Sual: Ərim məni kiçik bir mübahisə nəticəsində molla kəbinindən boşadı. Boşandıqdan sonra 3 gün eyni evdə qaldıq. İndi mən 9 aylıq hamiləyəm və 2,5 aydır ki, yoldaşımdan ayrı yaşayıram. Mən uşağım üçün barışmaq istəyirəm, amma o mənə: “Gəl, razılıqlı boşanaq, mən də sənə evdəki əşyaları verim, ya da 2,5 min manat pul verim”, - deyir. Bu pul təkcə mənim qızıllarımın, yəni, mehrimin pulu belə, deyil. Bu vəziyyətdə mən nə edə bilərəm?
Cavab: Öz əşyalarınızı və kəbində verilən mehri ala bilərsiniz. Həmçinin uşaq dünyaya gələnə qədər yoldaşınız sizə nəfəqə verər və uşaq doğulduqdan sonra da verməyə davam edər.
Bununla əlaqədar ayələr belədir:
“Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməlidir.” (Bəqərə, 2/233)
“Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin (o yeri onların başına dar etməyin). Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə (boşanan qadının uşağı əmizdirmək məcburiyyəti yoxdur), onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.” (Talaq, 65/6-7)
Buradan belə çıxır ki, imkanı geniş olan nəfəqəni öz imkanlarına əsasən verməlidir. Ruzisi azalmış olan da Allahın ona verdiyi qədərindən nəfəqə ödəməlidir. Allah heç kəsi verdiyi imkandan artıq bir şeyə görə cavabdeh etmir. Allah bir çətinlikdən sonra bir asanlıq-rahatlıq yaradacaqdır.
Siz övladınızı dünyaya gətirdikdən sonra başqa bir kişiyə ərə getmək hüququna malik olursunuz. Lakin əgər razılığa gəlsəniz, təzədən sabiq ərinizlə evlənə bilərsiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.