Müsəlmanlar

Qadınlar maşın sürə bilərlər?

Sual: İslam dininə əsasən qadınların maşın sürməyi düzgündür?

Cavab: Məlumdur ki, fiqh və İslam hüququ kitablarının böyük əksəriyyəti avtomobilin hələ olmadığı dövrlərdə yazılıb. Bu səbəbdən həmin kitablarda bu məsələ ilə əlaqədar bir hökm tapmaq çətindir. Bununla belə, müasir dövrdə bu məsələyə münasibət bildiriən mənbələr var. Bəzi alimlər qadınların maşın sürməyini dini cəhətdən düzgün hesab etmirlər. Onlar bunu səhih (mötəbər, düzgün) olmayan: “Yəhər üstündəki qadına Allah lənət etsin”, – kimi bir “hədislə” əsaslandırmağa çalışırlar. Halbuki qadının maşın sürməyində dini cəhətdən qadağanedici heç bir hökm yoxdur. Əlavə olaraq, Muhəmməd peyğəmbər (s. a. v.) dəvəyə minən qadınları öyüb tərifləmişdir. Məlumdur ki, o dövrdə avtomobil yox idi, minik vasitəsi kimi dəvə və at kimi heyvanlardan istifadə olunurdu.

Nəticə olaraq, qadınlar dinin buyuruqlarına, xüsusilə də təsəttür-hicab qaydalarına riayət etmək şərtilə sürücülük peşə və vəsiqəsinə yiyələnib maşın sürə bilərlər. Bu, təbii bir şeydir.

Qeyd edək ki, maşın sürmək qadınlar üçün necə deyərlər, “forslanmaq” vasitəsinə çevrilməməlidir. Kişilər kimi qadınlar da bütün yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

Yeri gəlmişkən, aşağıdakı keçidlərə də baxmağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/qadinin-seferi

http://www.muselmanlar.com/fitvalar/qadinin-islemeyi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.