Müsəlmanlar

İçkiyə nəzərən siqaretə də qəti surətdə haram demək olar?

Sual: Tütün istehsal etmək və dolanışıq xərclərini bundan əldə etmək halaldır? Əlavə olaraq, siqaret çəkmək halaldır?

Cavab: Təəssüf ki, mən bu siqaret məsələsində haram qənaətinə gələ bilmədim. Bu səbəbdən də məni bir çox şəxs tənqid edir. Onlar bunu siqaretin də zərərli olduğunu nəzərə almaqla edirlər.

Siqareti içki və narkotika ilə müqayisə edənlər də var. Mənim bu məsələdə qəti olaraq: “Haramdır”, – deməməyimin səbəbi budur:

İçki, ki, buna təkcə içki demək düzgün deyil, uyuşdurucu maddələr demək lazımdır; ((Quranda içki sözü deyil, xamr sözü qeyd olunur. Xamrın mənası ağlı başdan aparan şey deməkdir.)) Allah Təala xamr məsələsi ilə əlaqədar olaraq belə buyurur:

“Ey iman gətirənlər! Xamr, qumar, dikilmiş daşlar və fal oxları şeytan əməli olan murdarlıqlardır. Onlardan uzaq durun ki, arzu etdiklərinizə qovuşasınız.

Şeytanın istədiyi yeganə şey xamr və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?” (Maidə, 5/90-91)

Burada söhbət insana sərxoşluq verən şeylərdən gedir. Mən isə şəxsən siqaretdən sərxoş olan görməmişəm. Təbii ki, siqaret zərərlidir; siqaret çəkmək də çox zərərlidir. Mən məsələnin bu cəhətini deyil, siqaretin bu mənada içki ilə müqayisə olunub olunmayacağının mümkünlüyünü nəzərdə tuturam.

Mənim bu məsələyə dair hazırkı qənaətim belədir. İnsanlar sərxoş olduqları vaxt qəza törədirlər, ailədə münaqişələr baş verir, bir-birlərinə düşmən kəsilirlər. Siqaret çəkən insanlar isə sırf siqaret çəkdikləri üçün belə işlərə səbəb olmurlar.

Bir sözlə, bir şeyə haram demək o qədər də asan deyil. Çox qəti və konkret dəlil-sübuta əsaslanmalıdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.