Sual: Ölüm hökmünün bərpa edilməsi nə dərəcədə doğrudur?
Qisas və Edam
Həyatımızda qarşılaşdığımız insanlığa sığmayan bir çox cinayətlər bizi, müasir dövrümüzdə ölüm hökmünün bərpa edilib edilməməsi və belə bir hökmün insan haqlarına uyğun olub-olmaması mübahisəsinə gətirib çıxarır. Hətta dindar keçinən bir çox din xadimləri belə qisas cəzasının şəriət olmayan rejimlərdə tətbiq edilməməsi lazım olduğunu və bilavasitə bu, diktatorların çörəyinə yağ sürtmək (istəmədikləri insanları ortadan qaldırmaq) mənasına gəldiyini deyərlər. Elə məhz qələmə aldığımız bu məqalə, bu mübahisənin hardan qaynaqlandığını aydınlaşdırmaq və son günlərdə artan vəhşi cinayətlərin həlli yollarını göstərmək məqsədi daşıyır.
Hər dövrün özünəməxsus faciələri olur. Çox vaxtı bu faciələr bir-birinə bənzər formada, müxtəlif yerlərdə təkrarlanır. Bunların bir çoxunu tez-tez eşitdiyimiz üçün adi hal kimi qəbul edir və qulaq ardına vurub keçirik. Bəziləri isə fitrətimizə o qədər tərs gəlir ki, bunları adi hal kimi qəbul etmək ya da qulaq ardına vurub keçmək olmur (Ölkəmizdə 5, 9 yaşındakı qızların təcavüz edilib öldürülməsi kimi…). Bu cür cinayətlər, fitrətimizdə olan insanlıq duyğularını, “vicdan”, “namus”, “ədalət”, “haq-hüquq”, “qanun” və s. kimi məziyyətləri hərəkətə keçirməkdə və bizi çox rahatsız etməkdədir. Belə bir halda “intiqam”, “qisas”, “cəza” – kimi, fəryadı-fəğana səbəb məfhumları və maddələri səsləndirməyə başlayırıq. Bütün bu reflekslər təbiidir. Biz də bu yazımızı qeyri təbii hadisələrə qarşı təbii bir nəticəni əldə etmək üçün qələmə aldıq.
Mövzumuzla əlaqədar məqaləmizi iki bölümə ayırdıq. Birinci bölümdə, qisas və edamın fərqini və ölüm hökmünün yeganə şərtinin qisas olduğunu izah etməyə çalışacayıq. İkinci bölümdə isə ölüm hökmünü (qisası) yürürlükdən qaldırmanın xətalarına və ölüm hökmünü tətbiq etmənin sahəsini genişləndirərək edama dönüşdürmənin xətalarına təmas ediləcəkdir.
- Qisas və Edamın fərqi
Ölüm hökmünü iki fərqli yöndən ələ almalıyıq. Çünki, bu hökmün iki banisi vardır. Ölüm hökmündən olan qisasın banisi Allah, edam cəzasının banisi isə insandır.
İnsanların hər hansı bir cəzanın mahiyyətini yəni, fəsadlarını və ya faydalarını bilmədən həmin cəzaları tələb etməkləri özlərinə ədalət yerinə zülm gətirə bilər. Bu səbəblə ilk əvvəl istədikləri cəzanın mahiyyətini biləcək. Məsələn, hər bir müsəlman, mövzumuzla əlaqədar və son günlərdə tez-tez dilə gətirilən edam və qisas cəzasını yaxşı bilməli, arasındakı fərqi ayırd etməyi bacarmalıdır.
Ölüm cəzalarından biri olan və Allahın əmrlərindən sayılan qisas cəzasını müsəlmanların və İslam cəmiyyətinin tələb etməsi, onların təbii haqqıdır. Lakin ölüm cəzalarının hamısını əhatə edən edam cəzasını istəməkləri, xalqın “edam gəlsin!”-deyə bağırmaqları isə, onların edam cəzasının mahiyyətini bilmədiklərini və öz əlləriylə boyunlarına kəndir salmaq istəməsinə bənzəyir. Çünki, edam cəzası, heç bir əsası olmayan və keçmişdən günümüzə qədər zalım idarəçilərin insanları susdurmaq, özünə qul etmək və ölkədə cinayətləri artıqrmaq məqsədiylə tətbiq etdikləri bir cəza sistemidir.
Əvvəlcə bunu qeyd etməliyik ki; ölkəmizdə qəbul edilib, tətbiq edilən qanun maddələrinin bir çoxu Roma hüququndan (!) və avropanın yeni dünya görüşündən alınmış maddələrdir. Bu maddələrin milli məclis tərəfindən yenidən gözdən keçirilib, milli mentaritetimizə və insan fitrətinə uyğunlaşdırılması lazımdır. Xüsusilə cəza hüququ ilə əlaqədar maddələrin bir çoxu insan psixologiyasına, təlim-tərbiyyəsinə və cəmiyyətə mənfi təsir göstərməkdədir.
Ölüm hökmünü tələb edən maddələrin sayı hər ölkədə fərqli tətbiq oluna bilər. Bəzi ölkələr bu hökmün sahəsini o qədər genişləndiriblər ki, o ölkəyə getmək belə böyük bir risq tələb etməkdədir. Bu səbəblə ölüm hökmünü iki fərqli kategoriyada analiz etmək məcburiyyətindəyik. Əksi təqdirdə öz əlimizlə kəndiri boğazımıza keçirmiş olarıq. Çünki ölüm hökmünün bərpası üçün tələb edilən edam cəzası, bir çox səbəb və maddələri ehtiva etməkdə və qədimdən bəri diktatorların xeyrinə işləməkdədir. Ancaq qisas cəzası, bir tək səbəbi və maddəsi olan və ancaq zərərçəkənlərin xeyrinə çalışan bir vasitədir. Əgər ölüm hökmünün sahəsini geniş tutan edam cəzası qisasla məhdudlaşdırılmazsa, idarəçilər tərəfindən istismar edilər və qarşısında duran hər şeyi yox etməyə çalışar. Edam, yuxarıda verdiyimiz nümunələrdə olduğu kimi, cinayətlə cəza bərabərliyini gözə almadan, bir çox siyasi və idari işlər səbəbilə alınan qərarları əhatə etməkdədir. Bu səbəblə biz, edam cəzası ilə Quranda ifadə edilən qisası bir-birindən ayırd etməliyik.
Qisas, Qurani-Kərimdə qəsdən adam öldürənə tətbiq edilən cəzanın adıdır. Bu barədə Allah belə buyurur:
“Ey iman gətirənlər! Adam öldürmə hadisələrində qisas sizə vacib edildi”. (Bəqərə, 2/178)
Qisas eyni zamanda insan təhlükəsizliyinin təminatıdır:
“Ey möhkəm duruşlu şəxslər (ağıl sahibləri)! Qisasda sizin üçün həyat vardır! Bəlkə, qorunasınız”. (Bəqərə, 2/179)
Qisasda, edamdan fərqli olaraq, cinayət və cəzanın arasında bərabərlik şərti vardır. Bir də Quranda belə bir cinayəti törədən şəxsin mütləq öldürülməsi yəni, qatilin qisas edilməsi şərti də yoxdur. Əgər öldürülənin ailəsindən biri əfv edərsə, artıq qisas cəzası qatilə tətbiq edilə bilməz. Quranda bu barədə belə deyilir:
“Allahın toxunulmaz etdiyi insanı haqlı bir səbəb olmadan öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur”. (İsra, 17/33)
Qatili bağışlamaq səlahiyyəti tamamilə öldürülən şəxsin ailəsinə verilir. Çünki zərər və müsibət onlara dəymişdir. İstədikləri zaman bu müsibətin acısını qisas yolu ilə ondan çıxarırlar, istədikləri təqdirdə də əfv edib, çəkdikləri zərəri qatilə ödətdirirlər. (Bütün bunlar əlbəttə isbat edildikdən sonra dövlət və cəmiyyət nəzarətində aparılır.) Beləliklə öldürülən şəxsin yaxınları onlara verilən bu haq-hüquq sayəsində (nisbətən) həm maddi həm də mənəvi təskinlik tapmış olurlar.
Əlbəttə ölüm cinayətləri qisasla tamamilə ortadan qaldırılacaq deyə bir şey iddia etmirik. Ancaq qeyri-adi (5,9 yaşlı qızlara təcavuz edilib, öldürülməsi kimi) cinayətlərə təşəbbüs edənlərə tətbiq ediləcək qisas heç olmazsa, yaxınlarının qəlbinə düşən atəşi az da olsa söndürmüş olar və eyni zamanda həm qatil üçün həm də digər bəd niyyətli insanlar üçün bir dərs verilmiş olar.
2. Qisasın ləğvi və edamın zərərləri
Bir çox ölkələr ölüm hökmündən olan qisası yürürlükdən qaldırmaqla ölkələrinin demokratik və özlərinin də hümanist olduğunu göstərməyə çalışırlar. Halbuki onların belə bir qanun qəbul etmələri, cinayətlərin çoxalmasına və qeyri-adi hadisələrin artmasına səbəbiyyət verdiyini görməkdəyik. Belə bir tətbiqatın adına əslində; “cinayəti və cinayətkarı müdafiə etmək surətiylə, cinayətə təşəbbüs”- deyə bilərik.
Bəzi ölkələr isə yuxarıdakıların tərsinə ölüm hökmünün sahəsini genişləndirərək, öz siyasi hakimiyyətlərini müdafiə etmək, gücləndirmək üçün edam cəzasını tətbiq etməkdədir. Nəticədə minlərlə insanın qanı, öz hakimiyyətlərini gücləndirənlər üçün axıdılmaqdadır. Bunun həddən artıq tarixi nümunələri mövcuddur. Məsələn, yaxın tarixdən nümunə verərəsək; Hitler və Stalin kimilər öz ideolojiyasını müdafiə etmək və hakimiyyətini qorumaq üçün 100 minlərlə insanı qətl etmiş və milyonlarla insanı da sürgün etmişdir.
Ərəb dünyası da ölüm cəzasını istismar edən ölkələr arasındadır. Bu ölkələrin diktatorları, keçmişlərindən bu gününə qədər hələ də öz siyasi məqsədləri, ideologiyaları uğruna qurbanlar verməkdə davam edirlər. Onların bu cür cəzaları qanunlaşdırmadakı ideoloji metodları, peyğəmbərimiz Muhamməd əleyhissəlam adına uydurduqları rivayətlərdir. Bunlardan biri belədir: “Məndən sonra başınıza hidayət və sünnəm üzərə olmayan idarəçilər gələcəkdir. Onların arasında qəlbləri şeytanların qəlbi, bədənləri isə insan kimi şəxslər olacaqdır. Mən, ey Allahın rəsulu, əgər onların dövrünə qədər yaşasam nə edim deyə soruşdum: Dedi ki, əmrini eşit və itaət et! Əgər belinə vurulur və malın belə alınırsa, yenə də eşit və itaət et!”[1]
Digər bir rəvayətdə: “Müsəlman bir şəxsin öldürülməsi üç hal xaricində halal deyildir: 1. Zina edən (dul və evli), 2. Cana qarşı can (qisas), 3. Dinini tərk edib camaatdan ayrılan.”
Bu cür qanunları və idarəçiləri olan bir ölkədə elm və fəaliyyət sahibi insanların yaşaması çox çətin olduğu kimi, münafiqləri və müqəllidləri çox olan bir ölkəyə çevrilir. Təəssüf ki, daha çox dövlət idarəçilərinin istismar etdiyi belə cəzalara din və dövlət xadimləri də alət edilməkdədir.
Söylədiyimiz kimi, ölüm cəzası İslamda ancaq qəsdən adam öldürmə cinayəti işləyənə tətbiq edilir ki, buna ərəb dilində “qisas” cəzası deyilir. Bunun da icra səlahiyyəti ancaq öldürülən şəxsin yaxınlarına verilir. Onlar da əgər istəyirlərsə qisas tətbiq edərlər, istəyirlərsə də əfv edib, qatilə kəfarət ödətdirirlər.[4] Qəsdən adam öldürmə cinayətindən ötrü tətbiq edilən qisas , sahəsi geniş tutulan ölüm hökmlərindən, edamdan fərqli olaraq hər hansı bir siyasi məqsədə alət edilməsi mümkün deyildir.
Yoxsa günümüzdə tətbiq edilən və adına mədəni (!) qanun deyilən qanun maddələrində qatil, tamamilə qövlətin zəmanəti altına alınır və işlədiyi cinayətə görə həbs müddəti cəzası alır. Bir növ həbsxanada bəslənilir. Həm dövlət öz bütcəsindən həm də öldürülən şəxsin yaxınlarının vergisindən bu qatilə pay ayrılır. Belə bir hal, həm dövlət hüquqlarının qorunmasına, həm demokratiyaya, həm də ailə haqlarına xələl gətirməkdədir. Xüsusilə bütün bunlar, Allah Təalanın bütün bəşəriyyətə lütf etdiyi beynəlxalq ədalətin göz ardı edilib, uydurulan kapitalist qanun maddələrinin, hər hansı bir cəmiyyətdə, xüsusi ilə adı müsəlman ölkələrində tətbiq edilməsi onlara qarşı böyük bir zülmdür. Bir müsəlman olaraq bu bizi rahatsız etməkdə və inşallah tezliklə dövlətimiz tərəfindən bu maddələrin gözdən keçirilməsini təmənni etməkdəyik.
Bilavasitə, qisas cəzasının tətbiq edilməməsi; cəmiyyətin hüzurunu, güvənini və həyati təhlükələrini heçə saymaq və Allahın qoyduğu əmrə əhəmiyyət verməmək mənasına gəlməkdədir. Rəbbim bizə doğruları söyləməyi və haqq yoldan ayrılmamağı daim lütf eyləsin!
Müəllif: Aydın Mülayim.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Sahihi Müslim, “Kitabul-İmara”, bab: 31, 12/238.
[2] Ətraflı məlumat üçün bax: Suad Ərdoğan, Suç və Cəza Uyğunluğu.
[3] Cövhəri, əs-Sihah, l-b-b bəndi, 1-ci cild, s. 216
[4] İslam alimləri adam öldürmədə ödəniləcək kəfarət miqdarını 100 dəvə olaraq müəyyən etmişlər. Günümüzdə bu məbləğ cəmiyyətin dəyər ölçülərinə görə işin əhli tərəfindən müəyyənləşdirilə bilər.