Müsəlmanlar

Mənim 93 qram qızılım var. Bunun zəkatını necə hesablamalıyam?

Sual: Mənim 93 qram qızılım var. Bunun zəkatını necə hesablamalıyam? Nə qədər zəkat verməliyəm? Bundan əlavə, qardaşıma 40 min manat borc pul vermişəm. Allah qoysa, 1 ildən sonra qaytaracaq. Bu pulun zəkatı nə qədərdir? Bunu nə vaxt verməliyəm?

Cavab: Borcunuzu və əsas ehtiyaclarınızı çıxdıqdan sonra yerdə qalan qızılınız 93 qramdırsa, bu, nisab miqdarını keçir. Odur ki, siz 93 qram qızılın qiymətini manatla hesablayın və bunun  2, 5 %-ini zəkat verin.

İndi isə gəlin, sizin alacağınız pulun zəkatı məsələsinə nəzər yetirək. Fəqihlərin (islam hüququ mütəxəssisləri) əksəriyyəti belə hesab edirlər ki, alacaqlar iki əsas qrupa bölünür:

1) Əldə olunacağı, başqa sözlə, geri qaytarılacağı gözlənilən borclar, yəni, borcunu ödəmək imkanına malik olan şəxslərdəki borclar zəkata tabedir; bunların zəkatı verilir. Alacaqlı (borcunu geri alacaq olan) şəxs hər il digər malları ilə birlikdə bu alacağının zəkatını da ödəyir.

2) Əldə olunacağı gözlənilməyən borclara gəlincə, bunların ancaq ələ keçdikləri vaxt zəkatı verilir.

Bu prinsipə əsasən siz belə etməlisiniz: Əgər qardaşınızın sizə olan borcunu ödəyəcəyinə arxayınsınızsa, o məbləği də 93 qram qızılınızla birlikdə hesablayın və ikisinin ümumi cəminin 2, 5 %-ini zəkat olaraq verin.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.