Sual: Bizdə insanları “O münafiq, bu münafiq”- deyə, çox rahat şəkildə damğalayırlar. Əslində bu münafiqləri müsəlmanlardan necə ayırd etmək olar?
Cavab: Allah Təala münafiqlərin bəzi əlamətlərini vermişdir. Bu səbəblə onların bir çoxunu sözlərindən, danışıq tərzlərindən bilmək olur. Məsələn, Muhəmməd surəsinin 30-cu ayəsində:
“Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.”
Ancaq bu münafiqlərin bəziləri özlərini elə ustalıqla gizlədirlər ki, onları heç kim ayırd edə bilmir. Vaxtilə Allah rəsulu belə bu cür münafiqləri ayırd edə bilməmişdi. Bu barədə Tövbə surəsi 101-ci ayədə belə deyilir:
“Çevrənizdəki ərəblərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.”
Bunların bəziləri münafiqlikdə elə qabiliyyətlidirlər ki, rəsulullah əleyhissəlamı belə heyran etmişdilər:
“Sən onlara baxdıqda xarici görünüşləri xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara) söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!” (Münafiqun 63/4).
İndikilərin də bəziləri özlərini təmiz müsəlman, hacı, mücahid, müəllim, şeyx kimi göstərirlər. Qarşılarına Allahın ayəsini qoyduğunuz zaman sifətlərindəki ifadənin dəyişdiyini, üz-gözünün büzüşdüyünü görürsünüz. Əsl münafiqlik, Allahın ayələrini bəyənmədiyini gizlətmək, sözdə Allahın kitabına uyuruq deyib, həqiqətdə öz nəfsinə ya da məzhəbinə uymaqdır. Qurani Kərimdə bunlar belə ifşa edilir:
“Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? (Bu, ) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!” (Həcc 22/72).
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Bu mövzuyla əlaqədar digər linklərimizə də müraciət edə bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2188.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.