Sual: Hamilə və əmzikli qadınların Ramazan ayında oruc tutmaqları şərtdir? Bunlar oruc tutmadıqları təqdirdə sonradan qəza edəcəklər, yoxsa fidyə ödəyəcəklər?
Cavab: Hamilə və əmzikli qadınlar özlərinə və körpələrinə zərər verəcəyi üçün oruc ibadətiylə mükəlləf deyillər. Bu səbəblə də Ramazan ayında tuta bilmədikləri oruclarını sonradan qəza etməzlər. Tuta bilmədikləri orucdan ötrü fidyə də ödənməz.
Hamilə və əmzikli qadınların xüsusi hallarını izah edən ayələr belədir:
“Sizi tək bir candan yaradan Odur. Zövcəsini də ondan yaratdı ki, biri digərinin yanında rahatlıq tapsın. Kişi zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yüklənir (hamilə qalır). Onu bətnində gəzdirir. (Zövcəsi) ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, sənə şükür edənlərdən olarıq”(– deyə) dua edərlər. (Əraf, 7/189)
“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə gələn çətinliyə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur…” (Loğman, 31/14)
“Analar öz övladlarını tam iki il əmizdirirlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qaydaya əsasən uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir…” (Bəqərə, 2/233)
İlk iki ayədə hamilə və əmzikli qadınların çəkdiyi əziyətlərdən bəhs edilmişdir. Üçüncü ayədə isə heç kimin qüvvəsindən artıq olanla yüklənməyəcəyi ifadə edilməklə bu əmr verilmişdir:
“Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir…”
Hamilə və əmzikli qadınlarla əlaqədar ayələrə baxanda, körpələri səbəbiylə görə biləcəkləri zərərin “sağlamlıq” yönündən olduğu başa düşülür. Çünkü onlar həm özlərini, həm də körpələrini bəsləmək məcburiyyətindədirlər.
Allah Təala heç kimə gücündən artıq bir şey yükləməmiş və bizə də belə bir dua etməyi buyurmuşdur:
“Rəbbimiz! Çətinlik çəkəcəyimiz yükü bizə yükləmə.” (Bəqərə, 2/286)
Bu dörd ayə birləşdirildikdə hamilə və əmzikli qadınları oruc ibadətiylə məsul tutmanın onları çətinliyə salmaq olduğunu görürük. Bu səbəblə Rəsulullah (s. a. v.) belə demişdir:
“Allah səfər üstə olanın (yol gedən, səfərə çıxan) üzərindən namazın yarısını, hamilə və uşaq əmizdirən qadından da oruc tutmağı götürmüşdür”. ((Tirmizi, Savm, 21; Əbu Davud, Savm, 43; Nəsai, Siyam, 61; İbn Macə, Siyam, 12.))
Səfər üstə olan 4 rükətli fərz namazları 2 rükət olaraq qılar, digər iki rükəti sonradan qəza etməz. Çünki o iki rükətlə əlaqədar məsuliyəti üzərindən qaldırılmışdır. Hamilə və uşaq əmizdirən qadınlar da onlar kimidir; oruc tutmaya bilərlər. Bu halları bitəndən sonra da tutmadıqları orucları qəza etməzlər.
Səhabilərdən Ənəs ibn Malik (r. a.) peyğəmbərimizdən (s. a. v.) belə bir hədis nəql etmişdir:
“Rəsulullah özünə bir ziyan dəyməyindən ehtiyat edən qadın ilə uşağına zərər gəlməyindən qorxan əmzikli qadına Ramazan ayının orucunu tutmamaq icazəsi vermişdir.” ((İbn Macə, Siyam,12. Ənəs ibn Malikin rəvayəti.))
Özündə və ya uşağında bir problem yaranmağından ehtiyat edən hamilə qadınlar oruc tutmaya bilərlər, yaxud da tutduqları orucularını poza bilərlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.