Müsəlmanlar

Nahaq yerə alınan malı qaytarmaq üçün rüşvət vermək günahdır?

Sual: Bizim bir torpaq sahəmiz var idi. Bələdiyyə həmin ərazini nahaq yerə “yaşıl sahə” elan etdi. Torpaq əlimizdən çıxdı. Bir tikinti şirkəti onu qaytarmaq üçün bələdiyyəyə müraciət etdi. Müsbət nəticə alındı. Amma bələdiyyə bunun müqabilində qeyri-qanuni olan bir məbləğ tələb etdi. Tikinti şirkəti isə bizə: “Siz bu pulu verib torpağınızı qaytarmaq istəyirsiniz, yoxsa hamısını itirmək?”, - dedi. Sualım budur: İndi biz öz mülkümüz olan torpaq sahəsini qaytarmaq üçün bələdiyyədəki şəxslərə pul versək, günah olar? Xahiş edirəm, bu məsələni izah edin.

Cavab: Quranın rüşvətlə əlaqədar ayəsi aşağıdakı kimidir:

“İnsanların mallarının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün o mallarla hakimlərə (səlahiyyətli şəxslər) müraciət etməyin!” (Bəqərə, 2/188)

Rüşvət Ərəb dilində “rişa” kökündən əmələ gəlmiş bir sözdür. Rişanın mənası ip deməkdir. Rüşvət ipi vedrəyə bağlayıb su götürmək üçün quyuya sallamağa oxşayır. Rüşvət alan vedrə kimidir. Rüşvət verən isə ondan istifadə etməklə haqqı olmayan bir şeyi əldə edir. Yuxarıdakı ayəyə əsasən rüşvət məsələsində 2 mühüm məqam var:

1) Başqasına aid olan bir şeyi bilə-bilə nahaq yerə yemək məqsədi.

2) Bu məqsədə çatmaq üçün səlahiyyətli şəxslərə bir şey vermək.

Hər iki hal rüşvətdir və haramdır.

Lakin, bəzi hallarda, məsələn; Bir şəxs öz haqqını almaq üçün səlahiyyətli şəxsə bir şey versə, baxmaq lazımdır: Əgər səlahiyyətli şəxs heç bir şey ummadan-gözləmədən görməli olduğu işi görübsə, ona verilən şey hədiyyə hökmündə hesab edilir. Yox əgər, öz vəzifəsini haqqı olmayan bir malı almaq şərti ilə yerinə yetiribsə, həmin mal alan üçün rüşvətdir; amma verən üçün rüşvət deyil. Çünki rüşvət verən özünün olan bir haqqı almaq üçün rüşvət verməyə məcbur olmuşdur.

Misal üçün, ev tikmək üçün lazımi işlərin hamısını gördüyü halda müvafiq orqandan haqqı olan icazəni ala bilməyən şəxs rüşvət verməyə məcbur qalsa, ona deyil, rüşvəti alana haram olur. Lakin başqasının haqqını almaq üçün rüşvət verirsə, bu, hər ikisinə də haramdır.

Odur ki, siz qeyri-qanuni formada əlinizdən alındığını irəli sürdüyünüz torpağınızı qaytarmaq üçün istəmədiyiniz halda pul verməyə məcbur qalsanız, bu, qarşı tərəf üçün haramdır. Ancaq siz günaha batmırsınız.

Rüşvət barədə bir başqa sual-cavaba buradan baxa bilərsiz: http://www.muselmanlar.com/fitvalar/4514.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.