid olduğu haqda fərqli görüşlərə sahib olublar. Bu fərqli görüşlərinə əsaslanaraq qurban bir qisminə görə vacib, digər bir qisminə görə isə sünnə olduğu qənaətinə gəliblər.

Müasir dövrümüzdə isə biz Qurana əsaslanırıq deyən, əslində isə Qurandakı bir çox əmrlərdən insanları uzaq tutmağa çalışanlar da təkcə bu ayəyə əsaslanaraq Quranda “وَانْحَر” kəliməsinin qurban kəsmə ilə əlaqəsi olmadığını iddia etməkdədirlər.

Əslində məzhəblər arasında bu fərqli görüşlərin yaranmasında və İslam düşmənlərinə bu cür materiallar verilməsində ən böyük qəbahət  yenə məzhəblərin əsaslandıqları metodolojidədir. Bu məzhəblər İslami hökmlərin çoxunda Qurana əsaslanmadıqları kimi bu mövzuda da Qurana əsaslanmamışlar. Quranda qurban barədə əsas ayələri gözardı edib, təkcə yuxarıdakı ayəni alaraq, onu da səhv yorumlamaq surətiylə hokm çıxarmışlar. Halbuki, təkcə bu ayə qurbana dəlil olmaz. Çünki, “وَانْحَر” kəliməsi “köksünə (üstündəki çüxura) biçaq saplayaraq kəs”– deməkdir. Ərəblər böyük heyvanları, dəvəni ayaqda köksünə biçaq saplayaraq kəsərlər.

Məzhəblərin və müstəşriklərin fikirləri haqda qısa bir məlumatdan sonra qurban kəsmə barədə Quranın dediklərini izah etməyə çalışaq:

“İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.”

“Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!” (Həcc, 27-28)

Ayədə İbrahim əleyhissəlama “məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər.”– deyilməsi, İbrahim əleyhissəlamdan əvvəl də bu ibadətin məlum olduğuna və müəyyən, bilinən günlərdən olduğuna işarədir. Çünki qurban ibadəti, Adəm əleyhissəlamdan bu yana davam edən bir ibadətdir. Bu barədə dəlilimiz yenə Qurana əsaslanmaqdadır:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc, 22/34)

Nəzərinizə çatdıraq ki, bu ayədə qurban kəsənin Allahın adını çəkməsi şərt qoşulmaqdadır. Bunun səbəbi də qurbanın bir ibadət olması vəsiləsilədir. Digər vaxtlarda Allahın adını çəkmək şərti axtarılmaz. Çəkilərsə daha yaxşıdır. Ancaq çəkilməsə də yenə problem yoxdur. Əti haram olmaz, yeyilir. Çünki haram olması üçün Allahdan başqası adına kəsilməsi lazımdır.[1]

Qurban kəsmənin bir başqa açıq dəlili də Həcc surəsinin 36-cı ayəsidir:

“Cüssələri mükəmməl olanları da sizin üçün Allaha qulluğun nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Cərgə-cərgə düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə şükür edəsiniz.”

Ayənin “Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin.” əmrinə əsasən qurbanlıqlar ən az üç yerə bölünür.

İndi isə qurbanın nə cür bir ibadət olduğuna, fərzmi, yoxsa sünnəmi olduğuna nəzər salaq:

Bir mövzu haqda dini bir fətva vermək üçün o sahədə nazil olan bütün ayələri birləşdirmək və eyni zamanda peyğəmbərimizin bu barədəki icraatlarına da baxmaq lazımdır. Peyğəmbər əleyhissəlamın belə, bir mövzu haqda Allahdan ətraflı izahat və əmr gəlmədikcə o movzu haqda heç bir tətbiqatı olmamışdır. Bu səbəblə peyğəmbərimiz Məkkə dövründə nazil olan Kövsər surəsindəki ayəylə hərəkət edərək, Məkkədə qurban kəsməmişdir. Bu barədə Mədinədə bir başqa açıq ayə gəldiyi zaman, qalxıb qurbanını kəsmişdir. Bu ayələrdən  birini yenə xatırladaq:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc, 22/34)

Bu barədə peyğəmbərin icraatlarını da təqdim edərək və yuxarıdakı ayələri də əsas gətirərək bunu rahatlıqla deyə bilərik ki, qurban ibadəti hər kəsə ayrı ayrılıqda deyil, bütün ümmətə fərz qılınan bir ibadətdir. Qurban, heç bir ibadətə bənzəməz; o, şəxslərə deyil, ümmətə fərz qılınmışdır. Bəzən bir adam ümmət adına qurban kəsə bilər. Eynilə fərzi kifayə kimi. Bu ibadəti bir nəfər yerinə gətirdiyi təqdirdə digərlərinin üzərindən fərziyyəti qalxar. Necəki Rəsulullah (s.a.v.) qurban bayramlarının birində tək birdənə qoç kəsmiş və belə demişdi:

“Mən, İbrahimin dini üzərə üzümü birbaşa göyləri və yeri yaradana tərəf çevirdim. Mən müşriklərdən deyiləm. De: mənim duam da, qurbanım da, həyatım və vəfatım da, aləmlərin Rəbbi olan Allah üçündür! Mən müsəlmanlardanam. Allahım bu səndəndir və sənədir; Muhəmməddən və ümmətindən, bismilləhi vallahu əkbər.”[2]

Bir dəfə Allahın Elçisi yaxşı baxımlı, buynuzlu, ala-bula iki qoç almışdı, onlardan birini “Allahım bu, ümmətimdən sənin birliyinə və mənim təbliğimə şəhadət edən hər kəsin adınadır” ikincisini də “Bu Muhəmməd və Muhəmmədin ailəsi adınadır.”-deyərək kəsmişdir.[3]

Nəticə olaraq bir daha bunu qeyd edək ki, müasir dövrümüzdə Qurana yönəlmənin gücləndiyini görən müstəşriklər, Quran adından özlərinə uyan və hər fürsətdə dini, müsəlmanları ələ salmağa çalışan bir təşkilat qurublar. Bunlar, biz Qurana əsaslanırıq deyib, insanları Qurandakı bir çox hökmlərdən, məsuliyyətlərdən uzaq tutmağa çalışırlar. Eyni zamanda mövzumuzla əlaqədar olaraq da Quranda bu qədər ayələr olmasına baxmayaraq, bir tək kəliməni istədikləri mənaya yorumlayıb, qurban ibadətinin olmadığını irəli sürürlər. Belələrinə qarşı ayıq olmaq və bu barədə əhli olmayanların yorumlarına aldanmamaq üçün çoxlu Quran oxumaq lazımdır. Allah bizi Allah adına, Quran adına və məzhəb adına aldadanların fitnəsindən qorusun! Amin!

Suala cavab verdi: Süleymaniyə elmi araşdırmalar cəmiyyəti.

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/5506.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə 2/173; Nəhl 16/115.

[2] Əhməd b. Hanbəl, Müsnəd, III, 356, 362; Əbu Davud, “Dəhaya” 8

[3] Əhməd b. Hanbəl, Müsnəd, VI, 391, 392.