Müsəlmanlar

Təzə doğulan uşağa neçənci gündə ad qoymaq lazımdır?

Sual: Uşaq dünyaya gəldikdən sonra qulağına əzan oxumaq və ona bir ad qoymaq üçün maksimum nə qədər gözləmək olar? Ümumiyyətlə, bu işləri nə vaxt görmək münasibdir?

Cavab: Dini mənbələrdə uşağa ad qoymağın vaxtı məsələsinə yer verilib və bəzi rəvayətlərə əsasən bunun uşaq doğulduqdan sonra 3-cü, bəzilərində isə 7-ci gündə yerinə yetirilməli olduğu bildirilib. Yəni, ən münasib vaxt kimi 3-cü və ya 7-ci günlər göstərilib. Bununla yanaşı, həzrəti peyğəmbər Mariyədən dünyaya gələn oğlu İbrahim haqqında: “Bu gecə mənim bir oğlum oldu. Ona babam İbrahimin adını qoydum”, – demişdir. ((Müslim, Fədail, 62 (2315); Əbu Davud, Cənaiz, 24.))

Yuxarıdakı hədis göstərir ki, uşağa doğulduğu gündə də ad qoymaq mümkündür. Eyni zamanda bu rəvayətlər digərlərinə nisbətən daha mötəbər (səhih) hesab olunur. ((Özgü Aras, “Ad Koyma”, türkiyə Diyanət vəqfi, İslam ensiklopediyası, 1-ci cild, s. 332-333.))

Məsələyə bu məlumatlara əsasən və Sünnəyə müvafiqlik baxımından yanaşdıqda məlum olur ki, təzə doğulan körpəyə imkan daxilində 1-i gün ad qoyulmalı, eyni zamanda bu, 7-ci gündən sonraya saxlanılmamalıdır.

Ad qoyduqda körpələrin sağ qulağına əzan oxuması alimlərin çoxu tərəfindən sünnə bir əməl olaraq görülür. Ubeydulla ibn Əbi Rafinin (r. a.) atasından nəql etdiyinə görə o, belə demişdir:

“Əlinin oğlu Həsən Fatimədən dünyaya gəldiyi vaxt gördüm ki, rəsulullah (s. a. v.) onun sağ qulağına namaz əzanı kimi əzan oxuyur.” ((Əbu Davud, Ədəb, 106; Tirmizi, Ədahi, 17.))

Yeri gəlmişkən, qeyd edək ki, bizim adət-ənənələrimizdə olduğu kimi, körpənin sol qulağına vacib (fərz) namazlardan əvvəl oxunan iqamənin oxunması ilə əlaqədar bir peyğəmbər hədisinə rast gələ bilmədik.

Körpələr üçün kəsilməyi məsləhət görülən əqiqə qurbanına gəldikdə, həmin məsələ barədə aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5136.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.