Müsəlmanlar

Böyük günah törətmək Allaha şərik qoşmaq deməkdir?

Sual: Böyük günahların xaricində qalan kiçik günahların bağışlanmasına əsasən böyük günahların bağışlanmayacağını irəli sürmək olar? Buradan belə bir nəticə-məna çıxmırmı? Buna əsasən böyük günahlar şirkdir? Əgər belə deyilsə, buna hansı Quran ayəsini sübut göstərə bilərsiniz?

Cavab: Böyük günahlar şirk demək deyil. Şirk – Allaha şərik qoşmaq bir günahdır, əkbəru-kəbair deyilən ən böyük günahdır. Yəni, şirk günahı müstəqil bir günahdır.

Bu məsələni bir neçə misalla izah edək: İçki içmək böyük bir günahdır. Bununla əlaqədar ayələrdən birində (Bəqərə, 2/219) deyilir:

“(Ey Muhəmməd!) Səndən içki və qumar barədə soruşurlar. De ki, onların ikisində də böyük günah vardır.”

Adam öldürmək də böyük günahdır:

“Kim bir mömini qəsdən öldürərsə, artıq onun cəzası içində daim qalmaq üzrə cəhənnəmdir. Allah ona qəzəb etmişdir, onu lənətləmişdir və onun üçün çox böyük bir əzab hazırlamışdır.” (Nisa, 4/93)

Zina etmək də böyük günahdır.

Bu misallarla bir daha qeyd etmək istəyirəm ki, hər bir günah ayrıdır, müstəqildir.

Başqa bir ayə də (Furqan, 25/68) bu fikri dəstəkləyir:

Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz (şərik qoşmaz), Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.

Odur ki, şirk böyük günahların ən böyüyüdür. Digər böyük günahlar da (zina etmək, içki içmək, qəsdən adam öldürmək və sairə) var.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.