Müsəlmanlar
Allahın Rəbb adı Əsmai-hüsnada nə üçün yoxdur?

Allahın Rəbb adı Əsmai-hüsnada nə üçün yoxdur?

Sual: Məlumdur ki, Rəbb sözü Allahın adlarından birini bildirir. Elə isə bu söz nə üçün Əsmai-hüsnada yoxdur?

Cavab: “Sahib”, “yiyə”, “ağa”, “idarə edən”, “mürəbbi-tərbiyə edən” və “nemət əta edən” kimi mənaları olan Rəbb sözü Allahın adlarından biridir.

Bu söz Quranda Allah sözündən sonra ən çox işlədilən ilahi bir addır. Hədislərdə də Allahın adlarından biri kimi qeyd olunur.

Müsəlman dünyasında geniş yayılmış 99 Əsmai-hüsna siyahısı Əbu Hüreyrədən rəvayət olunmaqla Kütubi-sittədə təkcə Tirmizi və İbn Macənin hədis kitablarında qeyd edilir. Buxari, Müslim, Nəsai və Əhməd ibn Hənbəl isə öz əsərlərində belə bir siyahıya yer verməyiblər.

“Bir çox alim belə hesab edir ki, Əbu Hüreyrə hədisinin 2-ci hissəsindəki 99 ad mətnin orijinalında yoxdur; əslində ravi tərəfindən əlavə olunub. Eyni siyahının Buxari və Müslimdə olmaması da bununla izah edilir. Həqiqətən də, bu siyahını əsərlərinə daxil edən 2 mühəddisdən Tirmizidə qeyd edilən 25 ad İbn Macədə, onda olan 100 addan 26-sı da Tirmizidə yoxdur. 2-ci siyahıda qeyd olan adların ümumi sayı isə 125-ə çatır.

Bununla belə, Quranda qeyd edildiyi halda bu 2 rəvayətdə olmayan adlar da vardır; eyni kökdən törəyən və ya müxtəlif kökdən olmaqla yanaşı, eyni mənanı verən adlar da siyahıda var.

Bəzi alimlər məşhur hədisdə olduğu halda Quranda olmadığını müəyyən etdikləri adları oradan tamamlamağa cəhd ediblər. Bəziləri də özlərinin müəyyənləşdirdikləri meyarlara əsasən yeni təsbitlər ediblər. İbn Həcər Tirmizinin siyahısında olduğu halda Quranda olmayan adların sayını 27 kimi göstərib. O, bunların əvəzinə Qurandan eyni sayda ad tapmaqla yeni bir siyahı tərtib edib.” ((MƏNBƏ: Bekir Topaloğlu, “Esmâ-i Hüsnâ,” Diyanet İslam Ensiklopediyası, 11-ci cild, s. 407-408; Eyni müəllif, “Rab”, eyni mənbə, 34-cü cild, s. 372. Bu əsər AMEA-nın mərkəzi kitabxanasının şərq zalında, eləcə də, BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında mövcuddur.))

Məhz İbn Həcərin tərtib etdiyi bu siyahıda Rəbb adı Əsmai-hüsnaya daxil edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.