Sual: Ramazan ayında oruc tutan bir müsəlman bütün günü yata bilər? Belə insanlar çoxdur. Aclıq və susuzluğu hiss etməmək üçün elə hey yatırlar. Əksər hallarda görməli olduqları işləri də görə bilmirlər. Misal üçün, kommunal xərcləri vaxtında ödəyə bilməyib faizə düşürlər, həyət-bacadakı xırda-para işləri belə, təxirə salırlar. Onlara bu barədə bir şey deyəndə də olduqca əsəbi olurlar. Ramazan ayını bu cür keçirmək nə dərəcədə düzgündür?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, sualınız çoxhissəli bir sualdır və reallıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Sualınızda qeyd etdiyiniz halı əlbəttə ki, bütün müsəlmanlara şamil etmək olmaz. Bununla belə, sizin də dediyiniz kimi, belə hallar baş verir.
- Müsəlman bir şəxs həmişə çalışıb vuruşmalıdır. İstər kasıb, istər varlı olsun, həm bu dünya, həm də axirət həyatı üçün işləyib cidd-cəhd etməlidir. Ramazan ayı ibadət ayıdır və bu ayı necə deyərlər, yuxuda keçirmək olmaz. Üstəlik də səhur və iftar vaxtlarının arasında namazlar var! Namazları vaxtında qılmaq və keçirməmək lazımdır.
- Ramazanda çox yatmaq orucu batil etməsə də, bundan uzaq durmaq lazımdır. Əsas olan orqanizmanın ehtiyacının olduğu qədər yatmaqdır. Bu, hər zaman üçün belədir. Bir sözlə, Ramazan ayı yuxu, tənbəllik və ətalət ayı deyil. İnsan bu ayda heç bir dünyəvi və uxrəvi işində səhlənkarlığa yol verməməlidir.
- Ramazan ayı müxtəlif imkan və fürsətlərin yarandığı bir aydır. Ramazan Allahın müsəlmanlara açdığı əlavə kreditdir: Günahların bağışlanmasına, savabların artmasına və s. Əkin vaxtı kimi, bu vaxtı yatmaq, biçində məhsuldan məhrum olmaqdır. Bu barədə ətraflı məlumatla aşağıdakı keçiddə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/tedqiqatlar/885.html
- Kommunal xərclərə görə yaranan artıqlıq haqqında isə buradan oxuyun:
http://www.muselmanlar.com/fitvalar/5296.html
- Siz bir müsəlman kimi öz müsəlman qardaşlarınıza belə hallarla əlaqədar olaraq məlumat verməlisiniz. Lakin üslub və işlədilən sözlər çox vacibdir. Heç kəsin xətrinə dəymədən həqiqətləri çatdırmaq lazımdır. Bunlara əməl edib etməmək isə onların öz işidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.