Müsəlmanlar

Təsbeh

Təsbeh

Ömər ibn Yəhya babasından belə rəvayət edir:
“Bir gün sübh namazından qabaq Abdullah ibn Məsudun (r. a.) qapısında durmuşduq. Evindən çıxanda hamımız birlikdə məscidə gedəcəkdik. Əbu Musa Əl-Əşari bizim yanımıza gəlib: “Abdullah hələ çıxmadı?”, – deyə soruşdu. Biz də: “Xeyr”, – dedik. O da bizimlə birlikdə Abdullahı gözləməyə başladı. Elə bu dəm Abdullah evdən çıxdı. Biz onu əhatəyə aldıq. Əbu Musa ona: “Ey Abdullah, bayaq məsciddə mənə təəccüblü gələn bir şey gördüm. Ancaq nə yaxşı ki, xeyirli (yaxşı) bir işə oxşayırdı”, – dedi. Abdullah da öz növbəsində: “Nə idi o iş?”, – deyə soruşdu. Əbu Musa: “Yaşasan (gözləsən), sən də görərsən”, – deyə cavab verib sözlərinə belə davam etdi:

“Məsciddə gördüm ki, camaat dövrə vurub oturub. Hər sırada bir adam əlində çınqıl daşları tutub: “Yüz dəfə təkbir!”, – deyə komanda verirdi. Camaat da yüz dəfə təkbir gətirirdi. Sonra eyni adam: “Yüz dəfə la ilahə illəllah!”, – deyir, camaat da onun dediyini yerinə yetirirdi. Sonra o adam: “Yüz dəfə sübhanallah!”, – deyə təzədən komanda verir və camaat bu əmrə tabe olurdu”.

Abdullah ibn Məsud: “Bəs sən onlara bir şey demədin?”, – deyə soruşdu.

Əbu Musa: “Xeyr, heç bir şey demədim. Sənin bu barədə fikrini öyrənmək istədim”, – dedi.

Abdullah: “Sən onlara: “Siz o daşlarla öz günahlarınızı sayın, sizə təminat verim ki, xeyriniz azalmayacaq”, – deyə bilmirdin?”, – deyə soruşdu.

Sonra Abdullah məscidə getdi. Biz də onunla birlikdə getdik. Məscidə daxil olanda orada həmin camaata rast gəldi və dərhal gedib başlarının üstünü alıb soruşdu:

“Siz nə edirsiniz? Nədir bu?”

Onlar Abdullahın sualına: “Ay Abdullah, bunlar çınqıl daşlarıdır. Onlarla təkbir, təhlil və təsdiqlərimizi sayırıq”, – deyə cavab verdilər. Abdullah belə dedi:

“Siz o daşlarla öz günahlarınızı sayın, mən də sizə xeyrinizin azalmayacağına dair zəmanət verim. Ey Məhəmməd ümməti! Sizin həlakınız necə də sürətlə yaxınlaşır. Həm də sizin aranızda bu qədər sahabə olduğu halda! Rəsulullahın (s. a. v.) kəfəni hələ nəmlənmədiyi halda! Onun yemək qabı hələ qırılmadığı halda! Məni öz qüdrəti ilə əhatə edən Allah naminə deyin, siz Məhəmməd ümmətindən daha artıq hidayətdə olan bir ümmətsiniz? Yoxsa siz zəlalət qapısını açanlarsınız?”.

Onlar: “Ay Abdullah, and olsun Allaha ki, bizim yaxşı iş görməkdən başqa bir niyyətimiz yoxdur”, – dedilər.

Abdullah: “Neçə-neçə xeyir uman insan var ki, umduğu xeyri tapa bilməyib. Rəsulullah (s. a. v.) Quran oxuyan amma oxuduqları Quran qəlblərinə işləməyən bir cəmiyyətdən bəhs etmişdi. And olsun ki, sanki o tərifə uyğun gələn insanların çoxu sizin aranızdadır” – dedi və sonra onlardan üz döndərib getdi.

Amr ibn Sələmə belə rəvayət edib:

“Nəhrəvan hadisəsində gördük ki, bu adamların çoxu xaricilərlə birlikdə bizə hücum edir”. ((Darimi, Sünən (Müqəddimə), 23-cü bab, hədis 210.))