Müsəlmanlar

Ənənəvi İslam və həqiqi İslam

Ənənəvi İslam və Həqiqi İslam

Ənənəvi İslam dedikdə, Peyğəmbər və səhabəsindən sonra müəyyən şəxslərin , alimlərin, siyasətçilərin və s. qrupların Quran və sünnədən öz təfəkkürlərinə, görüş tərzlərinə, istəklərinə görə mənimsədikləri İslam düşüncəsini yavaş-yavaş sistemləşdirib məzhəb halına gətirmələri nəzərdə tutulur.

Həqiqi İslam dedikdə isə; insanların, Qurani-Kərimi Allahın muradına uyğun başa düşmələri, yaşamaları və Rəsulunun bu kitabdan aldığı hikmətləri həyatına sünnə etmələri qəsd edilir.

Hicri 2-ci əsrdən etibarən fərqli şərhlər, hədislər, fətva və əqidə şərtləri yazılmağa başlandı. Artıq hər firqədə dayandıqları mövqeyə, yazdıqları, oxuduqları kitablara və dərs aldıqları müəllimlərə görə bir İslam düşüncəsi formalaşmışdı. Müsəlmanların çoxu İslama indiki kimi Quran və sünnənin deyil, öz qrupunun, məzhəbinin pəncərəsindən baxdı. Əslində Quran və sünnə də bu məzhəblərin prizmasından dəyərləndirilir. Bir alimin dediyi kimi: “İslam günəş kimidir. Bu günəş şüalarını əlinizdəki kristala əks etdirdiyimiz zaman oradan bizə fərqli rənglərdə və formada əks olunur. Müsəlmanların çoxu da, bu kristalın əks etdirdiyinə İslam deyir.”

“Yaxud da vəhyi göydən yağan yağışa bənzətsək; o saf, tərtəmiz yağış dənələri yerə çatana qədər havada hər cür kir və mikrobla bulaşır. Müsəlmanların çoxu da qəbul etdiyi və həq bildiyi firqə və məzhəblərinin bütün görüş və dəyərləndirmələrini; “onlar xəta etməz” və ya “biz onlardan çoxmu bilirik?” deyə, nə vermişlərsə, mənimsəmişlərdir. Hər sektaya, məzhəbə sahib olanlar nəinki məzhəbindəki nöqsana, hətta başqalarının mühakimə etməsinə, başqa məzhəbdəkinin doğru olduğunu deməsinə təhəmmül göstərməzlər. Öz sələflərinə, imamlarına müqəddəslik donu geydirib, onlar adına hər cür əqidəyə və fətvaya din adına yiyələnmişlər. Bu ənənə, ata-anadan alınan bir miras kimi  yüz illərdir davam etməkdədir.

Müsəlman olana mühüm olanı müsəlman qalması, xristian olana xristian, yəhudi olana yəhudi, bütpərəst olana bütpərəst qalması mühümdür. Hər kəs öz dinində necə olması və necə qalmasını öyrənir. Bunu da kitablarından deyil, mənsub olduğu örf-adətlərindən və din adamlarından öyrənirlər. Məsələn, birinin müsəlman olması və müsəlman olaraq qalması üçün müsəlman ata-anadan doğulması, sünnət olması, biraz bu dini yaşayanlar üçün də maraqlı olan hansı məzhəbdən olması, kimlərin onu müsəlman olaraq görüb-görməməsi əhəmiyyətlidir. Yəhudilər yəhudi olmasıyla, xristianlar vəftiz olmasıyla, budistlər də Buddanı qəbul etməsilə dinlərinə bağlılığı və həqq üzrə olduqlarını düşünürlər. Bütün bunlar ənənəvi dinin mənsubları və ya müdafiəçiləridir. Quran belələrini qısaca: “Atalarının yolundan gedənlər” olaraq ifadə edir:

Onlara: “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (Maidə 5/104)

–  Həqiqət nə ilə ölçülür?

Dini mövzuda din də, həqiqət də bir olduğu halda təəssüf ki, hər kəsin bir dini və hər kəsin özünə xas həqiqətləri vardır. Qurani-Kərimin ifadəsinə görə: “Həqq din İslamdır.” Biz həm din haqda, həm özümüz və həm də dünya haqda əsl həqiqətləri Allahın nazil etdiyi kitabından öyrənirik.

Demək ki, ümumi olaraq hər kim özü, dini və dünyası haqqında həqiqətə yiyələnmək istəyirsə, dinini ona nazil edəndən, dünyanı və özünü yaradandan öyrənəcəkdir.  Bir yəhudi yəhudiliyini, doğru və əyriliyini özü kimi bir yəhudidən və ya yəhudi din adamından deyil, yaradanın ona nazil etdiyi kitabından öyrənməlidir. Əgər kitabı təhrif edilibsə, Allahın bir əvvəlki ya da sonrakılar üçün göndərdiyi kitabdan öyrənməlidir. Çünki atalar məsəlində olduğu kimi: “Heç kim öz ayranına turşdur deməz.” Xristian və müsəlman da o cümlədən…

Ancaq müsəlmanlarda bəla və parçalanma çox olduğundan öz aralarında da bir-birini təkfirlə, dəlalətlə və s. ilə mühakimə edənlər vardır. Bu halda müsəlmanın həm özü, həm də başqaları barəsində tutacağı həqqin ölçüsü nə olmalıdır?

Müsəlmanlarmı?

Məzhəblərimi?

Alimləri, müəllimləri, yoxsa şeyxlərimi?

Əlbətdə xeyr! Ancaq Allah və elçisi…Bunları hardan öyrənə bilərik? Allahın nazil etdiyi kitabı Qurani Kərimdən!

Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab (Tövrat, İncil) oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. (Yunus 10/94)

Bütün bəşəriyyət üçün ən ideal həqiqət və yol bu kitabdadır.

Artıq hər hansı bir insanın amalı həqq yolçusu olmaq və cənnəti qazanmaq isə, kimliyini yəhudi, xristian, bütpərəst və müsəlmandan deyil, özlərinə nazil olan kitablarından öyrənməli və nəticə etibarı ilə Qurani-Kərimlə dəyərləndirməlidirlər. Çünki bu kitab bütün əvvəlkilərin bir xülasəsidir.

Həqiqi İslamı yaşayan, mənə məzhəbim və ya başqasının məzhəbi nə deyir deyə düşünməz. Mənə Quran (Allah) nə deyir?

Məni Quran necə görür?

Mən hansı sözlə kimi və hansı əməllə nəyi əldə edib, nəyi itirmiş oluram?

Quran, İslamın özünü, bir insanın həqiqi üzünü göstərən bir güzgüdür! Başqa aynalar, kristallar insanları yanılda bilir…

Əli əleyhissəlamın dediyi kimi: “Əgər həqqi batildən ayırmaq istəyirsənsə, əvvəlcə həqqi öyrən! Sonra batil özü sənə məlum olacaq!

Müəllif: Aydın Mülayim

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.