Sual: Bəzi alimlər deyirlər ki, Quranı ağlamaq üçün oxuyun, əgər ağlaya bilmirsinizsə, özünüzü buna vadar edin. Onlar bu sözü bir hədislə əsaslandırırlar. Həqiqətən də, insanlara Quranı bu məqsədlə oxumağı məsləhət görmək olar?
Cavab: Əgər insanları istismar etmək, onlardan din naminə öz xeyrinizə bəhrələnmək istəyirsinizsə, bu, yəni, bu metod sizin üçün ələ düşməyən bir nemətdir. Bəziləri istəyirlər ki, insanlar Quranı oxuyub ağlasınlar. Amma ondan heş bir şey başa düşməsinlər.
Siz də bilirsiniz ki, bizdə Quranı əzbərləmək adəti geniş yayılıb. Quran oxumaq məsələsində də əsasən gözəl səs, avaz və melodiyaya üstünlük verilir. Ancaq Quranın içindəkilərə heç kəs toxunmaq istəmir, yəni, onu başa düşməyin əvəzinə, əzbərləyir və avazla oxuyurlar!
Sualınızda qeyd etdiyiniz fikri ortaya atanlar insanların Quranın mənasından xəbərdar olmağını istəmirlər. Çünki əgər insanlar Quranı başa düşsələr, problem yarada bilərlər. Belə ki, onlar sual soruşa bilərlər. Misal üçün, belə bir sual: “Ey filan alim, Allah filan ayədə bu cür buyurur, sən isə başqa cür izah verirsən, buna nə deyəcəksən?!” Həmin “alim” sualı soruşan şəxsə cavab verə bilmədiyi vaxt nə deyəcək? Təbii ki, belə deyəcək: “Əşi, sən bunları bilməzsən! Mənə ayə oxuma! Bu, sənin girəcəyin kol deyil!”
Sizə bir misal verim: Biz bir neçə il bundan əvvəl elmi bir yığıncaq-simpozium təşkil etdik. Orada bir çox universitetin ilahiyyatçı-müəllimləri, hətta dekanlar da iştirak etdi. Biz orada məzhəblərin Quran və Sünnə baxımından tutarsız cəhətlərini üzə çıxartdıq. Onlar gördülər ki, bu tutarsızlıqlara Quran və Sünnəyə əsasən bəraət qazandırmaq mümkün deyil. Dərhal dedilər ki, Qurandan ictimai həyat və hüquqla əlaqədar bir hökm çıxmır, təkcə əxlaqi məsələlərə dair nəsə var! Nəticədə onlar Quranı qurban verib özlərini xilas etməyə çalışdılar!
Çünki Quran oxuyub mənasını bilənlər onlar üçün problemə çevrilirlər. Artıq onların müəllimliklərinin bir mənası qalmır.
Odur ki, siz: “Quran oxuduqda ağlamaq lazımdır” fikrinə qəti surətdə etibar etməyin; dində belə bir şərt yoxdur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.