Müsəlmanlar

Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı)

MUHƏMMƏD PEYĞƏMBƏRİN (S) HƏYATI

II YAZI

Səfiyyu-r-Rəhman Əl-Mubarəkfuri

Rahib Bəhira

Muhəmməd on iki yaşına çatdıqda Əbu Talib onunla birlikdə Şama ticarət etmək üçün səfər etmişdi. Birinci çatdıqları şəhər Busra idi. Bu şəhər Bizans tabeliyində olan ərəb torpaqlarının mərkəzi hesab olunurdu. Deyilənə görə, burada adı Cərcis olan, lakin Bəhira kimi tanınan bir rahib yaşayırdı.

Əbu Talib və balaca Muhəmməd atdan düşdükdə rahib onların yanına qaçır. Halbuki, o, heç kəslə belə rəftar etməmişdi. Rahib Rəsulullahın (s) əlindən tutub demişdi: “Bu, aləmlərin ağası və bəşəriyyətin Rəbbinin rəsuludur. Onu Allah aləmlərə rəhmət olaraq göndərir.” Əbu Talib rahibdən nəyə görə belə dediyini soruşduqda o, belə cavab verir: “Siz gələndə bütün daşlar və ağaclar səcdə etdilər. Bu səcdə isə yalnız Peyğəmbər üçün mümkündür. Həmçinin, mən sonuncu Peyğəmbərin nişanəsini tanıyıram. Onun çiynində əlamət var. Bu barədə bizim oxuduğumuz kitablarda məlumatlar var.” Sonra rahib onları qonaq edib Əbu Talibdən bizanslıların və yəhudilərin təhlükəsindən qorxaraq uşağı geri aparmağı və Şama getməməyi xahiş etdi. Əbu Talib də onu bir neçə nəfərlə Məkkəyə yola saldı. ((Bax; “Camiut-Tirmizi” 5/550-551 hədis; 3620 “Tarix ət-Təbəri” 2/278-279 İbn Əbi Şeybə “əl-Musannif” 11/489 hədis; 11782 Beyhaqi “Dəlaül ən-Nübuvva” 2/24-25 Əbu Nəim 1/170. İsnadı sabit və güclüdür. Peyğəmbərin (s) Bilalla geri dönməsi barəsində məlumat var. “Lakin bu, açıq-aşkar səhvdir. Çünki, Bilal o vaxt həyatda yox idi. Həyatda olsaydı, belə Peyğəmbərlə (s) və onun əmisi ilə bərabər olması mümkün deyildi.” İbn Qeyyim belə deyir. “Zədul miad” 1/17. Bunu İbn İshaq isnadsız olaraq qeyd edib. İbn Hişam və Təbəri bunu İbn İshaqdan rəvayət ediblər.))

Ficar müharibəsi

Rəsulullahın (s) iyirmi yaşı olarkən Ukaz bazarında Qureyşlə Qeys Eylan qəbiləsi arasında qanlı münaqişə yaranır. Kinənə qəbiləsi də Qureyşlə bərabər idi. Bu hadisə tarixə Ficar müharibəsi adı ilə düşür. ((Bax; “əl-Munmiq fi əxbari Qureyş”, səh., 160-164; İbn Əsir “əl-Kamil” 1/467.)) Bu münaqişə Bəni Kinənə qəbiləsindən Bərrad adlı birinin Qeys Eylan qəbiləsindən üç nəfəri qətlə yetirməsi səbəbilə baş vermişdi. Ukaz bazarına hadisə barəsində xəbər çatdıqda tərəflər arasında silahlı qarşıdurma yaranır. Harb bin Umeyyə yaşına və hörmətinə görə Qureyş və Kinənənin başçısı hesab olunurdu. Münaqişənin əvvəlində qələbə Qeys Eylan qəbiləsinin tərəfində idi. Lakin günortaya yaxın üstünlük qarşı tərəfin əlinə keçir. Hər iki tərəfdən xeyli sayda insan tələf olur. Qureyşin bəzi ağsaqqalları münaqişənin dayandırılmasını, hər iki tərəfdən ölənlərin sayının hesablanması və hansı tərəfdə daha az insan ölübsə, qanla əvəz çıxmağı təklif edirlər. Hər iki tərəf bununla razılaşır, arada olan münaqişə və düşmənçilik sona çatır. Bu hadisə haram ayların birində baş vermişdi. Buna görə də bu münaqişə Ficar müharibəsi adlandırılmışdır. Bu hadisə baş verən zaman Rəsulullah (s) öz qəbiləsi üçün nizələr hazırlayırdı. ((İbn Hişam, 1/184-187 “əl-Munmiq fi əxbari Qureyş” səh., 164-185; İbn Əsir “əl-Kamil” 1/468-472. Deyilənə görə hadisə şəvval ayında baş vermişdir. Bu isə doğru deyil. Çünki, şəvval haram aylardan sayılmır. Ukaz bazarı isə haram ayların birində təşkil olunurdu. Bu da zil-qada ayının əvvəllərinə təsadüf edir.))

Doğruluq andı

Ficar müharibəsindən sonra haram ayı olan zil-qadada qəbilələr arasında doğruluq andı qəbul edilir. Bəni Haşim, Bəni əl-Muttalib, Əsəd bin Abdul İzzə, Zuhra bin Kiləb və Teyyim bin Murra Abdullah bin Cudan ət-Teyminin evində toplaşıb, qərara gəlirlər ki, Məkkədə bir nəfər belə zülmə uğramayacaq, haqqı əlindən alınmış kimsənin haqqı dərhal sahibinə qaytarılacaq və zülm adında deyilən şey qalmayacaq. Bu anda Rəsulullah (s) da şahidlik etmişdi.

Bu and qəbilə təəssübkeşliyi güclü olan cahiliyyə adətlərini inkar edirdi. Deyilənə görə, Zubeydi qəbiləsindən bir kişi öz malını satmaq üçün Məkkəyə gəlir. Əl-As bin Vail əs-Səhmi onun malını alır, amma haqqını da kəsir. Bundan xəbər tutan and sahibləri əl-As bin əl-Vailin yanına gedirlər və Zubeydi qəbiləsindən olan kişinin haqqı geri qaytarılır. ((İbn Səd “Tabaqat” 1/126-128; Zubeyri “Nəsəbu Qureyş” səh., 291.)) Rəsulullah (s) sonralar bu hadisə ilə bağlı belə buyurub: “Abdullah bin Cudanın evində elə bir sözləşmə toplantısına şahid oldum ki, bu hadisə, məni dəvə yununa sahib olmaqdan daha çox sevindirmişdir. İslam zamanında da dəvət edilsəydim, yenə də qəbul edərdim.”

İş həyatı

Cavanlığının ilkin çağlarında onun (s) müəyyən bir işi yox idi. Lakin məlumatlara görə, Bəni Səd qəbiləsinin qoyunlarını otarırdı. ((İbn Hişam 1/154-155.)) Məkkədə olanda isə öz ailəsinin mal-qarası ilə məşğul olurdu. ((“Səhih Buxari”, Kirayə kitabı, hədis 2262.)) Göründüyü kimi, o, (s) ticarətə cavan vaxtlarından başlamışdı. Onun (s) Saib bin Əbu əs-Saib əl-Məxzumi ilə birgə ticarətlə məşğul olduğu qeyd olunur. O, Rəsulullahın (s) şəriki idi. Hətta, Məkkənin fəthi günü onu salamlamış və demişdi: “Xoş gördük, mənim qardaşım və şərikim.” ((“Sünən Əbu Davud” 2/611; İbn Macə 2/768 hədis 2287; Əhməd “Müsnəd” 3/425.))

İyirmi beş yaşında Xədicənin (r) nümayəndələri arasında Şama ticarətə gedir. İbn İshaq deyir ki, Xədicə bint Xuveylid hörmətli və varlı tacir qadın idi. O, öz ticarət işinə bacarıqlı insanları götürürdü. Demək olar ki, Qureyşin əksəriyyəti tacirliklə məşğul olurdu. Xədicə Muhəmmədin doğruluğu və əmanətə sadiqliyi barəsində eşitdikdə, mallarını Şama çatdırmaqda ona nümayəndəlik etməyi təklif etdi. Rəsulullah (s) onun təklifini qəbul etdi və Xədicə tərəfindən verilmiş Meysərə adlı birisi ilə Şama yola düşdülər. ((İbn Hişam 1/187-188.))

Xədicə ilə evlənməsi

Rəsulullah (s) Məkkəyə qayıtdıqda Xədicə əvvəllər görmədiyi sadiqliyin və malındakı bərəkətin şahidi oldu. Meysərə səfər boyu Rəsulullahda (s) şahid olduğu dərin zəkanı, yüksək əxlaqı, doğrunu təyinetmə qabiliyyətini, əminliyi, düzgünlüyü və sair müsbət keyfiyyətləri Xədicəyə danışdı. O, bilirdi ki, bir çoxları öz qızlarını Muhəmmədə (s) ərə vermək üçün can atır, ancaq o, razı olmurdu. Xədicə Rəsulullahla (s) evlənmək qərarına gəlir və bunu rəfiqəsi Nəfsiyyə bint Minbəhə bildirir. Nəfsiyyə bu qərarı Rəsulullaha (s) çatdırdıqda, o, razılaşmış və bu barədə əmilərinə danışmışdı. Onlar Xədicənin əmisinin yanına getmiş və hər ikisini nişanlamışdılar. Nişanın ardınca da evlənmişdilər. Rəsulullahın (s) Şamdan qayıdışından iki ay sonra ((Məsudi onun (s) Şama səfərə çıxmasının Ficar müharibəsindən dörd il, doqquz ay, altı gün sonra, Xədicə ilə evlənməsinin isə Şama səfərə çıxmasından iki ay iyirmi dörd gün sonra baş verdiyini qeyd etmişdir. Bax; “Muravvac əz-Zəhəb” 2/278.)) Bəni Haşim və Mudar qəbiləsinin başçıları toy günü bir yerə toplaşmışdılar. Həmin vaxt Xədicə qırx yaşlarında, qəbiləsinin ən ağıllı, ən varlı və məşhur soy-kökə malik qadını idi. Rəsulullah (s) ilk onunla evlənmiş və onunla yaşadığı müddətdə başqa biri ilə evlənməmişdi.

Rəsulullahın (s) İbrahimdən başqa bütün övladları Xədicədəndir. Onların ilk olaraq Qasım adında övladı dünyaya gəlir. Rəsulullahın (s) künyəsində bu ad öz əksini tapmışdır. Daha sonra onların Zeynəb, Ruqyə, Ummu Gülsüm, Fatimə və Abdullah adlı övladları dünyaya gəlmişdir. Oğulları uşaq yaşlarında vəfat edir. Qızları isə İslamın gəlişinə kimi yaşayır və Rəsulullahla (s) birgə Mədinəyə hicrət edirlər. Lakin Fatimədən başqa bütün qızları Rəsulullah (s) vəfat etməmişdən əvvəl dünyadan köçmüşlər. Rəsulullahın (s) vəfatından altı ay sonra Fatimə də əbədi həyata qovuşur. ((İbn Hişam, 1/189-191; “Fəthul Bari” 7/105; “Təlqih fuhumi əhlil əsər” səh; 7.))

Kəbənin bərpası

Rəsulullahın (s) otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara alır. Belə ki, Kəbə daş süxurlarından hazırlanmış və çox cılız görünürdü. İsmayılın dövründən qalan Kəbə doqquz dirsək hündürlüyündə olmaqla bərabər tavanı da yox idi. İçəridəki xəzinə də oğurlanmışdı. Üstəlik, Kəbə qədim məbəd olduğu üçün müxtəlif yadellilərin təcavüzünə məruz qalmış, zamanla divarları köhnəlmiş və uçmuşdu. Peyğəmbərin (s) göndərilişindən beş il əvvəl Məkkəni basan sel müqəddəs evə qədər çatmışdı. Bu vaxt Kəbə tamamilə dağılma təhlükəsi qarşısında qalmışdı. Qureyş Kəbənin mövqeyini qorumaq üçün onu yenidən tikmək məcburiyyətində idi. Camaat Kəbənin yenidən inşasında yalnız müsbət insanların iştirakı mövqeyində idilər. Lakin insanlar köhnə tikilini sökməkdən qorxurdular. İlk olaraq Valid bin əl-Muğirə əl-Məxzumi “Allahım, biz yalnız xeyir istəyirik” deyərək iki sütunu dağıtdı. Ona heç nə olmadığını görən camaat ikinci gün bir yerdə işə başladılar. İbrahimin qoyduğu sütunlara kimi Kəbəni sökdülər, sonra onu yenidən tikməyə başladılar. Tikinti Baqum adında bizanslı memara həvalə edildi. Bütün qəbilələr onun tikintisində canla-başla çalışırdı. İnşa işi başa çatdıqdan sonra, növbə qara daşın yerinə qoyulmasına çatdıqda bu şərəfə kimin layiq görüləcəyi barəsində fikir ayrılığı yarandı. Hətta, iş müqəddəs məkanda az qala qan töküləcək qədər mürəkkəbləşdi. Dörd-beş gün mübahisə getdikdən sonra Əbu Umeyyə bin əl-Muğirə əl-Məxzumi təklif etdi ki, bu vəzifə məscidin qapısından ilk girən şəxsə həvalə olunsun. Hamı bu təkliflə razılaşdı. Allah da gələcək Rəsulunu (s) o qapıdan daxil etdi. Qapıdan onun daxil olduğunu görən camaat dedi: “Biz razıyıq. Bu, əmanətə sadiq olan Muhəmməddir.” Camaat ona məsələnin nə yerdə olduğunu başa salandan sonra, Rəsulullah (s) qara daşı öz yerinə qoydu.

Qureyş Kəbənin şimal hissəsini altı dirsək uzatdı, giriş qapısını da yerdən qaldırdı. Bu, yalnız Qureyşin istədikləri adamların Kəbəyə daxil olması üçün edilən bir hərəkət idi. Tikili on beş dirsək hündürlüyünə ucalanda altı sütuna söykənən tavan qoyuldu.

Kəbənin tikilişi sona çatdıqdan sonra təxminən kvadrat formasını almışdı. Hündürlüyü on beş metrə, qara daşın olduğu tərəfin uzunluğu isə on metrə bərabər idi. Qara daş yerdən bir metr yarım hündürlüyündə olan məkana qoyulmuşdu. Qapı olan tərəfin uzunluğu isə on iki metr idi, giriş qapısı da yerdən iki metr hündürlüyünə ucaldılmışdı. ((Kəbənin tikilməsi ilə bağlı bax; İbn Hişam 2/192-197, “Tarix ət-Təbəri” 2/289, “Səhih Buxari” Məkkənin fəziləti və inşası fəsli 1/215, Hadari “Müsəlman millətlərin tarixləri haqqında mühazirələr” 1/64-65.))

Peyğəmbərlikdən əvvəlki həyatı

İnsana məxsus olan bütün müsbət keyfiyyətlər Peyğəmbərin (s) timsalında cəmləşmişdi. O, (s) iti gözlü və dərin düşüncəli bir insan idi. Hədəfinə çatmaqda, istədiyini etməkdə Allah ona fitri istedad bəxş etmişdi, bir şey barəsində ən yaxşı qərar çıxarana kimi xeyli düşünər, doğru seçim edərdi. O, (s) yüksək zəkası və dolğun fikri ilə həyat ideologiya səhifəsinə qızıl həriflərlə həkk olunmuşdur. O, (s) insanlara ideal həyat formasını təqdim etmiş və həyatda olduğu vaxt ərzində bunu öz toplumu ilə yaşamışdır. Müsbət keyfiyyətlərinə görə ona bərabər olan heç kəs yox idi. ((Qureyş cahiliyyə dövründə aşura günündə oruc tuturdu. Cahiliyyə dövründə həmin gün Rəsulullah (s) da oruc tuturdu. Bax; “Səhih Buxari” hədis; 2002 “Fəthul Bari” 4/287.)) O, (s) içki içməz, Allahdan qeyrisinin adına kəsilən heyvanların ətindən yeməz, bütlər üçün təşkil olunan mərasimlərdə iştirak etməzdi. O, (s) hələ uşaq vaxtlarından batil inanclardan uzaq gəzər, bütlərə yaxınlaşmazdı. Bu, onun ən çox nifrət etdiyi mərasim idi. Bütlərə o qədər nifrət edərdi ki, Lat və Uzzaya and içiləndə səbir edə bilmirdi. ((Bax; İbn Hişam 1/128, “Tarix ət-Təbəri” 2/161, “Təhzib tarixi Diməşq” 1/373-376.))

Şübhə yoxdur ki, Allah onu həyatı boyu bütün bəlalardan və çirkinliklərdən qorumuşdur. Səhvlər etdiyi və ya dünyanın ləzzətinə bağlandığı bəzi hallarda Allah onu doğru yola istiqamətləndirmişdir. Xoşa gəlməyən vərdişləri etdiyi zaman, rəbbani nida onu sapmağa qoymurdu. Rəsulullah (s) buyurur: “Cahiliyyə dövrünün camaatının etdiklərinə fikir vermirdim. Allah məni bütün bunlardan ayırır, onların etdiklərini etməkdə mənə mane olurdu. Bir gecə Məkkənin dağ yamaclarında bir yerdə qoyunları otardığım oğlana dedim: “Mənim qoyunlarıma baxsaydın, Məkkəyə düşüb cavanların etdiyi kimi gecəni dolaşardım”. O, buna razı oldu. Məkkəyə girdiyimdə birinci evdə toy səsi eşitdim. Mən dedim: “Bu nədir?” Mənə dedilər: “Bu, fılankəslə fılankəsin toyudur”. Oturub onlara qulaq asdım. Sanki, Allah mənim qulaqlarıma vurdu. Mən yatdım. Günəşin istisi məni ayıldana kimi yatdım. Sonra dostumun yanına getdim. O, olanlar barəsində məndən soruşdu, mən də cavab verdim. Başqa bir gecə də əvvəlki kimi Məkkəyə endim və başıma eyni hadisə gəldi. Sonra bir daha belə şeylərlə maraqlanmadım.” ((Hədisi Təbəri rəvayət etmişdir, 2/279. Hakim və Zəhəbi onu səhih adlandırmışlar. İbn Kəsir isə hədisin zəif olduğunu qeyd etmişdir. “Bidəyə van-Nihəyə” 2/287.))

Peyğəmbər (s) öz qövmü arasında gözəl əxlaqı, gülər üzü, xeyirxahlığı, əhdinə vəfalılığı və doğruluğu ilə seçilirdi. O, (s) camaatın sonsuz inamını qazanmışdı. Bütün bu xüsusiyyətlərin onda cəm olmasına görə camaat ona Əmin adı vermişdi. Möminlərin anası Xədicənin də dediyi kimi, acizin əlindən tutar, kimsəsizə sığınacaq verər, qonağa ikram edər, haqqı tapdalanmışlara kömək edərdi. ((“Səhih Buxari” hədis; 3. c.))

Orijinaldan tərcümə edən: Tural Sadıqlı

Mənbə: din.az (26/01/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.